Bakı Avropa Oyunları Parkı
Avropa Oyunları Parkı 2015-ci il mayın 13-də istifadəyə verilib. Bu idman parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektardır, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır.
Avropa Oyunları Parkında yerləşən su polosu yarışları kompleksindəki funksional otaqlar ən yüksək standartlar səviyyəsindədir. Burada iclas və məlumat otaqları, kafe və VIP sahələr də mövcuddur. Kompleksdə beynəlxalq tələblər səviyyəsində 1836 və 560 tamaşaçı yeri olan iki üzgüçülük hovuzu inşa edilib. Burada tənzimləyici su hovuzu da yaradılıb.
Su polosu yarışları kompleksi ilə çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksi arasında ikimərtəbəli funksional keçid inşa olunub.
Avropa Oyunları Parkının basketbol kompleksi də beynəlxalq standartlara uyğun qurulub. Burada basketbolun 3x3 növü ilə məşğul olmaq üçün əlverişli şərait var. Final yarışları üçün nəzərdə tutulan, eni 11, uzunluğu 15 metr olan meydançada 2008 nəfərlik tribuna quraşdırılıb. Bundan başqa, kompleksdəki üç meydança da idmançıların ixtiyarına verilib. Onların hər biri 376 tamaşaçı tutumuna malikdir. Parkın çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksində idmanın bu növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksdə final yarışları üçün 2931 tamaşaçı tutumu olan meydança, hər biri 302 tamaşaçı yerinə malik üç adi və iki məşq meydançası var.