Azad Rəhimov: “Mən avarçəkənlərimizin çıxışı zamanı unudulmaz duyğular yaşadım”
Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan yığmasının avarçəkənləri ilə görüşüb.
Gün.Az xatırladır ki, avarçəkənlərimiz bu yaxınlarda keçirilmiş dünya çempionatında dörd medal, eləcə də London-2012 Olimpiadasına Valentin Demyanenko və Sergey Bezuqlıy-Maksim Prokopenko cütlüyünün aktivində olan iki olimpiya lisenziyası qazanıblar.
Görüşdə həmçinin Azərbaycan Milli avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov da iştirak edib.
Azad Rəhimov öz nitqinə belə başlayıb: “Mən sizi bu böyük uğur münasibətilə təbrik edirəm. Bu il siz 18 medal qazanmısınız, iki lisenziya əldə etmisiniz. Əvvəllər bizi fərəhləndirməyən idman növündə indi biz böyük sıçrayış görürük. Bu, bir daha göstərir ki, idmanın istənilən bir növünə peşəkarcasına yanaşmaq, daim meydana gələn yenilikləri öyrənmək lazımdır.
Akademik avarçəkənlərimizin uğurlarını gözləyirik. Bakıda da bazanın yaradılması fikri ilə razıyam. Lakin hal-hazırda Bakı bulvarında genişmiqyaslı tikinti işləri aparıldığından, avarçəkmə bazası üçün yer tapmaq çətinləşib. Lakin müəyyən planlarımız var. Ümid edək ki, onları həyata keçirə biləcəyik və Bayıl ərazisində heç olmasa müvəqqəti də olsa, bazamız olacaq. Əgər Mingəçevirdə avarçəkmə ilə bu qədər məşğul olan varsa, görün, Bakıda nə qədər uşaq bu idman növü ilə məşğul olacaq”.
Federasiyanın prezidenti Elçin Zeynalov isə deyilənlərə bunları əlavə etdi:
“Federasiyamız 2007-ci ildə yaradılıb və biz bu qısa vaxt ərzində böyük nailiyyətlər əldə edə bilmişik. Bu il həm böyüklər, həm də gənclər arasında keçirilən yarışlarda 18 medal qazana bilmişik. Keçən il “Kür” bazası açılıb. Bunun da nəticəsində idmançılarımızın şəraiti yaxşılaşıb və yəqin ki, məhz buna görə biz bugünkü uğurları əldə etməyə müvəffəq olmuşuq.
Təəssüf ki, Bakıda baza yoxdur. Ümid edirəm ki, qazandığımız medallar və lisenziyalar paytaxtdakı şəraitin yaxşılaşmasına imkan yaradacaqdır. May ayında keçiriləcək Avropa çempionatında lisenziyalar oynanılacaq. Hələ putyovkaları da qazanmağa çalışacağıq”.
Azərbaycanın baydarka və kanoe üzrə yığmasının baş məşqçisi Aleksandr Kolıbelnikov isə fikrini olduqca qısa ifadə etdi:
“Bu il işlərimizdə axsama olmayıb. Hər şey plan üzrə gedib. Ümid edirəm ki, gələn il də belə olacaq. Biz də öz növbəmizdə gələn il hamını öz uğurlarımızla sevindirməyə çalışacağıq”.