Gənclər və İdman naziri Azad Rəhimovun Azərbaycan Respublikası Gənclərinin VII Forumunda çıxışı
Hörmətli forum iştirakçıları!
Dəyərli qonaqlar!
Əziz gənclər!
Bu gün biz müstəqil Azərbaycan gənclərinin növbəti ali toplantısına yığışmışıq. Mən Azərbaycan Respublikası Gənclərinin 7-ci Forumunun işə başlaması münasibəti ilə forum iştirakçılarını və bütün Azərbaycan gəncliyini təbrik edirəm.
Hamınız yaxşı bilirsiniz ki, Azərbaycan gənclərinin ilk Forumu 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmişdir. O zaman zalda toplaşmış gəncləri diqqətlə dinləyən və hər bir problem, rəy və təklifə önəm verən Ulu öndər, bununla ölkəmizdə həyata keçirilən gənclər siyasətinin yerini və rolunu göstərmişdir. Onun çıxışı Azərbaycanın gələcəyindən xəbər verərək, gənclər siyasətinin hədəflərini və vəzifələrini müəyyən etdi. Bu gün fəxrlə demək lazımdır ki, göstərilmiş inkişaf istiqamətləri nəinki 20 il bundan əvvəlki dövr üçün, hətta bu günümüz üçün aktual olmuşdur.
XXI əsr bütün hadisələrin, prioritetlərin və beynəlxalq vəziyyətin böyük sürətlə dəyişilməsi ilə seçilir. Lakin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlət gənclər siyasəti bu çağırışlara çox adekvat və deyərdim ki, qabaqlayıcı cavablar verir. Bu siyasət ardıcıl, davamlı və planlı şəkildə aparılır. Hazırda ölkəmizdə 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı uğurla həyata keçirilir. Bunun 4 əsas səbəbi var:
Birincisi, ölkə Prezidentinin siyasi dəstəyi və iradəsi.
İkincisi, Proqram bundan əvvəl aparılmış işlərə, əldə edilmiş nəticələrə arxalanıb. Belə demək olar ki, biz hamımız birlikdə artıq binanın bünövrəsini deyil, növbəti mərtəbəsini tikirik.
Üçüncüsü, Proqramın həm hazırlanmasında, həm də onun icrasında gənclər özü çox fəal iştirak edir. Təkçə onu demək kifayədir ki, 2012-2013-cü illərdə gənclərin QHT-ləri tərəfindən Dövlət Proqramının müvafiq bəndlərini icra etmək üçün 5 qrant müsabiqəsi elan edilmiş, ümumi büdcəsi 11.257.124 manat təşkil edən 327 layihəsi maliyyələşdirilmişdir.
Və, nəhayət, dördüncüsü. Azərbaycan hökuməti 5 illik “Azərbaycan gəncliyi” Dövlət Proqramının həyata keçirilməsinin maliyyə dəstəyini təmin etmişdir - bunun üçün 80 milyon manat vəsait ayırmışdır.
Beləliklə, uğurlu işin əsas formulası təmin edilmişdir: “təcrübəyə əsaslanmaq- maraqlı tərəfin iştirakını təmin etmək – maliyyə dəstəyi”.
VI Forumdan keçən 31 ay ərzində gənclər siyasətinin müxtəlif sahələrini əhatə edən 343 tədbir keçirilmişdir, onlardan 254 ölkə səviyyəli, 89 beynəlxalq tədbir olmuşdur. Onlarda hər il orta hesabla 200 mindən artıq gənc iştirak etmişdir. Bu müddətdə 6 mindən çox gənc beynəlxalq mübadilədə iştirak etmişdir. Səslənən rəqəmlər yalnız Gənclər və İdman Nazirliyinin fəaliyyətini əks etdirir. Dəstəyimizlə QHT-lər tərəfindən keçirilən tədbirləri də nəzərə alsaq orta hesbla il ərzində 300-dən çox tədbirin keçirilməsini qeyd etmək lazımdır.
