Gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, vətəndaş cəmiyyətinin qurulmasında gənclərin iştirakını şərtləndirən əsas amillərdən biridir. Gənclər təşkilatlarda birləşərək öz imkan və bacarıqlarını konkret istiqamətlər üzrə səfərbər etməklə həm öz mənini axtarıb tapır, həm bir fərd kimi inkişaf edir, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısı olurlar. Məhz bu səbəbdən gənclər təşkilatları ilə işin təşkili və bu istiqamətə dövlətin diqqət göstərməsi gələcək nəslin hərtərəfli inkişafını köklü şəkildə təmin etmiş olur.
Hazırda 300-dən artıq gənclər təşkilatı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Gənclər təşkilatlarını nizamnamə məqsədlərinə görə aşağıdakı fəaliyyət istiqamələri üzrə ümumiləşdirmək olar:
• Avropaya inteqrasiya və beynəlxalq mübadilə proqramlarında iştirak;
• regionlarda yaşayan gənclərin problemlərinin həllində iştirak;
• beynəlxalq tələbə və gənclər təşkilatları ilə əməkdaşlıq;
• diaspora və lobbiçilik işində iştirak;
• vətənpərvərlik və vətəndaşlığın təşviq olunmasında iştirak;
• insan hüquqları, azadlıqları, hüquq problemlərinin və mənəvi dəyərlərin öyrənilməsi və gənclər arasında təbliği edilməsi;
• elm, təhsil, mədəniyyət, ekoloji maarifləndirmə;
• gənclərin informasiya texnоlogiyaları sahəsində maarifləndirilməsi və kompüter oyunlarının inkişafına kömək;
• gənclər arasında intellektual oyunların inkişafına kömək;
• sahibkarlıq fəaliyyətinin gənclər arasında təşviq edilməsi;
• tələbələrin vətəndaş cəmiyyətində rolunun artırılmasında iştirak;
• gənclərin sosial problemlərinin həllində iştirak;
• ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə gənclər arasında dostluq münasibətlərinin gücləndirilməsində iştirak.
Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etmək məqsədilə 1994-cü ildən Gənclər və İdman Nazirliyinin yanında məşvərətçi statusla Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir.
Son dövrlərdə gənclər təşkilatları artıq mərkəzdən çıxaraq daha cox regionlarda fəaliyyət göstərməyə üstünlük verirlər. Respublika səviyyəli təşkilatların regionlarda fəaliyyət göstərmələri ilə yanaşı, yerli təşkilatların yaranmasında da artım olmuşdur. Belə ki, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Biləsuvar, Samux, İsmayıllı, Şirvan, Hacıqabul, Lənkəran, Bərdə, Abşeron, Qazax, Zaqatala, Qobustan, Göyçay, Quba, Saatlı, Qusar, Masallı, Astara, Zərdab, Göy-Göl, Ucar, Beyləqan və Laçında yeni təşkilatlar yaranmış və əksəriyyəti dövlət qeydiyyatına alınmışdır.
Gənclər təşkilatlarının yerli və regional səviyyədə fəal iştirakının və həyata keçirdikləri uğurlu layihələrin nəticəsi olaraq indiyədək Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (Bakı), “Sərhədsiz Gənclər” İctimai Birliyi (Bakı), Azərbaycan Könüllülər Birliyi (Bakı) və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (Gəncə) Avropa Şurasının təsis etdiyi “Gənc Aktiv Vətəndaş” mükafatına layiq görülmüşlər. Bu mükafat hər il Avropa məkanında fəaliyyət göstərən yalnız 5 təşkilata Avropa Şurasının baş katibi tərəfindən təqdim edilir. Bundan başqa fəallığı ilə seçilən “Ümidli Gələcək” Gənclər Təşkilatı (Bakı) isə Avropa Şurasının diplomuna laqyiq görülmüşdür.
Gənclər təşkilatları əsasən Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi hesabına müxtəlif layihələr həyata keçiririrlər.
Maliyyələşmiş layihələr isə əsasən aşağıdakı istiqamətləri əhatə edir:
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
- gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
- gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı və məşğulluğunun təmin edilməsi;
- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;
- gənclərin intellektual inkişafının təmin edilməsi;
- gənclər arasında ekoloji maarifləndirmənin aparılması;
- gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği;
- gənclər üçün sosial xidmətlərin göstərilməsi və sağlam həyat tərzinin təbliği;
- insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik proseslərin inkişafı və gənclərin seçki fəallığının artırılması, söz, fikir və ifadə azadlığının genişlənməsi;
- gənclərin peşə hazırlığı və fərdi inkişafı;
- mədəniyyətlərarası və dinlərarası dialoq;
- insan alveri, xüsusilə qadın və gənc qızların alveri əleyhinə gənclərin fəaliyyəti;
- gender bərabərliyi;
- liderlik və s.
Gənclər təşkilatları fəaliyyətinə görə qeyri-hökmət təşkilatları sektorunun ən dinamik qrupu hesab olunur. Gənclər təşkilatların fəaliyyətlərinin canlandırılması və stimullaşdırılması məqsədilə indiyədək 4 sərgi keçirilmişdir. Bundan başqa təşkilatların layihələrinin maliyyələşdirilməsi istiqamətində ardıcılı olaraq dövlət dəstəyi göstərilir. Bu təşkilatların bəziləri artıq sahələr üzrə peşəkarlaşır, yeni təşkilatların yaranması prosesi davam edir və dövlət sifarişlərini yüksək səviyyədə yerinə yetirə biləcək təşkilatlar formalaşır.
Gənclər təşkilatlarının uğurlu fəaliyyət istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıq və onların həmin təşkilatlarda təmsil olunmasıdır. Hazırda 35-dən artıq beynəlxalq platformada gənclər təşkilatları Azərbaycanı təmsil edir. Müqayisə üçün qeyd edək ki, beynəlxalq platformlarda təmsil olunma son 10 ildə 2 dəfə artıb.
Azərbaycanın gənclər təşkilatlarının fəal iştirakı və təşəbbüsü ilə gənclərin aşağıdakı yeni regional platformaları yaradılmışdır:
1. “Dialoq və Əməkdaşlıq Uğrunda” İslam Konfransı Gənclər Forumu
2. GUAM ölkələrinin Gənclər Forumu
3. Dünya Türk Gəncləri Birliyi
4. Dünya Gənc Türk Yazarlar Birliyi
5. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı
Gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin əsas istiqamətləri aşağıdakılardır:
• Avropa Şurasının Gənclər və İdman Direktorluğu;
• Avropa İttfaqının “ERASMUS+” proqramı;
• Avropa İttfaqının Şərq Tərəfdaşlığı Təşəbbüsü;
• Afrika İttiafqının gənclər platforması;
• türkdilli ölkələr və xalqlarla əməkdaşlıq;
• Şərq və müsəlman ölkələri ilə əməkdaşlıq;
• beynəlxalq tədbirlərdə iştirak və tədbirlərin Azərbaycanda təşkili;
• beynəlxalq mübadilə və könüllülük proqramlarında iştirak;
• mədəniyyətlərarası və dinlərarası dialoqun qurulmasında gənclərin iştirakının təşviq edilməsi;
• beynəlxalq təşkilatların rəhbər və seçkili orqanlarında təmsil olunma və s.