Prezident: Mədət Qəzənfər oğlu Quliyev
Ünvan: Bakı şəhəri, Moskva prospekti, 3007-ci məhəllə AZ-1010
Telefon: (012) 404-78-52, (012) 404-78-55
E-mail: info@avif.az
İnternet sayt: http://www.avif.az

Azərbaycan Velosiped Federasiyası

Son illər ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı durmadan artır. Bu işin həyata keçirilməsində və uğurlu nəticələrin əldə olunmasında federasiyaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Velosiped Federasiyası da yarandığı ilk gündən üzərinə düşən öhdəliklərin ciddi və məsuliyyətli olmasını anlayaraq işini günün tələbləri səviyyəsində qurub. Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, federasiyanın gördüyü işlər, əldə etdiyi uğurlar və həyata keçirdiyi layihələr artıq göz öz bəhrəsini verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Velosiped Federasiyasının üzərinə ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər qoyulub.

Bu məqsədlə, federasiya yarandığı ilk gündən ölkəmizdə velosiped idmanı ilə məşğul olan məktəb və klubları dəstəkləyib, belə idman məktəblərinin regionlarda da açılmasını qarşıya məqsəd qoyub.

Hazırda ölkəmizdə velosiped idmanı Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, "Neftçi" İdman-Sağlamlıq Mərkəzində, Sumqayıt Velosiped İdman Klubunda, 8 saylı İdman Olimpiya Məktəbində, "Lokomotiv" İdman Cəmiyyətində, "Sərhədçi" İdman Olimpiya Mərkəzində, İsmayıllı və Oğuz rayonlarında inkişaf etdirilir. Federasiya ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılarımızın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir.

Bundan əlavə, ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması Azərbaycan Velosiped Federasiyasının fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Azərbaycan Velosiped  Federasiyası tərəfindən irəli sürülmüş “Azərbaycan İstedadları Proqramı” layihəsi velosipedçi idmançıların dəstəklənməsini nəzərdə tutur. Bu proqramın əsas məqsədi velosipedçi idmançılara müxtəlif yarışlarda, dünya və Avropa çempionatında, Olimpiya Oyunlarında uğur qazanmaq üçün onların idman karyerasına dəstək olmaqdan ibarətdir.