Interviewee: Azad Rəhimov
Date: 2009 September 08

Gənclər və İdman Naziri Azad Rəhimov mətbuat nümayəndələri ilə görüşüb

Görüş zamanı gənclər və İdman sahəsində son 8 ay ərzində həyata keçirilmiş layihələr haqda məlumat verən nazir, eyni zamanda gerçəkləşməsi nəzərdə tutulan tədbirlər haqda da danışdı. 
Gənclər sahəsində bir çox layihələrin məhz ilk dəfə olaraq həyata keçirildiyini bildirən nazir onlar haqda qısaca məlumat verdi.
Azad Rəhimov: “İlk dəfədir ki, Azərbaycanda bu qədər Yay düşərgələri həyata keçirildi. Oğuz, İsmayıllı, Lənkəran, Qazax, Göy-göl və s yerlərdə təşkil olunan düşərgələrdə 1000-dən artıq gənc dincəlib. Bu layihələrin əksəriyyəti maarifləndirici xarakter daşıyıb. 
Bu ilin avqust ayına qədər 150-ə yaxın gənci müxtəlif beynəlxalq tədbirlərə göndərmişik.
1000-ə yaxın xarici gəncləri isə 8 ay ərzində müxtəlif layihələrdə, tədbirlərdə iştirak etmələri üçün ölkəmizdə qəbul etmişik.”
Nazir eyni zamanda gənclər təşkilatları ilə olan əməkdaşlıq haqqında da danışaraq, bu ilin 8 ayı ərzində 23 layihənin birbaşa, 10 dan artıq layihənin isə təşkilatlarla birgə maliyyələşdirildiyini diqqətə çatdırdı. .

O da vurğulandı ki, gənclər təşkilatları arasında yeni elan olunan müsabiqə nəticəsində 100-ə yaxın layihələr qəbul edilib və hal hazırda ekspert məsləhət qrupu bu layihələrə baxır.
Azad Rəhimov : “İlk dəfə olaraq Almaniyada Azərbaycanın gənc alim və tələbələrinin forumu keçirilib. Bir neçə gün bundan öncə isə GUAM ölkələrinin gənclərinin Forumunun 2-ci konqresi Bakıda keçirilib və burada rotasiyaya uyğun olaraq 2010-2011-ci illərdə Foruma Azərbaycan sədrlik edəcək.
Avropa Şurası Yay Məktəbi də ilk dəfə olaraq ölkəmizdə keçirildi və biz bu tədbirdə 35 ölkədən nümayəndə qəbul etdik.”
Nazir, artıq regionlarda da fəaliyyət göstərən gənclər təşkilatları ilə əməkdaşlığı genişləndirməyin vacibliyini bildirərək,ilk dəfə olaraq Gənclər Təşkilatının 3-cü sərgisinin regionda-Gəncədə keçirildiyini və burada 60-a yaxın gənclər təşkilatlarının fəaliyyətini əks etdirən işlərin nümayiş olunduğunu diqqətə çatdırdı.
Ümumilikdı, işsizlik sahəsinin də daim diqqət mərkəzində olduğunu qeyd edən nazir, İqtisad Universiteti ilə birgə tələbə yarmarkasının davam etdiyini, bu il yarmarkada 600 gəncin işlə təmin olunduğunu, 3 il ərzində gerçəkləşdirilən layihə nəticəsində 1500-dən çox gəncin işlə təmin olunduğunu diqqətə çatdırdı. 
Azad Rəhimov, gələcək layihələr haqqında da söz açdı.
Nazir: “Gənclərin fəal sahibkar kimi formalaşması məqsədi ilə, “Öz biznesini yarat və inkişaf elətdir” mövzusunda Samux, Göy-göl, Şəmkir, Gəncə-də sahibkarlıqla bağlı böyük bir treninqlərə start veriləcək. 
Uşaq ili çərçivəsində isə, “2-ci beynəlxalq Bakı Uşaq rəsm müsabiqəsi” və 
“Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual oyun”unu keçirməyi planlaşdırırıq. “
Azərbaycanda yaşayan bütün millətlərin “Biz Azərbaycanın övladıyıq” başlığı altında festivalı, vətənpərvərlik tərbiyəsi klubları arasında Breyn rinq intellektual oyunu və s. kimi tədbirlərin keçirilməsi diqqətimizdədir. Qeyd etmək istərdim ki, nazirlik ilk dəfə olaraq, Avropa Birliyinə üzv ölkələrin ən fəal gənclər təşkilatları və milli şuralarının  Azərbaycanda gənclər təşkilatları və onların fəaliyyəti ilə birbaşa tanışılq əlaqələrinin qurulması istiqamətində Avropa Şurasının dəstəyi ilə “Gənclər işinin reallığı” başlığı altında layihənin də həyata keçirilməsi nəzərdə tutur.
İlk dəfədir ki, ölkəmizdə Elm olimpiadasının keçirildiyini vurğulayan nazir, artıq 37 ölkənin artıq iştirakının təmin edildiyini, elmi komitənin elmi tapşırıqları hazırladığını (fizika, kimya, biologiya) və bir çox azərbaycan universitetlərindən müxtəlif dilləri bilən 120-dən çox gənc könüllünün layihəyə çəlb olunduğunu bildirdi.
Azad Rəhimov: “MDB-də Gənclər ili çərçivəsində çox böyük layihələrimiz var. MDB ölkələrinin gənc rəssamlarının internet müsabiqəsi, “İdeyam var” başlığı altında MDB-yə üzv dövlətlərin tələbələrinin elmi texniki müsabiqə festivalının keçirilməsi də nəzərdə tutulan layihələr sırasındadır.”
İdman sahəsi haqda da danışan nazir, uğurlarımızla bərabər, əfsuzlar uğursuzluqların da olduğunu bildirdi.
Azad Rəhimov : “Bakı üzrə Dünya çempionatı bir qədər uğursuz start götürüb. Düşünürəm ki, federasiya rəhbərliyi ilə bu məsələlər müzakirə olunacaq və mənə elə gəlir ki, yığma komandaya əcnəbi baş məşqçi dəvət olunmalıdır. 
Amma Yeniyetmələr Avropa birinciliyi 1 qızıl, 2. gümüş, 4 bürünc və 37 ölkə arasında 2-ci olmaları çox böyük uğur oldu. Atletika, avarçəkmə idman növlərindəki uğurlarımızı isə, xüsusi olaraq qeyd etmək istərdim.”

