Bakı “Su İdman Sarayı”
Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən Su İdmanı Sarayı 2015-ci il aprelin 20-də istifadəyə verilib. 6 hektarlıq ərazidə yerləşən bu idman mərkəzinin ümumi sahəsi 72 min kvadratmetrdir və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç hovuz inşa edilib. Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan əsas hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq yarışlar üçün nəzərdə tutulub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün inşa edilmiş üzgüçülük hovuzunun uzunluğu 51, eni 20 metrdir. Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə bilər. Bundan əlavə, sarayda 150 yerlik restoran, VVIP, VIP, əlil tamaşaçılar və media bölmələri inşa olunub. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes - akrobatika, ağır atletika zalları mövcuddur. Dam örtüyünün bir hissəsində “SKY LIGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda, günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir.