Gənclər və İdman naziri Azad Rəhimovun çıxışı

Gənclər və İdman naziri AZAD RƏHİMOV gənclər və idman siyasətindən danışdı. Qeyd etdi ki, gəncliyə dair Dövlət Proqramı uğurla icra olunur. İstedadlı gənclərə dövlət qayğısı daha da artırılıb, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilibdir. 15 şəhər və rayonda gənclərin vətənpərvərlik klubları yaradılıb, “Elektron gənclik” layihəsi hazırlanıbdır. İdmanın inkişafı sahəsində də tədbirlər görülüb, bu sahənin maddi-texniki bazası möhkəmləndirilib, Olimpiya İdman komplekslərinin, müxtəlif idman obyektlərinin tikintisi davam etdirilib.   
 Azərbaycan gəncləri iqtisadi yüksəliş nümayiş etdirən bir cəmiyyətdə yaşayırlar. Bu günün reallıqları tələb edir ki, gənclərimiz öz bacarığı, intellekti, sağlam həyat tərzi ilə seçilsinlər, dövlət idarəetməsində, o cümlədən gənclər siyasətinin həyata keçirilməsində daha fəal iştirak etsinlər. Onları dövlətin aparıcı qüvvəsinə çevirmək, sosial-iqtisadi problemlərin həllində iştirakını təmin etmək məqsədi ilə ölkəmizin  Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi Dövlət Proqramı” müvəffəqiyyətlə həyata keçirilir.
 2007-ci ilin ilk ayları gənclərimiz üçün əlamətdar olmuşdur. Yanvar ayının sonlarından başlayaraq respublikamızda ümummilli lider Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə təsis edilmiş 2 fevral -  Azərbaycan Gəncləri gününün 10-cu ildönümü münasibətilə keçirilən silsilə tədbirlər kütləvi informasiya vasitələrinin və geniş ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Tədbirlərin ən önəmlisi isə cənab Prezidentin 2007-ci il fevralın 2-də Gənclər günü münasibətilə istedadlı yaradıcı gənclər və gənclər təşkilatlarının fəal nümayəndələri ilə görüşü olmuşdur. Görüşdə ölkəmizin başçısı gənclərlə bağlı aparılan siyasətə, görülmüş işlərə qiymət vermiş, müasir dövrdə dövlət və gənclər qarşısında duran perspektiv vəzifələri müəyyən etmişdir.
 Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, istedadlı gənclərə dövlət qayğısının artırılması, gənc ailələrin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi, eyni zamanda, gənclərin məşğulluğunun təmin edilməsi, gənclər üçün sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması qarşımızda duran əsas vəzifələrdən olmuşdur. Yaşadığımız dövr elmin, texnikanın və yeni texnologiyanın misli görünməmiş inkişafı ilə fərqlənir.        
 Cənab Prezident, Siz hələ 2003-cü ildə Cenevrədə informasiya cəmiyyəti üzrə sammitdə qeyd etmisiniz ki, informasiya cəmiyyəti, informasiya idarəçiliyi, xüsusilə gənc nəsil üçün çox əhəmiyyətlidir. Çünki gənclər yeni informasiya cəmiyyətini yaradan nəsildir. Sizin müəyyən etdiyiniz bu qlobal vəzifələri icra etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi “Elektron gənclik” layihəsini hazırlamışdır. Bununla yanaşı, Azərbaycan  həqiqətlərinin dünya miqyasında təbliğ olunması istiqamətində bir sıra layihələr həyata keçirmişdir. Bu sisilədən  azərbaycanlıların soyqırımı ilə bağlı keçirilən konfransı və internet aksiyasını qeyd etmək istərdim. Aksiya çərçivəsində gənclər tərəfindən dünyanın aparıcı dövlətlərinin parlament üzvlərinə, kütləvi informasiya vasitələrinə, beynəlxalq siyasi təşkilatlara, ümumiyyətlə 20 min elektron ünvana azərbaycanlılara qarşı törədilmiş soyqırımı həqiqətlərini əks etdirən məlumatlar göndərilmişdir.
 Cənab Prezident, Sizin güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları haqqında 2007-ci il 23 yanvar tarixli Fərmanınız ölkəmizdə gənc ailələrə, hərbi qulluqçulara, gənc alimlərə və idmançılara dövlət qayğısının əyani sübutudur. Hazırda nazirliyin əməkdaşları İpoteka Fondunun nümayəndələri ilə birlikdə əhali arasında ipotekanın sosial mahiyyətinin geniş təbliğ olunması işini həyata keçirirlər. Nazirlik tərəfindən müvafiq məlumat kitabçaları hazırlanmış və yerlərdə paylanmışdır.
Yaradıcı və istedadlı gənclər aşkar olunaraq onların inkişafı üçün şərait yaradılması dövlət gənclər siyasətinin əsas prioritetlərindən biridir. Sizin, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üçün Dövlət Proqramının hazırlanmasına dair Sərəncamınız gənclər tərəfindən yüksək qiymətləndirilmişdir. Nazirlik bu proqramın hazırlanmasında digər qurumlarla birgə yaxından iştirak edir.
