
“İdman.biz" portalının təqdimat mərasimi keçirilib
Sentyabrın 26-da Trend Beynəlxalq İnformasiya Agentliyinin yeni layihəsi olan “idman.biz" portalının təqdimat mərasimi keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ADBTİA-nın rektoru Fuad Hacıyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdulla, Trend Beynəlxalq İnformasiya Agentliyinin rəhbəri İlqar Hüseynov, Olimpiya və Dünya çempionları, idman ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Mərasimdə “idman.biz" saytı haqqında videoçarx nümayiş olunub. Sayt haqqında məlumat verildikdən sonra, işçi heyəti qonaqlara təqdim olunub. Bildirilib ki, portalda bütün idman növləri haqqında məlumat veriləcək. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. “İdman.biz” saytında çıxan xəbərlər paralel olaraq "Facebook", "İnstaqram", "Teleqram" və digər sosial şəbəkə hesablarında paylaşılacaq. Saytın multimedia bölməsi də fəaliyyət göstərəcək.