Ötən dövrdə Dövlət Proqramının icrası nəticəsində gənclər siyasətinin normativ hüquqi bazası təkmilləşdirilmişdir. 2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Gənclər Fondu təsis edilmişdir. Fondun yaranması gənclərin ictimai təşəbbüslərinin artırılması sahəsində xüsusi rolu olmuşdur. Qısa müddət ərzində Gənclər Fondunda qrant müsabiqələrinin keçirilməsi üçün aydın, şəffaf, operativ idarəetmə və qiymətləndirmə sistemi yaradılmışdır.
2 iyul 2013-cü il tarixində Prezident tərəfindən imzalanmış Fərmanla "Gənclər üçün Prezident Mükafatı" təsis edilmişdir və 2014-cü ilin 1 fevral tarixli Sərəncamı ilə hər biri 10 min manat olmaqla 6 Mükafat elm, təhsil, mədəniyyət və ictimai fəaliyyət sahəsində xüsusi nailiyyətləri olan ilk laureatlarına təqdim edilmişdir.
Gənclərin idarəetmədə fəal iştirakını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 iyun 2012-ci il tarixli Qərarı ilə “Gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması ilə bağlı Əsasnamə” təsdiq edilmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış məlumat bankına daxil edilmək üçün aidiyyəti dövlət orqanları tərəfindən 283 nəfər haqqında məlumat daxil edilmişdir.
İstedadlı və yaradıcı gənclərə göstərilən dövlət qayğısının səmərəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 noyabr 2013-cü il tarixli Qərarı ilə "Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları" təsdiq edilmişdir.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramlarının icrası ilə əlaqədar Mingəçevir və Naxçıvan şəhərlərində, Bakı şəhərinin Sabunçu, Suraxanı və Xəzər rayonlarında “Gənclər evi" tikilib istifadəyə verilmişdir. Gənclərin məlumatlandırılması, inkişafı, asudə vaxtının təmin edilməsi, sosial dəstəyin göstərilməsi və s. fəaliyyətləri həyata keçirən bu qurumlar yeni tipli sosial xidmətlər göstərilməsində ixtisaslaşan müəssisələrdir. Bütövlükdə ölkədə 28 belə sosial xidmət müəssisəsi istifadəyə verilib.
Gənclərlə işin effektiv təşkili üçün onların vəziyyətini, tələbatını, gözləntilərini və davranışını öyrənmək vacibdir. Ötən Forumdan keçən dövrdə Gənclər və İdman Nazirliyinin sifarişi ilə bir neçə sosioloju sorğu keçirilib. Bu sırada "Gənclərin vətəndaşlıq və vətənpərvərli tərbiyəsi", "Azərbaycan gənclərin sosio-kultural davranışına dair tədqiqat ", "Gənclərin peşə mobilliyinə dair tədqiqat" və UNİCEF-lə birgə “Yeniyetmə və gənclərin vəziyyətinə dair sorğu”su keçirilmişdir.
Hörmətli Forum iştirakçıları!
Azərbaycanın bugünkü gəncləri - müstəqilliyimizin yaşıdlarıdır. Yeni nəslin dünyagörüşü, məqsədləri, maraqları, ictimai fəallığı, təhsil səviyyəsi onların müstəqil ölkədə formalaşmasını əks etdirir. Müasir gənclərimiz daha yüksək ictimai fəallığı, praqmatizmi, təhsil və iş mobilliyi ilə seçilir. Onlar qloballaşma ilə əlaqədar dəyişiklikləri daha asan qəbul edir, məlumatların əldə edilməsi və paylaşması sahəsində daha çevikdirlər. Bütün bunlar gənclərin vətəndaş və vətənpərvərlik tərbiyəsində nəzərə alınmalıdır.
VI Forumdan keçən dövrdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə yerlərdə 1550-dən artıq müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədi ilə respublikanın 18 rayon və şəhəri üzrə keçirilən təbliğat kampaniyalarında 65 minədək gənc iştirak etmişdir. Ənənvi olaraq keçirilən “Şahin”, “Cəsurlar” və “Sərhəd” hərbi-idman oyunlarına hər il 130 minə yaxın gənc cəlb olunmuşdur. Bu oyunlar sırasına 2012-ci ildə “Gənc xilasedici və yanğınsöndürən” yarışı da əlavə edilmişdir. Hazırda biz bu hərbi oyunların bütün mərhələlərdə daha intizamlı, maraqlı, cəlb edici olması üçün onların qaydalarını təkmilləşdirir, xüsusi geyim və atributlar, fərqlənmə nişanları və s. tətbiq edirik.
