Rayon və şəhər gənclər və idman idarələri rəisləri üçün təlim toplantısında nazir Azad Rəhimovun çıxışı
Hörmətli tədbir iştirakçıları,
Son günlər cəbhə bölgəsində vəziyyət gərginləşmişdir. Ölkəmiz növbəti dəfə ermənilərin hərbi provokasiyasına, dinc əhalimiz təcavüzə məruz qalmışdır. Gedən şiddətli döyüşlərdə Azərbaycan əsgərləri böyük şücaət göstərərək düşmənə layiqli cavab vermişlər. Bir neçə yüksəkliklər və yaşayış məntəqələri azad edilmiş, düşmənin çoxlu sayda şəxsi heyəti və hərbi texnikası məhv edilmişdir. Bununla bir daha Azərbaycan ordusu, əsgər və zabitlərimiz yüksək peşəkarlıq, hərbi hazırlıq və ruh yüksəkliyi nümayiş etdirmişlər. Gedən döyüşlərdə zabit və əsgərlərimiz qəhramancasına şəhid olmuşdur. Xahiş edirəm onların və ümumiyyətlə, bu günə qədər Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olmuş qəhrəman gənclərimizin xatirəsini bir dəqiqəlik sükütla yad edək.
Allah rəhmət eləsin!
Bildiyiniz kimi, ölkəmizdə dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi Gənclər və İdman Nazirliyi və onun yerli idarələrinə həvalə edilmişdir. Keçən illər ərzində hər iki istiqamətdə müvafiq qanunvericilik bazası və infrastruktur formalaşmış, çoxlu sayda ölkə və beynəlxalq miqyaslı, yerli səviyyədə tədbirlər və layihələr həyata keçirilmişdir.
Son beş il ərzində gənclər sahəsində fəaliyyətimiz “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı əsasında aparılmışdır. Proqram çərçivəsində 675 tədbir həyata keçirilmişdir, onlardan 554 respublika daxili, 121 isə beynəlxalq tədbir olmuşdur. Bu rəqəmlər yalnız Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirləri əks edir. Şəhər və rayon gənclər və idman idarələri tərəfindən proqramın icrası ilə əlaqədar 12 mindən artıq tədbir və layihə həyata keçirilmişdir.
Bu gün bizim əsas vəzifəmiz ilk növbədə əqidəli, fiziki sağlam, vətənpərvər vətəndaşlar tərbiyə etməkdir. Biz azərbaycançılıq məfkurəsini dərk edən, ölkənin siyasi, iqtisadi, elmi, mədəni, idman həyatında, beynəlxalq aləmdə tanıdılmasında yaxından və fəal iştirak edən gənclərin formalaşdırılması üçün geniş spektrdə iş aparırıq.
Gənclərin geniş iştirakçılığını artırmaq məqsədilə dövlət gənclərin qeyri-hökumət təşkilatlarının yaradılmasını və onların fəaliyyətini dəstəkləyir. Bildiyiniz kimi, bu işdə Gənclər və İdman Nazirliyi ilə yanaşı Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun da böyük rolu var. Bu qayğının nəticəsidir ki, 2011-ci ildən sonra bölgələrdə də gənclərin QHT-ləri sürətlə yaranmağa başladı, eləcə də rayonlarda keçirilən layihələrin sayı nəzərə çarpacaq dərəcədə artdı. Bu gün demək olar ki, elə rayon və şəhər yoxdur ki, orada gənclər üçün layihə keçirilməsin.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan gənclərinin 2015-2025-ci illərdə İnkişaf Strategiyası" təsdiq edilmişdir. İlk dəfə olaraq gənclərlə iş sahəsində geniş bir dövrü əhatə edən sənəd qəbul olunub. 2025-ci ilə qədər əsas hədəflər və vəzifələr müəyyən edilib. 17 müxtəlif kateqoriyadan olan gənclərlə işin qurulması nəzərdə tutulub. Hər bir qrupun müxtəlif tələbatları olduğu üçün bizim iş metod və formalarımız fərqlənməlidir.
Hazırda ölkədə 35 "Gənclər Evi/Mərkəzi" istifadəyə verilib. Bir sıra rayon və şəhərlərdə fəaliyyət göstərən "Gənclər ev"ləri artıq gənclərlə gündəlik və fəal iş aparmağa müvaffəq olub (Suraxanı, Mingəçevir, Quba, Göygöl). Bu müəssisələrin yaratdığı imkanlardan tam istifadə edilməsi, gənclərin müxtəlif maraq və ehtiyaclarının ödənilməsi üçün gündəlik işin təşkili, nazirlik tərəfindən tərtib edilən nümunəvi planların mütləq şəkildə icrası Gənclər və İdman idarələrinin həm vəzifəsidir, həm də işin təşkili üçün çox böyük dəstəkdir.
Gənclər arasında sağlam həyat tərzi, fiziki aktivlik, mənfi vərdişlərin qarşısının alınması üçün keçirilən fəaliyyətlərin daha böyük təsirə malik olması üçün müxtəlif qrupların gözləntilərini öyrənmək və adekvat tədbirlərin görülməsi hazırkı mərhələnin vacib vəzifələrindəndir.
