Azərbaycan gənclərinin ölkə hüdudlarından kənarda keçirilən beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi ilə bağlı Qaydaları
1. Bu Qaydalar Azərbaycan gənclərinin ölkə hüdudlarından kənarda keçirilən beynəlxalq tədbirlərdə iştirakının Gənclər və İdman Nazirliyi tərəfindən təmin edilməsi şərtlərini müəyyən edir.
2. Gənclərin beynəlxalq tədbirlərdə iştirakı "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onların şəxsi müraciətinə, təhsil aldıqları və ya çalışdıqları müəssisələrin, üzv olduqları qeyri-hökumət təşkilatların, birlik və ittifaqların və aidiyyəti dövlət qurumların müraciətinə, gənclər siyasəti sahəsində mövcud olan ikitərəfli və çoxtərəfli sənədlərə əsasən təmin edilir.
3. Gənclərin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı müraciətlər tədbirin keçirilmə tarixindən ən azı 45 gün əvvəl edilir.
4. Beynəlxalq tədbirdə iştirak ilə bağlı aşağıdakı sənədlər təqdim olunur:
4.1. Beynəlxalq tədbirdə iştirakla bağlı müraciət məktubu
4.2. Təhsil aldığı / çalışdığı müəssisənin və ya üzv olduğu qeyri-hökumət təşkilatının, birlik və ittifaqın rəhbərliyi tərəfindən təsdiq edilmiş dəstək məktubu
4.3. Motivasiya (əsaslandırma) məktubu
4.4. Beynəlxalq tədbirin rəsmi dəvət məktubu
4.5. Doldurulmuş anket forması (nümunə əlavə olunur)
4.6. Müraciət edən şəxs elmi konfrans və ya simpoziumda iştirak edəcəksə, tədbirdə edəcəyi çıxışın qısa tezislərin (tədbirin işçi dilində).
4.7. Ümumvətəndaş pasportu və şəxsiyyəti təsdiq edən sənədin surəti
4.8. Hesablaşma aparmaq üçün bankda şəxsi hesabın rekvizitləri.
5. Bu Qaydaların 4.1., 4.2., 4.3., 4.4., 4.6., 4.8. maddələrində qeyd edilən tələblər Gənclər və İdman Nazirliyi tərəfindən formalaşdırılan nümayəndə heyətinin üzvlərinə və Nazirliyin təşəbbüsü ilə ezam olunan şəxsə şamil edilmir.
6. Müraciətin təmin edilməsi üçün aşağıdakı inzibati proseduralar həyata keçirilir:
6.1. Müraciət daxil olduqdan sonra sənədlərin yoxlanılması (zərurət olduğu hallarda əlavə sənədlər və məlumatlar tələb oluna bilər)
6.2. Müraciət edən şəxsin müsahibəyə dəvət edilməsi
6.3. Müsahibənin nəticələri barədə vətəndaşın məlumatlandırılması
6.4. Müsahibənin nəticəsinə əsasən sənədləşmə işinin aparılması
6.5. Səfər bitdikdən sonra müraciət edən şəxs tərəfindən 3 gün müddətində maliyyə və yazılı (təsviri) hesabatın dövlət orqanına təqdim olunması
6.6. Səfər haqqında məlumatların yerli mətbuatda yerləşdirilməsi (lazım olduğu təqdirdə).
7. Aşağıdakı hallarda müraciətin təmin edilməsi dayandırılır və ya ondan imtina edilir:
7.1. Müraciət bu Qaydaların 3-cü maddəsində qeyd edilən müddətdən gec daxil olduqda
7.2. Müraciət edən şəxsin sənədləri bu Qaydaların tələblərinə cavab vermədikdə
7.3. Müraciət edən şəxsin yaşı 14-dən az və ya 29-dan çox olduqda
7.4. Müraciətdə qeyd olunan tədbir dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olmadıqda
7.5. Müraciətdə qeyd olunan əlaqə vasitələri ilə müraciət edən səxslə əlaqə saxlamaq mümkün olmadıqda
7.6. Müraciət edən şəxs öz istəyi ilə xidmətdən imtina etdikdə və ya fors major (müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və ya hökumət qərarları və s.) hallar baş verdikdə