Azərbaycanın tarixinin, dövlətçilik ənənələrinin öyrənilməsi, gənclərdə dövlət rəmzlərinə hörmət hissinin yüksəldilməsi məqsədi ilə müxtəlif tədbirlər təşkil edilmişdir. 2013-cü ildə Bayraq Gününə həsr edilmiş "Bayraq Festivalında" təkçə Bakıda 6000-dən artıq gənc möhtəşəm flaşmob-da iştirak etmişlər. Gənclər və İdman Nazirliyinin dəstəklədiyi “Mən Azərbaycanlıyam” adlı bilik yarışması, “Müasir Azərbaycan Gənci”, “Çağırarsa Vətən” və digər telelayihələri yüz minlərlə gənci əhatə etmişdir.
“Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılmış, müasir kommunikasiya imkanlardan istafadə etməklə gənclər davamlı olaraq Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırırlar.
Gənclərin Azərbaycan tarixinin müəyyən dövrünün yeniyetmə və gənclər arasında öyrənilməsinə virtual imkanların yaradılması məqsədilə “İşğal altında”, “İşğal altında - Ağdam” və "Odlar Yurdu" adlı kompyuter oyunları hazırlanmışdır.
Diyarşünaslığın inkişafı və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə 2012-2013-cü illərdə respublikanın 7 rayon və şəhərində (Lənkəran və Şəki şəhərləri, Quba, İsmayıllı, Qax, Göygöl və Xaçmazda) təşkil edilən “Azərbaycan-doğma diyarımdır” adlı vətənpərvərlik yay-istirahət düşərgələrində 5000-dən artıq gəncin iştirakı təmin edilmişdir.
Ölkənin istedadlı və yaradıcı gənclərinə ünvanlı və səmərəli dövlət dəstəyi artmışdır. Hesabat dövründə mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, ustad dərsləri, sənətə baxış kimi tədbirlər həyata keçirilmişdir. Bu baxımdan ən uğurlu layihələrdən biri "İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı" olmuşdur. Bir həftə davam edən Toplantı çərçivəsində müxtəlif yaradıcılıq sahələri üzrə iclaslar, yerli və xarici mütəxəssislərin iştirakı ilə teatr, kino, ədəbiyyat, foto, moda, rəqs, musiqi sahələri üzrə ustad dərsləri, “Gənc istedad” təsviri sənət müsabiqəsi, “Start” Beynəlxalq Film Festivalı, gənc ifaçıların yaradıcılıq axşamları və sair tədbirlər təşkil edilmişdir.
Son 3 il ərzində xarici ölkələrə ezam olunan yaradıcı gənclər "Vostoçnıy Bazar" beynəlxalq televiziya musiqi müsabiqəsi (2013, Sudak), "Sanremo Junior" IV Beynəlxalq Uşaq Musiqi Müsabiqəsi (2013, Sanremo), "Citta di Piove di Sacco VII Beynəlxalq Musiqi Müsabiqəsi (2014, Padova), Gənclər üçün İlk Açıq Avropa Delfi Oyunları (2014, Volqoqrad) kimi beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmiş, ölkəyə qələbə ilə qayıtmışdırlar.
Bildiyiniz kimi, biz yenidən Şən və Hazırcavablar Klubuna (ŞHK) dəstək göstərməklə, onların əsas liqada yer almasını məqsəd qoymuşuq. "Start" Mərkəzi Voronej ŞHK Liqasında (2014, Voronej) "Bakı yığması" komandası uğurla çıxış edərək, həmin liqanın çempionu adını qazanmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda yarış keçirilmiş və bu ildən başlayaraq Bakı Liqası təsis edilmişdir. Televiziya kanallarında gənclərin istedadlarını nümayiş etdirən və maraqlarına cavab verən telelayihələr nümayiş etdirilmişdir. O cümlədən "Böyük səhnə" mahnı müsabiqəsi və "Fort Boyard" əyləncəli yarışları.
