Xəbərlər
Dərc edilib:22.07.2021 10:00
Baxışlar:137

22 İyul - Uğura aparan yol!

Bu gün Azərbaycan milli mətbuatının 146-cı ildönümü tamam olur.  Təsisçi və baş redaktor Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul - ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Tarixə nəzər salsaq qörərik ki, zəngin ənənələrə malik olan milli mətbuatımız mürəkkəb, lakin şərəfli inkişaf yolu keçib.

        1875-1877-ci illər ərzində fəaliyyət göstərən “Əkinçi” qəzetin 56 nömrəsi işıq üzü görüb və bütün Qafqazda əks-səda doğurub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, lakin Çar Rusiyasının hakim dairələrini narahat edib və iki ilə fəaliyyəti dayandırılıb.

        Azərbaycan mətbuatının ilki "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib: "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. Sonra isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar.

        Nəticədə, "Molla Nəsrəddin" (1906), "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan" (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb.

       1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyavi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli mətbuatın inkişafında ikinci mühüm mərhələ başlanıb. Cümhuriyyyətin 23 aylıq fəaliyyəti dövründə söz, fikir, mətbuat azadlıqlarının inkişafı istiqamətində müəyyən addımlar atıldı, "Mətbuat haqqında Nizamnamə" qəbul edildi. 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti "Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri"nin nəşri haqqında qərar qəbul etdi. Həftədə iki dəfə nəşr olunan hökumət xəbərlərində əsasən rəsmi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi.

 Azərbaycan mətbuatının üçüncü mühüm dövrü sovet hakimiyyəti illərinə təsadüf edir.  Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra Respublikada müstəqil və demokratik mətbuat ənənələrinə, demək olar ki, son qoyuldu. Xalq Kommisarlığı Soveti 2 ay ərzində 90-dan çox qəzetin fəaliyyətini dayandırdı və nəticədə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan "Qlavlit" yarandı, həmin quruma mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti də verilmişdi. Nəhayət, Ümummilli Lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtdan etibarən mətbuata ideoloji basqılar azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən Respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi,cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. 

        Demək olar ki, jurnalistikamızın inkişafında dördüncü mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsaddüf edir. Etiraf etməliyikik ki, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər.

Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-qtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə, ciddi maneələr yaradırdı. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.

 Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə başlandı, Azərbaycanın xilaskarı Heydər Əliyev qayıdışı ilə Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi və bu hadisə nəticə etibarilə milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi oldu. Həmin dövrdən Respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə şərait yaradıldı.

 Ümummilli Lider Heydər Əliyev, demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, social ədalət prinsipini uca tutan rəhbər kimi, kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, Respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.

 Bütün bunlarla yanaşı, Ümummilli Lider, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı.

Ulu Öndər Heydər Əliyev kütləvi dövlətin informasiya vasitələrinin fəaliyyətinin daha da müstəqilləşməsii, demokratikləşməsi istiqamətində apardığı siyasətin hüquq islahatlarının ayrılmaz hissəsi olduğunu vurğulamış, bu sahədə qarşıda duran vəzifələrdən dəfələrlə fikirlərini bildirmişdir.

 Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik, Demokratik islahatların daha da dərinləşdiyi ölkəyə çevrilmişdir. Mövcud reallıqlar kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında da bir çox yeni vəzifələr qoyur.

 Prezident İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan mediası müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin və tolerantlığın öhkəmləndirilməsində demokratik özünüdərkin inkişafında, milli mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində daha təsirli rol oynamalı, qlobal informasiya məkanının, müasir informasiya – kommunikasiya texnologiyalarının yaratdığı, imkanlardan səmərəli istifadə edərək fəaliyyət sahəsini genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır.

Eyni zamanda, öz tarixi dəyərlərini, jurnalistikada “Əkinçi” ənənələrini yaşadaraq, peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərini rəhbər tutmalıdır.

 Ölkəmizin başçısı İlham Əliyev azad sözün hamisidir: “Doğrudan da böyük əlamətdar bir tarixdir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə dəfələrlə danışmışıq, xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.”

Prezidentimiz İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətəndirilməsi istiqamətində atdığı addımlarla öz mövqeyini təsdiq edib.

Bugünkü mətbuat, dövlətin iqtisadi imkanlarına və ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. 

Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi, mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir və Prezidentimiz mətbuata qayğısı ilə jurnalistlərin dostu olduğu halda, Azərbaycan mətbuatı inkişaf yolundadır.

Bu gün Azərbaycanda idman jurnalistikası ölkə jurnalistikamızın digər sahələrində olduğu kimi uğurları çoxdur.

Mətbuatın önəmli qollarından sayılan idman jurnalistikasının 90 illik tarixi var və bu gün kifayət qədər peşəkarların çalışdığı, müəyyən mənada idman jurnalistikasının cəlbediciliyi müşahidə olunur.

Məlum məsələdir ki, ölkədə müxtəlif idman sahələrində populyarlığının qazanması idman jurnalistikasının inkişafı ilə bağlıdır. İndiyə qədər ölkəmizdə keçirilən Avropa, İslam Oyunlarının və digər idman turnirlərinin operativ şəkildə tamaşaçıların və oxucuların nəzərinə çatdırılmasında idman jurnalistlərinin böyük əməyi olub. Bir məqamı da xatırladaq ki, internet saytları meydana çıxana qədər Azərbaycanda 11 idman qəzeti fəaliyyət göstərib. Həmin mətbu orqanlarda Azərbaycan və rus dillərində yazan bir neçə peşəkar idman jurnalistləri çalışıb. 

Bu gün idmanla bağlı xüsusi qəzetlər, jurnallar, portallar və TV-lər fəaliyyət göstərir. İdman jurnalistikası ayrıca ixtisas kimi tədris olunur. Həm də əhalinin sayına və idmanın səviyyəsinə görə kifayət qədər idman mətbuatı nəşr olunur. Hətta bəzi ekspertlərin fikrincə, digər jurnalistika sahələri ilə müqayisədə idman jurnalistikası xeyli öndədir.

 

Natavan Rüstəmova

Suraxanı Gənclər Evinin direktoru