Azərbaycan Milli İdman Növləri Assosiasiyası
Azərbaycan Respublikası Milli İdman Növləri Assosiasiyası Nizamnaməyə uyğun olaraq respublika milli idman növlərinin inkişafını həyata keçirən və idarə edən, xeyriyyəçi, könüllü, ictimai idman təşkilatıdır. Assosiasiya Azərbaycan SSR Nazirlər Sovetinin 6 iyun 1990-cı il 246 №li qararına müvafiq olaraq və Assosiasiya iştirakçılarının təsis konfransının 25 aprel 1990-cı il qərarı ilə yaradılıb.
Assosiasiya hüquqi şəxs olaraq öz möhürü, bankda hesabı, ştamp və atributikasına malikdir.
Assosiasiyanın tərkibinə milli güləş idman növü, milli qurşaq güləşi idman növü, zorxana və pəhləvan güləşi idman növü, nərd, milli mütəhərrik oyunlar, atüstü milli oyunlar, kəndirlə mübarizə idman növü, dünya xalqlarının ənənəvi güləş növləri, dünya xalqlarının ənənəvi intelektual oyunları, dünya xalqlarının ənənəvi oxatma növləri, Azərbaycanın və digər xalqların ənənəvi pəhlivanlıq növləri, mas-reslinq idman növü, alpaqut idman növü, kabbadi idman növü, qalaqapı qo idman növü və milli idman növləri üzrə yığma komandalar daxildir.
Assosiasiya respublikanın şəhər və rayonlarında yeni bölmlərin yaranması və fəaliyyəti, bu idman növlərinin maddi texniki bazasının möhkmləndirilməsi və digər aktual məsələlərin həllində fəal iştirak edir.
Böyüməkdə olan gənc nəslin fiziki hazırlığını təmin etmək, onların əməyə və ölkənin müdafiəsinə hazır olmaları naminə assosiasiya təhsil nazirliyi qarşısında Milli güləş idmanın ümumtəhsil məktəblərinin bədən tərbiyəsi proqramına saldırılmasına 1992-ci ildə və 2009/10–cu tədris ilindən etibarən Zorxana və pəhləvan güləş idman növünün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fənn kimi tədris olunmasına nail olub.
Assosiasiya fəaliyyətə başladığı dövrdən bu günə kimi idmançılarımız müxtəlif idman növləri üzrə dünya, Avropa birinciliklərində və çempionatlarında, dünya kuboklarında, İslam Həmrəylik oyunlarında, dünya köçəri oyunlarında uğurla çıxış edib, vətənə çoxsaylı medallar və kuboklar gətiriblər