Şahmat üzrə, 2010-cu ildə Dünya Çempionatının mərhələsi Bakıda keçirilməsinin nəzərdə tutulduğunu deyən nazir, FİDE-nin nümayəndələrinin ölkəmizə səfərinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. İdman kompleksləri haqda da məlumat verən Azad Rəhimov, Şəmkir OİK və Pirşağı- Kürdəxanı idman zalının bu il təhvil verildiyini, İsmayıllı, Göyçay, Ağdaş, Şağan, Hövsan OİK və Binə və Balaxanı idman zallarının da ilin sonunadək bitəcəyini söylədi. 
Azad Rəhimov : “2009-cu ildə idmana 8 mln 500 min vəsait ayrılıb ki, 5 mln 157 mini xərclənib, 3 mln 334 manat vəsaitin isə xərclənməsi nəzərdə tutulub. Biz, olimpiya liseylərinin də tikilməsini diqqətdə saxlayırıq ki, bunun üçün də dövlətə müraciət etməyi düşünürük.”
Gənclər və İdman Naziri Azad Rəhimov, eyni zamanda Ermənistanda keçirilməsi nəzərdə tutulan Gənclər Arasında Avropa çempionatında iştirak etmələri üçün bu ölkəyə yollanacaq komanda, oraya edilmiş səfər və nəticələr barədə də məlumat verdi.
Azad Rəhimov : “Bizi sevindirən məqam, Ermənistan tərəfinin Azərbaycan nümayəndə heyətininin təhlükəsizliyinə tam cavab verməsi ilə bağlı müqaviləyə imza atması oldu. Bizim Ermənistanın müvafiq orqanları ilə görüşümüz zamanı, Avropa cüdo İttifaqının rəhbəri Sergey Soloveyçik, Avropa Olimpiya Komitəsinin nümayəndəsi də bu görüşdə iştirak edirdilər. Azərbaycan cüdoçuları oteldə Türkiyə və İsraildən olan idmançılarla bir yerdə qalacaqlar. Nümayəndə heyətinin rəhbəri cüdo federasiyasının prezidenti Füzuli Ələkbərovun qardaşı Elşad Ələkbərov olacaq. Komandamızın qidalanması isə, digər ölkələrin komandaları ilə eyni səviyyədə təşkil ediləcək. Əminəm ki, Azərbaycan idmançıları bu ölkədə Azərbaycan himnini səsləndiribi, bayrağını qaldıracaqlar. ”