Son illər ölkəmiz müxtəlif nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bunu respublikada aparılan daxili və xarici dövlət siyasətinin uğurları kimi qeyd etmək lazımdır. Bu, digər sahələrdə olduğu kimi, gənclər siyasəti sayəsində də özünü göstərməkdədir. Cari il aprel ayının 27-28-də Bakı şəhərində Avropa Gənclər Forumuna üzv təşkilatlar şurasının növbəti iclası keçiriləcəkdir. Qeyd etmək lazımdır ki, Avropa Gənclər Forumu Avropanın ən böyük vahid gənclər təşkilatıdır. 45 ölkənin və 90-na yaxın nüfuzlu beynəlxalq təşkilatın nümayəndələrinin Azərbaycanda keçiriləcək tədbirdə iştirakı ölkəmizin dünya miqyasında rolunu və nüfuzunu bir daha təsdiq edir.
 Möhtərəm cənab Prezident, Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev bədən tərbiyəsi və idmanın inkişafına böyük diqqət və qayğı göstərmişdir. Dövlət bədən tərbiyəsi və idman hərəkatına başlıca prioritetlərdən biri kimi status vermişdi. Bu məqsədlə, ilk növbədə, idmanın maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi çox böyük əhəmiyyət daşıyır. Sizin rəhbərliyinizlə bu sahədə işlər yüksək sürətlə davam etdirilir. Belə ki, 2007-ci ilin birinci rübündə Masallı rayonunda yeni Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Oğuz, Ağdaş, Biləsuvar, Şəmkir rayonlarında və Bakının Hövsan qəsəbəsində inşa edilən idman komplekslərinin təməli qoyulmuşdur. Hazırda Kürdəmir, Sabirabad, İsmayıllı, Göyçay, Cəlilabad, Astara rayonlarında və Sumqayıt şəhərində idman komplekslərinin, Əli Bayramlı şəhərində mini futbol meydançasının, habelə Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı üzrə Şağan qəsəbəsində idman kompleksinin, Pirallahı, Binə, Müşfiqabad, Balaxanı, Nardaran qəsəbələrində idman zallarının və Zirə qəsəbəsində mini futbol meydançasının tikintisi davam etdirilir.
Bundan əlavə, Respublika Olimpiya Mərkəzi əsaslı təmir olunur, Heydər Əliyev adına İdman-Konsert Kompleksində geniş yenidənqurma və  bərpa işləri aparılır. Hazırda Olimpiya İdman Liseyinin, Yevlax şəhərində uşaq-gənclər idman məktəbinin, Lerik və Kürdəmir rayon stadionlarının, Əli Bayramlı şəhərində boks zalının, Biləcəri qəsəbəsində Lokomotiv İdman Sağlamlıq Kompleksinin, Əhmədli qəsəbəsində idman məktəbinin, Buzovna qəsəbəsində “Gənclik” stadionunun təmirinə başlanılmışdır. Eyni zamanda, Balakən, İmişli, Daşkəsən, Tovuz, Qax, Qəbələ rayonlarında idman komplekslərinin tikintisi, 3500 yerlik Şəki şəhər stadionunun bərpası, Mingəçevir şəhərində Kür Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması, Bakı şəhərində Gimnastika Kompleksinin tikintisi ilə bağlı layihə-smeta sənədləri “Layihəsmeta” İnstitutu tərəfindən hazırlanır. Hamımıza məlumdur ki, bütün bu işlər böyük maliyyə vəsaiti tələb edir və möhtərəm Prezident, Sizin rəhbərliyinizlə ölkədə aparılan iqtisadi siyasət bizə bu işlərin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır.
Ümummilli liderimiz tərəfindən təməli qoyulan və Sizin uğurla davam etdirdiyiniz bu siyasət öz sanballı bəhrələrini verir. Sizin sözlərinizlə desək, idmana qoyulan vəsait insanların sağlamlığına qoyulan vəsaitdir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın dinamik inkişafı nəzərə alınaraq, 2016-cı ildə Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi təklif edilmişdir. Məlumat üçün bildirməliyəm ki, ilkin müraciət sənədləri artıq Beynəlxalq Olimpiya Komitəsi tərəfindən baxılmaq üçün qəbul olunubdur və cavab göndərilibdir.
Möhtərəm cənab Prezident, bir daha qeyd etmək istərdim ki, hesabat dövründə respublikamızda ən əlamətdar hadisədən biri Sizin tərəfinizdən 2007-ci ilin Gənclər ili elan edilməsidir. Bu, əslində gənclər hərakatına olan inamın təntənəsidir. Ölkəmizdə bədən tərbiyəsi və idmana göstərdiyiniz diqqət və qayğıya görə, Sizə ölkə gəncləri və idmançıları adından dərin minnətdarlığımızı bildirir və Sizi əmin edirik ki, qarşımızda duran vəzifələri və bəslənilən ümidləri şərəflə doğruldacağıq.