Çox sevindirici haldır ki, ölkədə intellektual oyunlar həvəskarlarının sayı artır. Bu bir hərəkata çevrilib. Bu sırada gənclər və yeniyetmələr arasında "Xəmsə" milli intelektual oyunları üzrə məktəblilər və gənclər arasında Azərbaycan Çempionatları, "Xəmsə" üzrə I Dünya Çempionatı, intellektual oyunlar üzrə “Xəzər Kuboku” Bakı Beynəlxalq turnirləri, Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda “Breyn Ring” intellektual oyunu üzrə beynəlxalq turnir keçirilmişdir. Bundan başqa "Xəmsə" Milli İntellektual Oyununun "e-Xəmsə" virtual simulyasiya versiyası hazırlanmış və bununla daha geniş gənclər kütləsi arasında təbliğ edilmişdir.
Qarşıda duran digər vacib hədəf gənclərin elmə marağının və elmi sahədə iştirakının artırılması, gənc alimlərin imkanlarının üzə çıxarılması və elmi fəaliyyətinin stimullaşdırılması olmuşdur. Aparılan işlərin nəticəsidir ki, 2013-cü ildə Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Avropa məkanında yeni çağırışlar: Gənc Alimlərin Beynəlxalq Bakı Forumu"nu keçirilmişdir. Cəmi bir neçə gün bundan əvvəl isə ilk dəfə olaraq Bakıda Dünya Gənc Alimlərinin Beynəlxalq Forumu keçirildi. Forumda 95 ölkədən 400-dək gənc alim, doktorant iştirak etmişdir.
Dövlət Proqramında nəzərdə tutulmuş “Gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi” bəndinin icrası məqsədilə Elmin İnkişafına Dəstək Fondu tərəfindən qrant müsabiqələri təşkil edilir. Hesabat dövründə Gənc alim və mütəxəssislərin 1-ci və 2-ci qrant müsabiqələri keçirilmişdir. Bu müsabiqələrdə ümumi məbləği 996 min manat olan 50 elmi layihə dəstəklənmişdir.
Azərbaycanın yeni nəsli arasında dəqiq və təbii elmlərə marağı artırmaq, bu sahədə onlar arasında geniş rəqabət mühitini yaratmaq və istedadlılara ünvanlı dəstək göstərmək məqsədilə Nazirlik "İstedadların hazırlığı laboratoriyası" layihəsini həyata keçirməyə başlamışdır. Layihədə İKT və digər müasir formalardan - online olimpiada, distant mühazirələr, və s. istifadə etməklə 2013-cü ildə ölkə üzrə 1500 şagird cəlb olunmuşdur.
Gənclərin ictimai fəallığı sahəsində də yaxşı nailiyyətlər əldə edilmişdir. Son 3 ildə 50-dən artıq yeni gənclər təşkilatları dövlət qeydiyyatına alınmışdır. Beynəlxalq təşkilatlarda təmsilçilik və beynəlxalq mübadilələrin genişləndirilməsində gənclər QHT-ləri xüsusilə fəal olmuşlar. Həyata keçirilmiş layihələrin əksəriyyəti “Azərbaycan gəncliyi 2011-2105-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının müvafiq bəndlərinin icrasına yönəlmişdir.
Gənclər təşkilatları ilə iş sahəsində ən əlamətdar hadisə - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gənclər Təşkilatlarının IV sərgisində iştirakı olmuşdur. Ölkə rəhbəri sərgidə gənclər təşkilatlarının fəaliyyəti ilə tanış olmuş və öz tövsiyələrini bildirmişdir.
Bu illərin nəticələrini qısa olaraq belə qiymətləndirmək olar: birincisi, gənclər təşkilatları paytaxt Bakı ilə yanaşı regionlarda da geniş fəaliyyət göstərməyə üstünlük vermişlər. İkincisi, Respublika səviyyəli təşkilatların regionlarda fəaliyyət göstərməsi ilə yanaşı, yerli təşkilatların yaranmasında da nəzərə çarpan artım müşahidə olunmuşdur. Üçüncüsü, gənclər təşkilatlarında müəyyən ixtisaslaşma və bununla bağlı peşəkarlıq artmışdır.
Əziz gənclər!
