Date: 7/3/2023 9:00 PM
Source:
Views: 1228

Nazirin Nöqteyi-Nəzəri

 

Əziz gənclər və idmançılar!

İlin ilk yarısını bir sıra əlamətdar hadisələrin müşayiəti ilə başa vurduq. İyun həm daxili, həm də beynəlxalq tədbirlər baxımından aktiv ay oldu. Azərbaycan idmançıları 16 idman növündə beynəlxalq yarışlarda 35 qızıl, 28 gümüş və 49 bürünc olmaqla 112 medal qazandılar. Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmə cüdoçular arasında Avropa çempionatında komandamız fantastik uğur qazanaraq sabaha daha da nikbin baxmağa əsas verdi. Komanda yarışları tarixində ilk qızıl medalını qazanan kadetlərimiz, fərdi yarışlarda isə ümumilikdə, 6 qızıl, 3 bürünc olmaqla 9 medalla hər birimizi sevindirdilər. Yunan-Roma güləşi üzrə U-20 milli komandamız isə İspaniyada keçirilən qitə çempionatının qalibi oldu.

   

lll Avropa Oyunları da artıq geridə qaldı. İdmançılarımız bu oyunlardan 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazandılar. Boksçularımız Məhəmməd Abdullayev və Murad Allahverdiyev Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı da Polşada qazandılar. Ötən oyunlara nisbətən medallarımızın sayı az oldu. Düşünürəm ki, bunun əsas səbəblərindən biri ötən oyunlarda qazanılmış medalların 75 faizinin bizim üçün ənənəvi medal gətirən idman növlərində əldə edilməsidir. Lakin bu dəfə həmin idman növləri oyunların proqramında yox idi. İndi federasiyalarla birlikdə oyunların nəticələrini təhlil edib müzakirələr aparmalıyıq.

   

   

Bakı ötən ay taekvondo üzrə dünya çempionatına ev sahibliyi etdi. Mundialı ölkəmizdə izləyənlər arasında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu da var idi. Qonaqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qəbul etdi və onlarla fikir mübadiləsi apardı. 

   

Paytaxtımız daha bir mötəbər tədbirə ev sahibliyi etdi. İyunun 26-dan 29-dək Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Vll Beynəlxalq Konfransı keçirildi. 125 ölkədən 500-dən çox nümayəndənin, eləcə də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons, Dünya Ədalətli Oyunlar Təşkilatının rəhbəri Jeno Kamuti, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının prezidenti Gianni Merlo, Commonwealth təşkilatının rəhbəri Patrisiya Skotland və digər beynəlxalq idman təşkilatları rəhbərlərinin iştirak etdiyi məsul tədbirdə dörd gün ərzində aktual mövzular müzakirə edildi, mühüm qərarlar qəbul edildi. Konfransla əlaqədar ölkəmizdə səfərdə olan UNESCO-nun sosial və humanitar elmlər üzrə baş direktorunun müavini Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ayrıca görüşümüz oldu. Görüşdə MINEPS Vll proqramı, eləcə də “Fit for life” layihəsi və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik.

   

   

MINEPS Vll konfransı çərçivəsində həmçinin bir çox ölkələrin idman nazirləri və beynəlxalq təşkilatların rəhbərləri ilə də ikitərəfli görüşlərim oldu. Hesab edirəm ki, görüşlər məhsuldar və gələcək əməkdaşlıq perspektivi baxımından faydalı oldu. Braziliyanın idman naziri Ana Beatriz Moserlə görüşdə isə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etməklə yanaşı, Gənclər və İdman Nazirliyi və Braziliya İdman Nazirliyi arasında "İdman Əməkdaşlığı haqqında Anlaşma Memorandumu" imzaladıq.

   

   

Bundan əlavə, ay ərzində ölkəmizdə səfərdə olmuş Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, Macarıstanın müdafiə naziri Szalay-Bobrovnicski, Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə və Malayziya Badminton Akademiyasının icraçı direktoru Mişel Çay ilə, eləcə də Meksikanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşlərimiz olub. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdik. 

   

Bakıda startı verilən “Əziz Şuşa” beynəlxalq velosiped yarışına 5 mərhələdən sonra Şuşada yekun vuruldu. Ötən il də eyni yarışın finişinə çevrilmiş Şuşa şəhəri inkişaf etdikcə orada təşkil edilən tədbirlərin sayı da artır. Veloturun ardınca Şuşada daha bir beynəlxalq turnir - 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışı keçirildi. Sevindirici haldır ki, Bakının “Neftçi” komandası bu mərhələnin qalibi oldu. 

