Interviewee: Azad Rəhimov
Date: 2014 April 23

Azad Rəhimov: "Hesabatda qeyd olunan məsələlərdə böyük nöqsan olmayıb, aşkar olunanlar isə həll olunub"

Bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Hesablama Palatası bütün Nazirliklərdə yoxlamalar aparır. Palata hazırladığı sənədi Milli Məclisə təqdim edir:

“Bu hesabatda qeyd olunan məsələlərdə böyük nöqsanlar olmayıb. Aşkar olunan nöqsanlar isə həll olunub. Bütün komplekslərimiz fəaliyyətdədir. İnşa edən şirkətlərdə nöqsanlar yaranır. Biz də bu məsələyə nəzarət etmək üçün tikinti şirkətinin təxminən 5 %-lik bir vəsaitini saxlayırıq. 5-6 ay gözləyirik ki, sonradan problemlər yaranarsa həll etmək üçün bizim imkanımız olsun”.
Qeyd edək ki, ötən gün mətbuatda Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün fəaliyyəti ilə bağlı Hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi qeyd edilmişdi. Bu gün isə Hesablama Palatası Gənclər və İdman Nazirliyində korrupsiya faktlarının aşkar olunması ilə bağlı mediada yayılan xəbələrə münasibət bildirib. 
Palatadan ANS-ə verilən məlumata görə, bəzi informasiya agentliklərində Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün fəaliyyəti ilə bağlı Hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi qeyd edilib. 
"Bununla əlaqədar bildiririk ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı korrupsiya faktlarına rast gəlinməyib. 
Audit zamanı aşkar edilmiş nöqsanlar audit gedişatında və auditdən sonrakı dövrdə tam aradan qaldırılıb.