Azad Rəhimov Ukraynanın 1-ci kanalına müsahibə verib
Gənclər və İdman naziri Azad Rəhimov Ukraynanın 1-ci kanalına müsahibə verib. Kanalın Azərbaycanla bağlı hazırladığı verilişin əsas istiqamətlərindən bu gün ölkədə aparılan gənclər siyasəti və Azərbaycanın sabahı olan gənclərlə bağlı planlar, onların problemlərinin həlli istiqamətində görülən işlərin işıqlandırılmasıdır.
Nazir, Azərbaycanın əhalisinin 66%-nin gənclərin təşkil etdiyini, 200-dən artıq gənclər təşkilatlarının ölkədə aktiv fəaliyyət göstərdiyini, nazirliyin təşkilatlar tərəfindən həyata keçirilən bir çox layihələr maliyyələşdirdiyini, gənclərin problemləri ilə daha yaxından tanış olmaq üçün “Etibar telefonu” nun daim aktiv olduğunu diqqətə çatdırdı.
Azad Rəhimov: “2005-2009-cu illəri əhatə etmiş Azərbaycan gəncliyi Dövlət proqramını böyük uğurla bitirdik. Bir neçə gün bundan öncə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev yeni, 2011-2015-ci illəri əhatə edən yeni proqramın hazırlanması ilə bağlı Sərəncam imzaladı ki, bu da gəncliyin daha müasir və maraqlı tələblərini özündə əks etdirən bir proqram olacaq. ”
Eyni zamanda, Azad Rəhimov bu gün gənclərin məşğulluq, təhsil problemlərindən də söz açdı. “Hər bir gənc yaxşı iş axtardığı kimi, hər bir qurum da yaxşı işçi tələb edir. Burada 2 əsas problem var. Düzgün axtarışın və yüksək intellektin olmaması. Əminəm ki, bacarıqlı, kompyuter, dil biliklərinə malik, yüksək intellekti olan gənclər daim iş tapa bilərlər.”
Nazir , bir zamanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərini təhsil almaları üçün Rusiya, Ukraynanın bir sıra nüfuzlu universitetlərinə göndərdiyini, bu gün bu siyasətin cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib, bu gün dövlət hesabına dünyanın bir sıra nüfuzlu universitetlərində təhsil alan tələbələrin olduğundan söz açdı.
Azad Rəhimov: “Biz İngiltərə, Fransa, Almaniyada təhsil alan bir sıra tələbələrlə görüşlər keçirmişik. Növbəti görüşlərimiz Vyana və Moskva şəhərlərində, Türkiyə Respublikasında olacaq. Hər bir görüş zamanı biz tələbələrin problemləri ilə maraqlanır, onların istəkləri ilə yaxından tanış oluruq.”
Nazir eyni zamanda ölkədə fəaliyyət göstərən və tikilməkdə olan Olimpiya İdman Kompleksləri, Gənclər evləri haqda da məlumat verdi.