Bakıda “Olimpiya Hərəkatı” proqramının təqdimatı olub

Bu gün Bakıda “Olimpiya Hərəkatı” proqramının təqdimatı olub.“Əsas məqsəd məktəblilərin idmana marağını artırmaq, bütün Bakı məktəblərində 12-17 yaş arası uşaqlarla və onların bədən tərbiyəsi müəllimləri ilə iş aparmaqdır. Məktəblilər arasında yüngül atletika yarışları, bədən tərbiyəsi müəllimləri üçün treninq və seminarlar keçiriləcək”,- deyə Milli Olimpiya Komitəsinin (MOK) Marketinq şöbəsinin müdiri Mehman Kərimov mətbuat konfransında bildirib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, bu məsələdə Təhsil Nazirliyi və “Coca-Cola” şirkəti və yerli federasiyalarla əməkdaşlıq böyük fayda verdi.
“Velosiped idmanı, yüngül atletika, voleybol, basketbol və badminton idman növləri seçilib, çünki bu idman növləri hər hansı xüsusi bacarıq və hazırlıq, eləcə də idman zallarının yaradılmasını tələb etmir”,- deyə o qeyd edib.
“Uşaqlar arasında gələcək çempionu aşkarlamaq çətindir. Biz istedadlı gənclərin aşkarlanması və ilk növbədə gənc nəslin sağlamlığı üçün belə layihələr həyata keçiririk”,- deyə gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq bir sıra tədbirlər, o cümlədən zona tədbirləri keçirilir. “Ölkənin regionlarında 41 Olimpiya kompleksi mövcuddur. Bu gün uşaqları idman növlərinə yazdırmaq çox populyar olub, gimnastika ilə məşğul olmaq istəyənlərin sayı həddindən artıq çoxdur”,- deyə nazir qeyd edib.
O bildirib ki, idmanı dəstəkləmək lazımdır, çünki bu, ilk növbədə sağlam əhalinin yetişdirilməsi deməkdir.
A.Rəhimov Azərbaycanın Avropa və dünya çempionlarının fəal işini xüsusilə qeyd edib.
“Bu gün ölkədə aparılan siyasətdə idmanla məşğul olmaq üçün bütün şəraitin yaradılması xüsusi yer tutur ki, bu da sağlam nəslin yetişdirilməsinə xidmət edir”,- deyə təhsil naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan idman ölkəsi kimi tanınır və bu, yaxşı göstəricidir.
“Bakı məktəblərində idman seksiyaları fəaliyyət göstərəcək, indiyə qədər bu bölmələr məktəbdən kənarda fəaliyyət göstərirdi”,- deyə M.Cabbarlı qeyd edib.
O deyib ki, bu gün təhsil sistemində yaxşı inkişaf etmiş infrastruktur mövcuddur ki, bu da məktəblərdə idmanla məşğul olmağa imkan yaradır.
“Biz bundan sonra da bu layihənin həyata keçirilməsinə dəstək göstərməyə hazırıq və bu layihəni genişləndirməyi təklif edirik”, - deyə nazir əlavə edib.