   

   

VİDEO

Nəhayət, yayın qızmar günlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasını istifadəyə verdik. Buz meydançasının məhz “Heydər Əliyev İli”ndə istifadəyə verilməsi təsadüfi deyil. Çünki kompleksin əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə qoyulub. Müxtəlif illərdə köməkçi zallarda buz meydançası fəaliyyət göstərib. İndi isə kompleksin əsas zalında buz meydançası idmançıların istifadəsinə verildi. Artıq Azərbaycanda da fiqurlu konkisürmə və hokkey idman növlərini inkişaf etdirmək üçün lazım olan hər bir imkan var. 

   

   

VİDEO

Bu ay Gəncə, Zaqatala və Sabirabad şəhərlərində "Sağlam məhəllə” idman zonaları istifadəyə verildi. İlk belə məhəlləni Bakıda istifadəyə verdikdən sonra bölgələrdə də kütləvi idman və sağlam həyat üçün belə zonaların salınması davam edir. Regionlarda "Sağlam məhəllə”lərin açılışı zamanı tanınmış idmançılar, idman səfirləri uşaqlarla görüşüblər, onlara master-klaslar keçiblər. Bütün bunlar gənc nəslin idmana marağını artırmaq, əhalinin sağlam həyat tərzinin təmin edilməsi üçün çox vacibdir. Həmçinin ay ərzində Gəncə İdman Sarayının inşaat işlərinin gedişatı ilə də yenidən tanış olduq. Eyni zamanda, Zaqatala rayonunda Gənclər və İdman Nazirliyi Uşaq-Gənclər İdman Məktəbinin cüdo zalının təmirdən sonra açılışında iştirak etdik.

   

   

   

   

VİDEO

Uşaqlar bizim gələcəyimizdir. Valideyn himayəsindən məhrum olan uşaqlara isə hər birimiz xüsusi qayğı ilə yanaşmalıyıq. Bu günlərdə “Ümid yeri” uşaq sığınacaq evini ziyarət edib, orada mövcud şəraitlə tanış olduq. Uşaqların əl işləri, yaradıcılıq və idman fəaliyyətləri ilə maraqlandıq. Həmin uşaqlar arasında da sağlam həyat tərzini təbliğ etmək, bunun üçün onlara dəstək olmaq önəmlidir.

   

VİDEO

Gənclər və İdman Nazirliyinin rəsmi maskotunu da təqdim etdik. Qızıl qartal formalı maskot “AZZİ” adlanır və öz unikal dizaynı, adı, forması, üzərindəki rəngləri ilə Qarabağ qartalını simvolizə edir. Maskotumuz Azərbaycan gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir. Bu günlərdə Azərbaycan milli komandalarının vahid idman geyim formasını da ictimaiyyətə təqdim etdik. İdmançılarımızın həmişə vahid formada çıxış etməsini istəmişik. İdmançılarımız fəxr edə bilərlər ki, artıq milli brendimizlə beynəlxalq arenalara çıxacaqlar.

   

   

VİDEO

Bildiyiniz kimi, iki aydan bir Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşürük. Sayca 9-cu olan budəfəki görüşümüzdə son vaxtlar görülmüş işləri və qarşıda duran vəzifələri birlikdə müzakirə etdik. 

   

VİDEO

Son illərdə Azərbaycan idman mütəxəssislərinin beynəlxalq qurumlara rəhbər vəzifələrə seçilməsi əlamətdardır. Bu baxımdan İlqar Rəhimovun Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının prezidenti vəzifəsinə seçilməsi iyunun sonuncu günündə hər birimizi sevindirdi. İnanıram ki, İlqar Rəhimov beynəlxalq təşkilatın rəhbəri olaraq böyük uğurlar qazanacaq.


 

Əhali arasında kütləvi tədbirlərin keçirilməsi xüsusi önəm daşıyır. Bunun sağlam həyatın və idman növlərinin təbliği baxımından böyük əhəmiyyəti var. "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika məşğələlərini, veloyürüşü, gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge” ustad dərslərini, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə "Şən startlar" əyləncəli idman tədbirini, “Sağlam Qadın - Sağlam Cəmiyyət” layihəsini, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev 100. Voleybola dəstək marafonu"nu və digər tədbirləri xüsusi qeyd etmək olar. 

   

   

   

VİDEO / VİDEO / VİDEO / VİDEO / VİDEO

Bu il artıq ikinci dəfə həyata keçirdiyimiz “Üzməyi öyrənək” layihəsinin yekunu olaraq məktəblilər arasında Gəncə Olimpiya İdman Kompleksində üzgüçülük yarışı keçirildi. Yarış qaliblərinin mükafatlandırılma mərasimində iştirak etdim. Bu idman növünün məktəblilər arasında təbliği və inkişafına xidmət edən layihə Azərbaycan Üzgüçülük Federasiyası ilə birgə həyata keçirilir. Sabirabad şəhərində isə yeniyetmələr arasında ağır atletika üzrə açıq rayon birinciliyini izlədik və qaliblərin mükafatlandırılması mərasimində iştirak etdik. Federasiyaların bölgələrdə seleksiya işi artdıqca yeni istedadların üzə çıxmasına da zəmin yaranacaq.

   

VİDEO

Bu ay bir sıra xeyriyyə tədbirlərimizlə də yadda qaldı. Səhiyyə Nazirliyi və Qan Bankı ilə birgə “Qan ver - həyat xilas et!” şüarı ilə qanvermə aksiyası, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Xəzər dənizi sahilində ekoloji təmizlik tədbiri inanıram ki, faydalı oldu.

   

VİDEO / VİDEO

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji hazırlığının təmin olunması məqsədilə “Şahin” hərbi-idman oyunlarının final mərhələsi ilk dəfə Bakıda deyil regionda – “Gənclər paytaxtı” Mingəçevir şəhərində təşkil edildi. Eyni zamanda oyunun davamı olaraq keçirilən “Cəsur kadet” yarışları gənclər arasında hərbi oyunlara marağın artırılması və özlərini sınamaları üçün yaxşı imkandır.

   

VİDEO / VİDEO

“Gənclərlə dialoq platforması” çərçivəsində iyun ayında Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində və Mingəçevir şəhərində "Gənclərin Sosial Şəbəkə Akademiyası" yay düşərgəsində gənclərlə görüşdüm. Həmçinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində "MTK Let's Talk" layihəsinin qonağı oldum. Maraqlı keçən müzakirələrdə gənclərin fikirləri, onların gələcəyə baxışı və Azərbaycanın inkişafı naminə təşəbbüsləri sevindiricidir. 

     

Tovuz, Mingəçevir, Tərtər, Ağcabədi, Şəki, Abşeron və Lənkəran Olimpiya İdman Komplekslərində “Dayanıqlı Qayıdış”, “Enactus Biznes Məktəbi”, "Gənc Psixoloqların Yay Məktəbi", "Kənd Gəncləri", “Gənclər Təşkilatlarının Strateji Planlaşdırma Düşərgəsi”, “Tələbələrin Liderlik Məktəbi”, Tələbə-Gənclər Təşkilatlarının Liderlik, Gənclərin Sosial Şəbəkə Akademiyası, “Birlik” Milli Adət-Ənənələr, Gənclər üçün Rəqəmsal Bacarıqlar, Gənc Alimlərin İnnovasiya və “Poliqon” Gənclərin Hərbi-Vətənpərvərlik Düşərgələri təşkil edilib. Gənclərin asudə vaxtlarının onların bacarıqlarının inkişaf etdirilməsinə yönəldilməsi və qeyri-formal təhsil metodlarının tətbiqi dairəsinin genişləndirilməsi əhəmiyyətlidir. Eləcə də Şəki şəhərində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının ilk yay məktəbinin keçirilməsi bu təşkilat çərçivəsində gənclərin beynəlxalq mübadiləsi üçün yeni imkanlar açır. 120 ölkəni birləşdirən bu platformada ölkəmizin imicinin möhkəmləndirilməsində gənclərin üzərinə böyük işlər düşür.

   

   

VİDEO

“İnklüziv səyahət” əlilliyi olan və valideyn himayəsindən məhrum olmuş gənclər üçün 2023-cü ilin Gənclər Paytaxtı Mingəçevir şəhərində təşkil edilən layihə maraqlı oldu. Gənclərin sosial fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, Bakı və regionlardan olan gənclər arasında əlaqələrin genişləndirilməsi və inklüzivliyin təmin olunması üçün bu tip təşəbbüslər davam etdirilməlidir.

   

Gənclərin fərdi inkişafına dəstək olmaq üçün Gənclər və İdman Nazirliyi və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə həyata keçirilən Azərbaycanda gənclərlə işləyən təlimçilər üçün uzunmüddətli təlim (TRAYAZE) kursunun iştirakçıları tərəfindən praktiki təlimlər Şirvan, Ucar, Göyçay, Göygöl, Sabirabad, Zərdab, Beyləqan və Biləsuvar Gənclər Evlərində davam edib. “Region gənclərinin bacarıqlarının artırılması”, “Gənclərin səlahiyyətləndirilməsi”, “Gənclərin sosial hüquqlara çıxışı”, “Addım at - Take a step”, “Gənclərin karyera inkişafı”, “Hüquqlar və yumşaq bacarıqlar” kimi mövzuları əhatə edən təlim kursları regionlarda yaşayan gənclərin bilik və bacarıqlarının inkişafına yönəlib.

   

Görülən işlər məhz gələcəyimiz olan gənclərin inkişaf edərək cəmiyyətin bütün sahələrində uğura nail olmasına xidmət edir. 

 

 


Fərid Qayıbov,  
gənclər və idman naziri