Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli, 697 nömrəli Fərmanının 1-ci bəndinin 4-cü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlәrindәn istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 26 noyabr 2002-ci il
№ 187
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli, 187 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi
və idman obyektlərindən istifadə
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə etməsi bu Qaydalarla tənzimlənir.
Dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərinin rəhbərləri gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün şərait yaradırlar. Onlar gənclərin bədən tərbiyəsi və idman obyektlərində bədən tərbiyəsi – sağlamlıqla məşğul olması üçün idman növləri üzrə qrupların yaradılmasını təmin edirlər.
Dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərinin rəhbərliyi, təşkilatlar, müəssisələr, idarələr, idman klubları, idman cəmiyyətləri gənclərin məşğulluğu üçün ayrılan vaxtda ümumi fiziki hazırlıq, "Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü, atletik və ritmik gimnastika, sağlamlıq qaçışı və yerişi, üzgüçülük, həmçinin ayrı-ayrı idman növləri üzrə fərdi və qrup məşğələlərini təşkil edirlər.
II. GƏNCLƏRİN BƏDƏN TƏRBİYƏSİ-SAĞLAMLIQ İŞİNİN TƏŞKİLİ
Dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərinin rəhbərliyi gənclərin bədən tərbiyəsi-sağlamlıq qruplarında və ya fərdi məşğulluğunu təşkil etmək məqsədi ilə təlim-tədris prosesinin keçirilməsi üçün idman obyektinin avadanlıq və idman ləvazimatı ilə təchiz olunmasını təmin edir.
Dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərində gənclərin bədən tərbiyəsi-sağlamlıqla məşğulluğunun təmin olunması, onlarda sağlam həyat tərzinin aşlanması, vətənin müdafiəsinə fiziki cəhətdən hazır olması üçün qruplara cəlb olunması bədən tərbiyəsi və idman obyektinin rəhbərliyi və müəssisələr, idarələr, təşkilatlar, idman cəmiyyətləri, bədən tərbiyəsi kollektivləri tərəfindən həyata keçirilir.
Həkim müayinəsindən keçirdikdən və sağlamlığı haqqında arayışı obyektin rəhbərliyinə təqdim etdikdən sonra bədən tərbiyəsi-sağlamlıq qruplarında və ya fərdi məşğul olmaq istəyən gənclərə bədən tərbiyəsi və idman obyektlərindən istifadə etməyə icazə verilir.
Bədən tərbiyəsi-sağlamlıq qrupları gənclərin cinsi, yaş həddi, sağlamlıq və fiziki hazırlıq səviyyəsi nəzərə alınmaqla komplektləşir. Bir qrupun tərkibi 20 - 25 nəfərdən ibarət olur. Sağlamlıq imkanları məhdud və fiziki hazırlığı zəif olan gənclər üçün qruplarda məşğul olanların sayı 12 - 15 nəfər ola bilər.
Bədən tərbiyəsi-sağlamlıq qruplarında və fərdi məşğul olanlarla məşğələlər tədris planına və cədvələ əsasən həftədə 2 – 3 dəfə olmaqla il boyu keçirilir.
Qruplarda və fərdi məşğul olanların fiziki hazırlığını və yaş həddini nəzərə almaqla, təlim məşğələləri 45 – 90 dəqiqə davam edə bilər.
Bədən tərbiyəsi-sağlamlıq qruplarında və fərdi məşğul olanlara aid tədris planında nəzərdə tutulmuş təlim məqsədlərini aparan məşqçi-müəllimlər ali, orta ixtisas təhsilli və ya məşqçi-müəllim işinin aparılmasına icazə verən müvafiq kurslar keçmiş bədən tərbiyəsi mütəxəssisi olmalıdırlar.
III. BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN QRUPLARINDAN DAXİL OLAN VƏSAİT
Bədən tərbiyəsi-sağlamlıq qruplarının maliyyələşməsi məşğul olan gənclərin ödədikləri vəsaitin hesabına həyata keçirilir.
Dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərinin rəhbərləri qruplardan və fərdi məşğul olanlar tərəfindən əldə olunan vəsaitin mədaxil və məxaric xərclər smetasını tərtib və təsdiq edir.
Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərində məşğul olması üçün ödəniş haqqı qanunvericiliyə uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilir. Gənclər və İdman Nazirliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadəsi üçün güzəştli ödəniş haqqı tətbiq edə bilər. [1]
Məşğələlərdə iştirak edənlərdən daxil olan vəsaitlər, nəzdində bədən tərbiyəsi-sağlamlıq qrupları yaradılmış idman təşkilatlarının və idarələrinin kassalarına mədaxil olunur.
Bədən tərbiyəsi və idman obyektlərindən istifadə haqqı qruplarda məşğul olanlar tərəfindən aylıq və yaxud rüblük haqq şəklində hər ayın və ya rübün başlanmasına 10 gün qalmış ödənilir. Üzrlü səbəb olmadan məşğələləri buraxdıqda, habelə məşğul olanın qrupdan çıxdığı zaman ödənilmiş vəsait geri qaytarılmır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)
- 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
- 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydaları”nın III bölməsinin üçüncü abzasında “Gənclər, İdman və Turizm” sözləri “Gənclər və İdman” sözləri ilə əvəz edilmişdir.
14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydaları”nın III hissəsinin üçüncü abzasının birinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108) ilə “Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydaları”nın III hissəsinin üçüncü abzasının birinci cümləsindən “və Sənaye” sözləri çıxarılmışdır.