Date: 2022 dekabr 06
Source:

Nazirin Nöqteyi-Nəzəri №15

İdman və sağlamlıq

 

Əziz gənclər və idmançılar!

Azərbaycan tarixinə zəfər ayı kimi yazılmış noyabr tədbirlər və uğurlar baxımından əlamətdar oldu. Ötən ay həm gənclər, həm də idman sahələrində daha çox daxili kütləvi tədbirlərin təşkili, xüsusən də regionların bu prosesə aktiv cəlb edilməsi ilə fərqləndi. Doğrudur, beynəlxalq uğurlar da yetərincə oldu. Təkcə onu qeyd etmək kifayətdir ki, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan medalların sayı bu ay ərzində 120-dən çox oldu. Cüdo üzrə “Böyük dəbilqə” turniri, yunan-Roma güləşi üzrə dünya kuboku dünyanın diqqətini Bakıya yönəltdi. Ənənə üzrə qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılarımızla görüşümüz noyabrda da geniş auditoriyanı əhatə etdi. 

İlk dəfə ötən il Zəfər Günü münasibətilə təşkil etdiyimiz “Qələbə qaçışı” bu dəfə fərqli formatda - 3, 5 və 10 km məsafələr üzrə keçirildi. Sevindirici haldır ki, iştirakçıların əksəriyyəti məhz 10 km qaçdılar. Bu da il ərzində keçirilən qaçış tədbirlərinin nəticəsidir ki, uzun məsafəni qaçanlar daha çox oldu. Yağışlı və küləkli hava olmasına baxmayaraq, çox sayda insan həmrəylik nümayiş etdirərək qaçışa qoşuldu. Ötən il başladığımız və Zəfər gününə həsr edilmiş daha bir ənənəvi yarış - "Unutma, YAŞAT!" minifutbol turniri bu il də ciddi rəqabətlə başa çatdı. Güləşçilər ötən il finalda uduzmuşdular. Lakin heyətində Olimpiya və dünya çempionlarının yer aldığı komanda bu dəfə gərgin keçən final mübarizəsində penalti seriyasında taekvondoçulara qalib gələrək turnirin qalibi oldu.

Daha bir yeniliyin əsası bu dəfə regionda - Şəkidə qoyuldu. İlk dəfə keçirilən “İdman festivalı 2022” günlərində Şəki şəhərinə 23 idman növü üzrə 170-dən çox idmançı toplaşdı. Festivalın ilk günlərində Şəki Olimpiya İdman Kompleksində milli rəqs, brek dans, hip-hop, intellektual oyunlar, debat yarışları, hərbi-vətənpərvərlik təlimləri və ilkin tibbi yardım dərsləri keçirildi. Müxtəlif motivasiya məqsədli filmlər nümayiş olundu. Mən və müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev ayrı-ayrı günlərdə gənc idmançılarla tonqal ətrafında görüşüb onların suallarını cavablandırdıq, təkliflərini dinlədik. Növbəti üç gün ərzində isə gənc idmançılar şəhər mərkəzində Şəki və ətraf rayonlardan gələn sakinlər qarşısında öz idman növlərini nümayiş etdirdilər.

Oktyabrda start verdiyimiz Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə də nikbin əhvalda yekun vurduq. 350-dən çox uşağı top ətrafında birləşdirən turnir yeni istedadların üzə çıxması baxımından faydalı oldu. Turnirin mükafatlandırma mərasimində yaşanan təntənə onlar üçün unudulmaz xatirə oldu. Qeyd edim ki, bu turnirdə bütün iştirakçı uşaqlara velosiped təqdim edilməsi hər birinin yarışı sevinclə başa vurmasına səbəb oldu. Tədbirin təşkilinə dəstək verdiyi üçün Bakı Abadlıq Xidmətinə dərin minnətdarlığımı bildirəm.

Bu günlərdə daha bir kütləvi yarışa, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və dövlət qurumları arasında ilk dəfə keçirilən turnirə start verdik. Sevindirici haldır ki, 52 dövlət qurumu yarışda iştirak etmək üçün müraciət etdi. Turnir artıq başlayıb və may ayınadək davam edəcək. 