Yeni nəsil arasında sağlam həyat tərzinin təbliği üçün yeni və daha təsirli metodlar tətbiq edilmişdir: teatr tamaşaları hazırlanmış, kütləvi bədən tərbiyəsi və idman vasitəsilə təbliğat işi gücləndirilmişdir.Bu işdə Olimpiya Komplekslərinin rolu artırılmışdır.
Ölkəmizdə və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekoloji tarazlığa dair məsuliyyətini artırmaq məqsədilə Nazirlik Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın rəhbərlik etdiyi "İDEA" təşəbbüsünü dəstəkləmişdir. Bundan başqa 2012-ci ilin oktyabr-noyabr aylarında Nazirlik tərəfindən Gənclər üçün Yaşıl Festival, 2013-cü ildə ekoloji düşərgə və “Bir birimizdən öyrənirik!” adlı beynəlxalq ekoloji forum keçirilmişdir.
VI Forumdan keçən müddət ərzində sağlamlıq imkanları məhdud gənclərin beynəlxalq tədbirlərdə iştiraklarına kömək göstərilmiş, onlar üçün il ərzində şənliklər keçirilmiş, xüsusi qayğıya ehtiyacı olan gəncərin yay istirahəti təşkil edilmişdir. 2013-cü ildə Bakıda keçirilən əlilliyi olan gənclərin Beynəlxalq "Şərq Nağılı" Festivalı bütün iştirakçıların və tamaşaçıların yaddaşında qalan tədbir olmuşdur.
Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq məqsədilə Nazirlik tərəfindən hər il “Məzun” əmək yarmarkası və sahibkarlıq fəaliyyətinə dair intellektual yarış - “Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” keçirilir. “Məzun” yarmarkalarında 2006-2014-cü illərdə 5 minə yaxın vakansiya çıxarılıb onlardan 1500 nəfər daimi, 500 nəfər mövsümi və ödənişli staj işlərinə cəlb olunmuşdur.
Müasir dövrdə İKT sektoru və, xüsusilə, mobil texnologiyalar ən sürətlə inkişaf edən sahələrdən biridir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 29-30 aprel 2013-cü il tarixdə Bakı şəhərində “Mobil Texnologiyaları üzrə Dünya Gənclər Forumu” keçirilmişdir.
Gənclərin karyera qurmaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə silsiləvi “Karyera günü” adlı tədbir keçirilmişdir. 2013-cü ildə dağlıq və sərhəd rayonlarından olan 150 nəfər gənc üçün peşə təhsili kursları təşkil edilmişdir. Sevindirici haldır ki, məzunların bir qismi təhsil aldıqları sahədə iş yeri əldə etmiş, bir qismi də özünəməşğulluq fəaliyyəti ilə məşğuldur.
Gənclərin məşğulluğunu, xüsusilə innovativ düşüncə tələb edən sahələrdə təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycanda biznes inkubatorların yaradılmasına başlanılmışdır. Bu sahədə növbəti illərdə sürətli inkişafın təmin edilməsi üçün müvafiq normativ-hüquqi sənədlər hazırlanır.
VI Forumdan keçən dövrdə diqqət ilk növbədə tələbə gənclərin ictimai fəallığının artmasına cəlb olunmuşdur. 2009-cu ildə təsis edilmiş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı hazırda 109 tələbə gənclər təşkilatını birləşdirir. Bununla da tələbə-gənclər təşkilatları öz inkişafının yeni mərhələsinə qədəm qoymuşlar. ATGTİ-nin fəaliyyəti geniş miqyaslı olmuş, yüzlərlə fəal gənc bu təşkilatın sıralarında müxtəlif səpkili layihələrdə öz düşüncə, bilik və bacarıqlarını nümayiş edə bilmişdirlər. Təşkilat cəmiyyətə qabaqcıl ideyalar və dəyərlər gətirən, aktual təşəbbüslərlə çıxış edən və daim yeniləşən vahid bir qüvvəyə çevrilmişdir.
Tələbələrə sosial dəstək göstərmək məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulduğu kimi respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Azərbaycan tələbə kartı” hazırlanmış və təmənnasız paylanmışdır. “Azərbaycan tələbə kartı” vasitəsi ilə tələbələr Azərbaycan daxil olmaqla Avropanın 30-dan artıq ölkəsində mövcud olan 80.000-dən artıq ticarət və iaşə müəssisələrinin xidmətlərindən güzəştli istifadə etmək imkanları əldə etmişlər.
Hörmətli Forum iştirakçıları!
Azərbaycanın dünya dövlətləri ilə yaratdığı əlaqələrin inkişafında və mədəniyyətlərarası dialoqun aparılmasında gənclər fəal iştirak edirlər. Hesabat dövründə gənclərlə iş sahəsində 7 ölkə ilə - Qırğızıstan, Tacikistan, İraq, Albaniya, Xorvatiya, İran İslam Respublikası, Küveyt Dövləti ilə hökumətlərarası ikitərəfli yeni əməkdaşlıq əlaqələri qurulmuşdur. Beləliklə də nazirlik 70-dək ölkə ilə gənclər mübadiləsini həyata keçirir. İlk dəfə olaraq Latın Amerikası ölkələri və Afrika İttifaqı ilə gənclər sahəsində əməkdaşlıq əlaqələri qurulmuşdur.
2012-2013-cü illərdə xarici ölkələrin tələbələri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaq, gənc elmi işçilərin Azərbaycanı yaxından öyrənmələrini təşviq etmək, eyni zamanda Azərbaycanı öyrənən və təbliğ edən yeni gənc tədqiqatçılarla əlaqələrin qurulması məqsədilə Misir, Mərakeş, Amerika Birləşmiş Ştatları, Argentina, Braziliya, Almaniya, Albaniya, Litva, Xorvatiya, Cənubi Afrika Respublikası və Niderland gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqələr keçirilmiş və qaliblərin Azərbaycana tanışlıq səfərləri təşkil edilmişdi.
Ötən forumdan sonra Azərbaycanın gənclər təşkilatları 10 beynəlxalq təşkilata-Dünya Gənclər Assambleyası, Avropa Birliyi Gənc Sahibkarlar Assosiasiyası, Beynəlxalq Sülh Gənclər Qrupu, Avropa Gənc Federalistlər Təşkilatı, Beynəlxalq Gənclər Palatası, Beynəlxalq Tərçüməçilər Federasiyası, Avropa Gənclər Parlamenti, Sənaye Mühəndisliyi və Menecment üzrə Avropa Tələbələr Birliyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı, Avropa Gənclərinin Mobillilik Şəbəkəsinə üzv qəbul edilmişlər.
Azərbaycan gənclərinin təşəbbüsü ilə Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Avropa Gənclərinin Mobillilik Şəbəkəsi adlı yeni gənclər platformaları təsis edilmişdir.
2013-cü ildə “Avropa Gənclər Paytaxtı-2016” müsabiqəsinə Gəncə şəhərinin namizədliyi irəli sürülmüş və gərgin keçən mübarizə şəraitində Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmişdir. 2016-cı ildə Gəncədə Avropanın ən nüfuzlu beynəlxalq gənclər tədbirlərinin təşkili gözlənilir.
2013-cü ildə Azərbaycanda ilk dəfə "BMT Təhlükəsizlik Şurası modeli" layihəsi çərçivəsində 14 ölkə nümayəndələrinin iştirakı ilə "Dünyanın kibertəhlükəsizliyi" dinləmələri keçirilmişdir. Tədbirin əhəmiyyətini nəzərə alaraq BMT-nin Baş Katibi cənab Ban Ki Mun tədbir iştirakçılarına video təbrik göndərmişdir.
Azərbaycanın dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurları, dövlətin bu sahəyə davamlı diqqəti BMT İnkişaf Proqramı tərəfindən və digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Bunun nəticəsidir ki, 2014-cü ilin əvvəlində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycandakı BMTİP, BMT Baş Katibinin Gənclər üzrə Elçisi, UNESCO, Avropa Şurası 2014-cü ilin oktyabrında Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi haqqında razılığa gəlmişlər.
Çıxışımın sonunda mən Azərbaycan Respublikası Prezidentinin ölkə gəncləri haqqında fikrini səsləndirmək istərdim:" müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işguzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. İnanıram ki, hal-hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaqdır."
Diqqətinizə görə sağ olun.