Yerli idarələr gənclərin bilik, davranış, müxtəlif meylləri haqqında ardıcıl olaraq məlumatları təhlil etməli, lazım olduqda yerli spesifikanı da nəzərə alan fəaliyyətləri planlaşdırmalıdır. İş planlarının dəqiq, məqsədli, icrası mümkün, nəticələrinin ölçüləbilən olması - sizin ən əsas vəzifənizdir.
Gənclərin vətənpərvərlik və mənəvi tərbiyəsi, intellektual inkişafı və elmə həvəsləndirilməsi, dünyagörüşünün artırılması və dünyavilik ideyalarının təbliğinə yönəlmiş tədbirlərin həyata keçirilməsi xüsusilə vacibdir. Bunun üçün siz öz təcrübənizi əlavə biliklərin eldə edilməsi ilə gücləndirməli, müvafiq qurumlarla əlaqəli işləməlisiniz.
Bildiyiniz kimi, idman sahəsinin inkişafı hər bir xalqın mədəni inkişafının əsas göstəricilərindən biridir. İdman ictimai-siyasi hadisə kimi xüsusilə gənclərin həyatında müstəsna əhəmiyyət kəsb edir. Dövlət tərəfindən göstərilən qayğı idmançılarımızda da siyasi iradə, liderlik, özünütəsdiq kimi keyfiyyətləri aşılamağa kömək edir. Məhz mənəvi dəyərləri layiqincə qiymətləndirən gənclərimiz yarış meydanlarında özünü ifadə edə və təsdiqə nail ola bilirlər. Sosial dəyərlərin inkişafına səbəb olan idman yarışlarında yeni istedadların üzə çıxması idmanın yaradıcı xarakterindən asılıdır. Bu sahədə müsbət nəticələrə nail olmaq istiqamətində dövlət səviyyəsində tədbirlər görülür.
İdman həmçinin cəmiyyətin vahid milli ideya ətrafında birləşməsinə və gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasına böyük təkan verir.
Müstəqillik dövründə, xüsusilə son illərdə ölkəmiz idman sahəsində yüksək beynəlxalq nüfuz qazanmışdır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız göz qabağındadır. Sevindirici haldır ki, ölkədə tikilib istifadəyə verilən və geniş bir şəbəkəni əhatə edən olimpiya idman kompleksləri və digər idman qurğuları idman sahəsində nəticələrimizin ildən-ilə artmasına, bədən tərbiyəsinin kütləvi inkişafına, olimpiadaya hazırlıq işlərinin sürətləndirilməsinə şərait yaratmışdır. Bu işlərin nəticəsidir ki, Respublikada və xaricdə keçirilən ən mötəbər beynəlxalq idman yarışlarında yalnız Bakı şəhərinin deyil, eyni zamanda Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Lənkəran, Cəlilabad, Goranboy, Balakən və s. rayon və şəhərlərimizin idmançıları ölkəmizi ləyaqətlə təmsil edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşırlar.
Əldə olunan nailiyyətlərdə regionlarda təlim və hazırlıq keçmiş idmançılarımızın xüsusi çəkisi xeyli artmış, bu isə bir daha sübut edir ki, regionlarda yaradılmış idman infrastrukturu və idman kadrlarının yetişdirilməsi işinin təşkili günün tələbləri səviyyəsindədir. Bu məsələ prioritet sahə kimi hər zaman diqqət mərkəzində olmalı, paytaxtda olduğu kimi regionlarda da idman kadrlarının hazırlığına xüsusi önəm verilməlidir.
Dövlət qulluğu sahəsində aparılan islahatların mühüm prioritetlərindən biri peşəkar dövlət qulluğu sisteminin yaradılması prosesində gənc kadrların dövlət qulluğuna istiqamətləndirilməsi və hazırlanmasıdır. Bu sistemin yaradılması üsullarından biri regionlarda perspektivli gənc kadrların dövlət qulluğunda karyera qurmağa həvəsləndirilməsidir. Məlumat üçün bildirirəm ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrdə qalib gəlmiş 160 gənc hal-hazırda Nazirlik və onun struktur qurumlarında dövlət qulluğu vəzifələrində çalışırlar.
Əməkdaşlarımızın bilik və bacarıqlarının artırılması məqsədilə daim müxtəlif mövzularda təlim və seminarlar keçirilir. Təcrübə mübadiləsinin aparılması məqsədilə bir neçə ölkələrə ezamiyyələr təşkil olunmuşdur.
Müasir dövrdə, inkişafın hazırkı mərhələsində qarşımızda duran vəzifələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 yanvar 2016-cı ildə Birinci Gənclər Forumunun 20 illiyinə həsr olunmuş gənclərlə görüşündə belə göstərmişdir: "Biz bu gün güclü dövlət qururuq. O dövlət ki, dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq".
Bu seminarın təşkilini çox vacib hesab edirəm. Gənclərlə gündəlik təmasda olan qurumun rəhbərləri kimi siz yerlərdə gənclərin bu günkü nailiyyətlərini, məqsədlərini, bacarıqlarını, eləcə də onları narahat edən məsələləri daha yaxşı bilirsiniz. Sizə səmərəli müzakirələr və gələcək işlərinizdə böyük uğurlar arzu edirəm.
Diqqətinizə görə sağ olun.