İdman qurğularının fəaliyyəti də diqqət mərkəzindədir. Ağstafa rayonunda Ağstafa Peyntbol və Atıcılıq Mərkəzinin mövcud vəziyyəti, Qazax Olimpiya İdman Kompleksinin mehmanxana hissəsinin kottec binalarının əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olduq. Bu günlərdə həmçinin nazirliyin strukturuna daxil olan olimpiya idman komplekslərinin, digər idman qurğularının və uşaq-gənclər idman məktəblərinin rəhbərləri ilə görüşüb işin daha səmərəli təşkil edilməsi məsələlərini müzakirə etdik. Bunun üçün də koordinasiyalı fəaliyyət gücləndirilməli və yeni ideyalar üzərində çalışmaq vacibdir. Bu baxımdan sosial media və marketinq xüsusilə önəmlidir. Qeyd edim ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla görüşümüz zamanı da bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman Komplekslərinin mehmanxana potensialından səmərəli istifadənin təmin edilməsi imkanlarını müzakirə etdik.

Ay ərzində bir neçə beynəlxalq görüşlərimiz də oldu. Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vuds və Beynəlxalq Teqbol Federasiyasının prezidenti Qabor Borsanyi ilə görüşlərdə bu idman növlərinin ölkəmizdəki vəziyyəti ilə bağlı fikir mübadiləsi apardıq. Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla, eləcə də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşlərdə isə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdik.

Gənclərimizin Dünya Robot Olimpiadasında 2000-dən çox komanda arasında ilk dəfə olaraq dünya üçüncüsü olması hamımızı qürurlandırdı. Sabunçu Gənclər evini təmsil edən “Platon tech” komandasının üzvləri ilə görüşdük, bu sahədə ilkə imza atan gənclərimizi təbrik etdik. Fikrimcə, robototexnikanın Gənclər evlərində inkişaf etdirilməsi və texnoloji sahədə gənclərin fəaliyyətlərinin dəstəklənməsi bu uğurların davamlı olmasına yol açacaq.

Region gəncləri ilə də bir sıra görüşlərimiz oldu. Şəki şəhərində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının, Mingəçevirdə Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm Kollecinin, Mingəçevir Tibb Kollecinin tələbələri ilə, eləcə də Qazaxda Qazax Bakı Dövlət İniversitetinin Qazax Filialının, Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələri və Tovuzda gənclərlə görüşlər zamanı onları narahat edən məsələləri birlikdə müzakirə etdik. Gənclərin ideya və təklifləri barədə fikir mübadiləsi apardıq. 2022-ci il Gənclər paytaxtı olan Tovuz şəhərində Gənc Sahibkarların III Forumu, Region Gənclərinin Məşğulluq Marafonu, Respublika Gənclər Debat Forumunun finalı və digər tədbirlərdə də gənclərlə görüşlərimiz, maraqlı dialoqlarımız oldu.

Düzgün qurulmuş hər bir işin, fəaliyyətin adekvat nəticəsi var. Bakıda Formula 1 yarışlarının təşkilatçısı olan Bakı Şəhər Halqasının “avtomobilsiz bir gün” təşəbbüsünə qoşulduq. Nazirliyin kollektivi olaraq qərara gəldik ki, şəhərdə daha çox tıxacın müşahidə olunduğu cümə günü işə öz avtomobilimizdən istifadə etmədən, piyada və ya ictimai nəqliyyatla gedək. Sağlam həyat tərzi və ətraf mühiti qorumaq üçün bu olduqca faydalı təşəbbüsdür. Artıq bir çoxlarının bu addımı dəstəkləməsi bizi sevindirir. Hər bir kəsi idman və sağlamlıq naminə bu gözəl təşəbbüsə qoşulmağa, aktiv həyat tərzini seçməyə dəvət edirəm. 


Fərid Qayıbov,
Gənclər və idman naziri