Azad Rəhimov: “Rusiyada olan hər bir Azərbaycanlı vətəndaşın bu ölkəyə adaptasiya edib, yaşadıqları dövlətin dilini, adət ənənələrini bilib, hörmətlə yanaşmaları çox böyük önəm daşıyır.”
Gənclər və İdman naziri Azad Rəhimov Rusiyanın 24-cü və Yekaterenburq vilayətində yayımlanan kanal üçün hazırlanan “Azərbaycana yol” verilişinin çəkilişi məqsədi ilə ölkəmizdə səfərdə olan jurnalistlərə müsahibə verib.
İlk olaraq nazir gənclər və idman nazirliyinin tarixi, gənclər və idman sahəsində bu günədək görülən işlər, “2011-2015-ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramı”, “Gənclər haqqında Qanun” və digər mövzulardan danışdı. Eyni zamanda Azad Rəhimov gənclərin məşğulluğu ilə bağlı keçirilən sərgilər, “Karyera mərkəzləri” haqda, gənclər üçün gerçəkləşdirilən layihələr, ölkədə fəaliyyət göstərən 200-dən artıq gənclər təşkilatlarının müxtəlif istiqamətləri əhatə edən layihələrindən də söz açdı. Azad Rəhimov qeyd etdi ki, bu gün Azərbaycanda 1 milyon qaçqın var. Qaçqın gəncləri cəmiyyətdən ayırmaq olmaz deyən nazir, onlar üçün müxtəlif səpkili layihələrin həyata keçirildiyini, istedadlı gənclərin üzə çıxmaları üçün müxtəlif müsabiqələrin gerçəkləşdirildiyini bildirdi.
Azad Rəhimov eyni zamanda nazirliyin gənclər sahəsində həyata keçirdiyi beynəlxalq layihələr barəsində də məlumat verdi. Rusiyada fəaliyyət göstərən “AMOR” təşkilatı, bu təşkilatın ətrafında birləşən Azərbaycanlı tələbələr, onların Rusiyada gerçəkləşdirdikləri layihələr barədə nazir geniş danışdı.
Təhsil sahəsinə də toxunan Azad Rəhimov dedi: “Bu gün təhsil, savad, kompyuter, dil bilikləri hər bir gəncin inkişafı üçün ən önəmli amillərdən biridir. Bu gün biz, gənclərin məsafədən (distance) təhsil almaları üçün yeni layihələr işləyib hazırlayırıq. ”
Rusiya və Azərbaycan arasında gənclər sahəsində gerçəkləşdirilən layihələrə də toxunan nazir ölkəmizə Rusiyanın gənclər və idman sahəsinə məsul şəxslərinin səfərindən, 2010-cu il tarixində Rusiya Federasiyası Dağıstan Respublikasında Azərbaycan Gənclərinin Günlərinin keçirilməsi, 2010-cu il tarixdə Moskva şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının II Konfransı, 2010-cu il tarixdə “Seliger 2010” Ümumrusiya gənclər təhsil forumu çərçivəsində keçirilən “Biz MDB-nin gələcəyiyik!” layihəsində Azərbaycan gənclərindən ibarət nümayəndə heyətinin iştirakı haqqında məlumat verdi. Nazir eyni zamanda qeyd etdi ki, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi hazırlanıb və müvafiq qaydada dövlət daxilində razılaşdırıldıqdan sonra qarşı tərəfə göndərilmişdir. Bununla yanaşı “Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsi isə müvafiq dövlət orqanları tərəfindən rəy verilməsi üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.
İdmandan da danışan nazir, bu son iki ildə hər iki ölkədə təşkil olunan 20 –yə yaxın müxtəlif idman tədbirlərində idmançıların qarşılıqlı olaraq iştirak etmələrindən bəhs etdi.
Azad Rəhimov: “Hal hazırda biz London olimpiadasına hazırlaşırıq. Əgər Atlantada medallarımızın sayı 1, Sidneydə 3, Afinada 5, Pekində 7 idisə, təbii ki, London Olimpiya oyunlarında minimum 9 olmalıdır. Bu gun biz fəxr hissi ilə ölkəmizdə ilbəil sayı artan Olimpiya İdman Komplksləri (OİK), keçirilən beynəlxalq səviyyəli yarışlar, qazanılan medallar haqda da danışa bilərik.”
Regionlarda tikilən OİK ilə bağlı suala nazir belə cavab verdi ki, bu Ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən ən gözəl siyasətdir. “Məhz Bakı şəhərində idmanın inkişafı üçün çox böyük işləri görüb qurtarandan sonra, regionlarda da bu fəaliyyətə başlamaq olardı. Amma regionlarda da idman infrastrukturunu genişləndirməklə, idmanla məşğul olan gənclərin sayını artırmış olub, daha bötük uğurlar əldə edə bilirik..”
Azad Rəhimov bu gün Azərbaycanda güləş, cüdo, boks evlərinin tikildiyini, gimnastika mərkəzinin, hovuz kompleksinin əsasının qoyulduğunu bildirdi.
Azad Rəhimov: “Azərbaycanda çox güclü güləş, cüdo məktəbi var. Amma əfsuslar olsun ki, güləş, cüdo evi yoxdur. Biz bu istiqamətdə də işlərimizi davam etdiririk.”