İntiqam Babayev: "Gənclərə ayrılan sosial ipotekanın artırılmasını istəyirik"
Gənc alimlərin yaş həddinin 40-a çatdırılması üçün təklif vermişik.
Gün.Az xəbər verir ki, bu sözləri gənclər və idman naziri İntiqam Babayev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamının müzakirəsinə həsr edilmiş brifinqdə söyləyib.
O qeyd edib ki, bu günə qədər Azərbaycanda kifayət qədər dövlət proqramları həyata keçirilib. Lakin qlobal dünyada gedən proseslər, o cümlədən Azərbaycanda əldə edilən yeni inkişaf mərhələsi gənclərin İnkişaf Strategiyasının yenilənməsini zəruri edib:
"Bu sənəd istiqamətvericidir. Bu istiqamətdə gələcək illərdə digər dövlət proqramlarının hazırlanması da gözlənilir. Hətta gənclər sahəsində 2016-2020-ci illəri əhatə edəcək Dövlət Proqramının hazırlanmasında da 2015-2025-ci illər İnkişaf Strategiyasına istinad olacaq. Hazırda Dövlət Proqramının hazırlanması üçün təkliflər qəbul edilir. Təkliflər qəbul edildikdən sonrakı mərhələdə geniş müzakirələr aparılacaq".
Nazir müavini vurğulayıb ki, Azərbaycan gəncliyinin qarşıdakı illərdə əsas vəzifələrindən biri xarici dil biliklərini yüksəltmək və dövlətimizi beynəlxalq arenada daha da yaxşı təmsil etməkdir.
İ.Babayev deyib ki, İnkişaf Strategiyasında göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsində Gənclər və İdman Nazirliyi ilə yanaşı, digər dövlət qurumları yaxından əməkdaşlıq edəcək.
Qarşıdakı illərdə gənclərin evlə təmin olunması ilə bağlı da danışan nazir müavini bildirib ki, İnkişaf Strategiyasında da bu məsələ nəzərdə tutulub və lazımi addımlar atılacaq:
"Sosial ipotekaya ayrılan vəsaitin artırılmasının tərəfdarıyıq. Həmçinin, sosial ipoteka kateqoriyasına aid edilən insanların da yaşının artırılmasını istəyirik. Bu barədə biz öz təkliflərimizi vermişik. Gənc alimlərin yaşının 40-a qədər qaldırılması barədə də təkliflər vermişik. Çünki elm sahəsində bu yaş həddinin gənc olduğunu düşünürük. O zaman o kateqoriyada olanlar da sosial ipotekadan yararlana bilərlər".
Fərid Ədalət
Gün.Az