Yerli tədbir
“Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib
2018 iyun 25
26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 25 iyun 2018-ci il tarixində Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov, Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı, Milli Məclisin deputatları Hadı Rəcəbli, Azay Quliyev və Şahin İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, BMT-nin agentlikləri, beynəlxalq və yerli humanitar təşkilatlar, digər qonaqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Keçirilən konfrans mahiyyət etibarı ilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ının müvafiq bəndinin icrasını təmin etməkdən ibarətdir.
Bugünkü tədbirin keçirilməsinin əsas məqsədi BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü”, həmçinin “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında təşkil olunmuş ən yaxşı müəllif yazıları müsabiqəsinin qalibi olmuş jurnalistlərin mükafatlandırılması baş tutub.
Dövlət Proqramının 4.1.16-cı bəndinin icrası ilə əlaqədar, 2017-ci ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qeyri-hökumət təşkilatını cəlb etməklə ESPAD tədqiqatı metodologiyasına əsasən yeniyetmə və gənclər arasında siqarət, alkoqol və narkotiklərin istifadəsi ilə bağlı epidemioloji vəziyyəti qiymətləndirmək və onun dinamikası üzərində müşahidələr aparmaq məqsədilə Bakı şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarını əhatə etməklə, 1000 nəfər yeniyetmə və gənc arasında sorğu həyata keçirilmişdir.
Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyasını təşkil etməklə onlarla birgə antinarkotik təbliğata xüsusi önəm verərək bu sahədə geniş maarifləndirmə tədbirləri həyata keçirilir.
Təhsil müəssisələrində təhsil işçiləri və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə təbliğat aparılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə Bakı Uşaq Teatrının hazırladığı, əsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” teatr tamaşası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət, Azərbaycan Tibb, Azərbaycan Dillər, Slavyan, Pedaqoji, İqtisad və Texniki Universitetlərində, o cümlədən Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əldə olunmuş razılığa əsasən 10-dan çox cəzaçəkmə müəssisəsində nümayiş olunmuşdur. Həmçinin, Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında “Tədbirlər Planı” təsdiq edilmiş və tərtib olunmuş qrafikə uyğun olaraq 2016-cı ildən başlayaraq cəzaçəkmə müəssisələrində təbliğat və maarifləndirmə xarakterli tədbirlər keçirilməkdədir.
İctimai maarifləndirmə istiqamətində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən cari il ərzində yeni forma və məzmunda hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 12 ədəd sosial lövhə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin metro stansiyalarında quraşdırılmış, həmçinin “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video çarx Bakı şəhərinin küçələrində yerləşən 19 elektron reklam tablosunda yayımı təmin edilmiş, eyni zamanda adı çəkilən video çarx “CinemaPlus LLC” şirkətinə məxsus kinoteatrlarda (“28 Mall” və “Gənclik Mall” Ticarət və Əyləncə Mərkəzləri, “Amburan Mall”) nümayiş olunmaqdadır.
Bununla yanaşı 2016-cı ildən etibarən narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildiriş və əlaqə vasitələri ölkə üzrə fəaliyyət göstərən mobil operatorları tərəfindən 6 milyondan çox mobil abunəçiyə SMS şəklində göndərilir.
Narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış və məhkəmə hökmü ilə müsadirə edilmiş müxtəlif narkotik vasitələrin məhv etmə prosesi Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə hər il həyata keçirilir. Cari ilin 16 may tarixində 388 məhkəmə hökmü ilə müsadirə olunmuş 892 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 6453 ədəd çətənə bitkisi (məhv olunan narkotik vasitələrin qara bazarda ümumi dəyəri 16 milyon manata yaxındır) Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən adı çəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla və davamlı olaraq reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaqdır.