News
Published:6/14/2021 3:30 PM
Views:56

“Azadlığa gedən yol qurtuluşdan başlayır” adlı onlayn toplantı keçirilmişdir

14 iyun 2021-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsinin Salyan rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Azadlığa gedən yol qurtuluşdan başlayır” adlı onlayn toplantı keçirilmişdir.

 Tədbirdə ilk öncə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qeyd etdi ki, Milli Qurtuluş Gününün yaxın tariximizdə xüsusi yeri vardır. Ulu Öndər Heydər Əliyevin 28 il öncə xalqın iradəsi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin ictimai-siyasi və iqtisadi, sosial-mədəni həyatında uğurlu inkişaf mərhələsi başlamışdır. Ötən əsrin 90-cı illərində Azərbaycan dövlətçiliyi təhlükə ilə üzləşəndə  xalq yeganə çıxış yolu kimi Heydər Əliyev dühasına müraciət etdi. Heç zaman öz seçimində yanılmayan xalq Azərbaycanın xilasını, xaos və anarxiyadan qurtuluşunu, müstəqilliyinin qorunmasını və əbədiliyə çevrilməsini məhz Ulu Öndərin fəaliyyətində görürdü. Heydər Əliyev xalqın arzu və çağırışına biganə qalmadı və tarixi missiyasını gerçəkləşdirməkdən ötrü geriyə döndü. Kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçən Heydər Əliyev uzaqgörənliyi, təcrübəsi və əzmkarlığı ilə ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi, qanunsuz silahlı dəstələr, dövlətçiliyə qarşı çıxmış qiyamçılar, ölkəni parçalamaq iddiasına düşən separatçılar zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı.

Sonra tədbirdə çıxış edən Salyan rayon Heydər Əliyev Mərkəzinin  direktoru Nübar Əliyeva bildirdi ki, Milli Qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, həm də müasir müstəqillik tariximizin dönüş nöqtəsidir. Və bu baxımdan böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Onu yaradan isə Azərbaycanın müstəqilliyinin əldə olunmasında, qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynamış bir insan - Heydər Əliyevdir. Heydər Əliyevin öz xalqının xoşbəxt gələcəyi naminə gördüyü işləri tək-tək sadalamaqla bitirmək mümkün deyil. Xalqımız ölkəmizin bugünkü uğurlarının bünövrəsini qoymuş və Azərbaycanın dinamik inkişaf konsepsiyasının ideoloji təməli olan Yeni Azərbaycan Partiyasını yaratmış Heydər Əliyevi o zaman hakimiyyətə dəvət etməklə böyük müdriklik nümayiş etdirib.

Sonra Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Günel Yaqubova  öz çıxışında bildirdi ki, 15 iyun - Milli Qurtuluş Günü xalqımızın qürur tarixidir. Milli Qurtuluş günü  Azərbaycanın unudulmaz tarixinə çevrilib. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi siyasət artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Heydər Əliyevin xilas etdiyi müstəqil  Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır. Daha sonra onlayn toplantı qarşılıqlı diskussiya şəklində davam etdi.