Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edildi
12-22 may 2017 – ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və Oyunların brendinin təqdimat mərasimi keçirildi.
Premyer.az xəbər verir ki, media nümayəndələri üçün baş tutan mətbuat konfransı zamanı keçirilən təqdimat mərasimində loqonun Azərbaycanlı dizaynerlər qrupu tərəfindən hazırlandığı diqqətə çatdırıldı. Bildirildi ki, loqo İslam dövlətlərinin tarixi, irsi və mədəniyyəti özündə bilrləşdirib.
Yeni Bakı 2017 brendinin əsas mövzusuna gəldikdə isə burada əksər Müsəlman dövlətlərinə xas olan zəngin mədəni ənənənin tərkib hissəsi olaraq, xalçaçılığın müasir təsviri yer alıb. Brenddə İslam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib.
Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.
Bu, İslam mədəniyyətinin və İslam Həmrəyliyi Oyunlarında keçirilən idman tədbirlərinin müasir təsviridir. Qeyd edək ki, dizayn biletlər, uniformalar üzərində əks etdiriləcək və Oyunlarla bağlı satılan əşyalar və məkanlar üçün yenidən təfsir olunacaq.
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, AISGOC-nin baş icraçı direktoru cənab Azad Rəhmiov bildirdi:
"Müasirliyi ilə yanaşı Dünyanın İslam dövlətlərinin zəngin mədəni tarixini özündə əks etdirən Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının yeni brendinin təqdimatını keçirməkdən məmnun olduq. Tarixi, mədəniyyəti, keçmişi və gələcəyi özündə cəmləşdirən brendin oyunların ictimaiyyət tərəfindən daha çox tanınmasında əvəzsiz rol oynayacaq.”
Qeyd edək ki, yeni brend Bakı 2017-nin yenilənmiş rəsmi internet saytının istifadəyə verilməsi çərçivəsində hazırlanmışdır.
Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının yeni brendi ilə daha yaxından tanış olmaq və Oyunlar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı internet saytına daxil olmanız xahiş olunur: www.baku2017.com
Gənclər və idman naziri Azad Rəhimovun "Oyunların başlanmasına 1 il qalmış” press konfransında çıxışı
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Hörmətli media nümayəndələri!
Mən sizin hər birinizi salamlayıram və mətbuat konfransına xoş gəlmisiniz deyirəm.
Bildiyiniz kimi, 2013-cü ilin 24 iyul tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə zamanı 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Qeyd edim ki, 57 üzv ölkənin nümayəndələrinin iştirak etdikləri səsvermədə qərar yekdilliklə qəbul edilmişdi.
Bu gün bizim sizinlə görüşümüz tarixi əhəmiyyət daşıyır. Belə ki, 2017-ci ildə may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının başlamasına məhz bu gündən etibarən 1 il vaxt qalır. Qarşıda duran bu 1 il ərzində bizi İslam Həmrəyliyi İdman Federasiyası ilə birgə olaraq çox vacib və məsuliyyətli işlərin həlli gözləyir.
Bu gün günün birinci yarısında İslam Həmrəyliyi İdman Federasiyasının sayca 3-cü Əlaqələndirmə Komissiyasının iclası keçirildi. İclasda Əlaqələndirmə Komissiyasının və eyni zamanda, İslam Həmrəyliyi oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri iştirak edirdilər.
İclas zamanı son görüşdən ötən vaxt ərzində görülmüş işlər və qarşıda həllini gözləyən məsələlər müzakirə olundu. Qeyd edildi ki, Azərbaycanın böyük idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etmək bacarığı, IV İslam Həmrəyliyi Oyunlarının islam dünyasının ən böyük idman festivalına çevriləcəyinə bir daha əminlik yaradır.
Məlumat üçün bildirim ki, 12 gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların da mübarizəsi gözlənilir.
Xüsusi olaraq diqqətinizə çatdırmaq istərdim ki, bu Oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin də oyunlara daxil edilməsidir.
IV İslam Həmrəylik Oyunları zamanı yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək. Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Xüsusi olaraq vurğulamaq istərdim ki, yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur.
Bildiyiniz kimi, Bakı 2015 Avropa oyunlarının aparıcı qüvvələrindən biri könüllülərimiz idi. Böyük bir könüllü ordusu Avropa oyunlarından İslam Həmrəylik Oyunlarına miras qaldı ki, onlar da bu oyunların araya-ərsəyə gəlməsində böyük rol oynayacaqlar. İlkin hesablamalara görə, Oyunlara təxminən 10 min nəfər könüllü cəlb ediləcəkdir ki, onlar da Azərbaycana təşrif buyuracaq qonaqlara ölkəmizin tanıdacaq, sevdirəcəklər.
Məlumat üçün diqqətinizə çatdırım ki, 13 may tarixdə Bakıda daha bir tədbir keçiriləcək. İslam Həmrəyliyi oyunları ilə əlaqədar olaraq Milli Olimpiya Komitələri üçün açıq iclas baş tutacaq. 39 ölkədən 70-dən artıq nümayəndənin qatıldığı iclasda IV İslam Həmrəyliyi oyunlarına hazırlıq, akkreditasiya, təhlükəsizlik, nəqliyyat və digər əhəmiyyət kəsb edən mövzular müzakirə olunacaq.
Hörmətli tədbir iştirakçıları, IV İslam Həmrəyliyi oyunlarına 1 il qalma tarixi, bu gün eyni zamanda digər əlamətdar hadisə ilə də yadda qalacaq. Belə ki, bu gün sizə və sizin vasitənizlə cəmiyyətə oyunların yeni loqosu və internet saytı təqdim olunacaq. Azərbaycanlılardan ibarət komanda tərəfindən yaradılan loqoda biz ölkəmizin Qobustan tarixini, qədim xalça sənətini, bir sözlə tariximizi dünyaya çatdırmaq istədik. Bir azdan sizin üçün təqdimat mərasimi keçiriləcək.
Hörmətli qonaqlar, sonda mən qarşıda duran bu 1 illik fəaliyyətimizdə hər birimizə uğur, can sağlığı arzu edirəm.
Diqqətiniz üçün minnətdaram!