Nazirin Nöqteyi-Nəzəri
Əziz gənclər və idmançılar!
Qələbələrlə zəngin daha bir ay geridə qaldı. Əvvəli “Gənclər həftəsi”nin sonu, sonu isə “İdman həftəsi”nin əvvəli ilə müşayiət olunan fevral hər iki istiqamətdə mühüm və effektiv tədbirlərlə zəngin oldu.
“Gənclər həftəsi” çərçivəsində bir sıra maraqlı tədbirlərimiz minlərlə gənci öz ətrafına topladı. “Gənclər təşkilatları: yeni çağırışlar” forumu, "Gənclərin karyera günü", “Gənclər yarmarkası", Azərbaycan Gəncləri Gününə həsr olunmuş ağacəkmə aksiyası və digər tədbirlərdə fəal gənclərlə birlikdə olduq. Mingəçevir şəhərində "Gənclər Paytaxtı 2023” layihəsinin açılış mərasimi, ardınca Gənclərin Motivasiya Forumu regionda gənclər siyasəti sahəsində ilboyu davam edəcək müxtəlif tədbirlərin startı oldu. 2 Fevral – Gənclər Günündə dövlətimizin başçısı cənab İlham Əliyevin də Azərbaycan gənclərinə müraciətində qeyd etdiyi kimi, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırıb.
Fevral ayı idman baxımından da uğurlu oldu. Ay ərzində Azərbaycan idmançıları nüfuzlu beynəlxalq yarışlarda atletika, batut gimnastikası, bədii gimnastika, boks, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, qılıncoynatma, taekvondo, karate, sumo və digər idman növlərində 50-dən çox medal qazanıblar.
Bölgələrdə idman infrastrukturunun inkişaf etdirilməsi prosesi də davam edir. Dövlətlə yanaşı federasiyaların da bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Bu ay Azərbaycan Cüdo Federasiyası Sabirabad şəhərində cüdo təlim mərkəzini istifadəyə verdi. Bu mərkəz rayonda cüdo idman növünün inkişafında mühüm rol oynayacaq. Qeyd edim ki, indiyədək Gəncədə, Ağstafada və Sabirabadda cüdo zallarının istifadəyə verilməsi ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala və Qazax şəhərlərində müvafiq zalların təmir-tikinti işləri davam edir. Bu fəaliyyətə görə federasiyaya təşəkkür edirəm.
Ölkəmizin cənub bölgəsinə səfər çərçivəsində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə də maraqlandıq. Yardımlı Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə tanış olaraq buradakı şərait və idman bölmələrinin təşkili barədə mütəxəssislərlə fikir mübadiləsi apardıq. Masallı şəhərində ağır atletika zalına və rayonun Boradigah qəsəbəsində idman zalına, eləcə də Lerik şəhər stadionuna baxış keçirdik. Piran kəndində ağır atletika zalının fəaliyyəti ilə maraqlandıq və uşaqların məşqini izlədik.
Ənənəvi olaraq, Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşlərimiz davam edir. Budəfəki görüşdə 2020-2024-cü illər üçün Beynəlxalq Olimpiya Komitəsinin strategiyası və 2023-cü il üçün ölkə və beynəlxalq yarışların təqvim planı, idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahıları, Paris-2024 Yay Olimpiya Oyunlarına, eləcə də lll Avropa Oyunlarına hazırlıq məsələləri, yarışların təşkili üzrə Texniki Reqlament və digər çoxsaylı məsələləri müzakirə etdik. Daha bir görüşümüz hər ay davam edən, beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə oldu, onları dinlədik, yarışlar və qarşıdakı planlar barədə fikir mübadiləsi apardıq.
İdmanın təbliğində media rol oynayır. “İdman həftəsi” çərçivəsində ilk görüşümüz də elə idman mediasının nümayəndələri ilə oldu. Maraqlı fikir mübadiləsi və yeni ideyalarla zəngin olan görüşdə 30-dan çox idman jurnalistini dinlədik və bu sahənin çətinlikləri, eləcə də çıxış yollarını birlikdə müzakirə etdik.
Fevral ayında idman təşkilatının ümumi yığıncağı keçirildi. Azərbaycan Karate Federasiyaları Assosiasiyası və Azərbaycan Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı baş tutdu. Hər iki qurumun yeni seçilən heyətinə uğurlar arzulayıram.
Bu il Azərbaycan 50-dən çox beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Onlardan biri də mayın 29-dan iyunun 3-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatıdır. Dünya Taekvondo Federasiyasının baş katibi Cankan So ilə görüşdə mayın sonu - iyunun əvvəlində Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq məsələlərini müzakirə etdik.
Bu il Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Şübhəsiz “Heydər Əliyev İli”ndə idmançılarımız bu sahəyə dövlət qayğısının əsasını qoymuş Ulu Öndərimizin xatirəsini çoxsaylı yarışlarla yad edəcəklər. Belə yarışlardan biri olan və 52 dövlət qurumu arasında startı verilmiş minifutbol turnirinin ilkin mərhələsi başa çatdı. Yarışın növbəti mərhələsinə 32 komanda vəsiqə qazandı. Yarışa bütün dövlət qurumlarının böyük maraqla qoşulması sevindirici haldır.
Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunmuş dağ-xizəyi yarışı da yaddaqalan oldu. “Şahdağ” yay-qış turizm mərkəzində iki gün davam edən yarışda böyüklər və uşaqlar olmaqla 50-dən çox həvəskar xizəkçi iştirak etdi. Bu səpkidə daha bir yarış Bakının kənd və qəsəbələrini əhatə etdi. Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş 2009-2010 və 2011-2012-ci illər təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Bakı kəndləri birinciliyi kütləvilik baxımından faydalı oldu. Ümumilikdə yarışa 400 idmançını əhatə etdi.
“Üzməyi öyrənək” layihəsi çərçivəsində ilk dəfə olaraq 5 şəhərdə məktəblilər arasında üzmə təlimlərinə start verdik. Gəncə, Lənkəran, Mingəçevir, Şirvan və Qusarda bir ay davam edən üzmə dərslərinə 5 məktəbdən ümumilikdə 500-dən çox məktəbli cəlb edildi. Bu layihənin davamlı olması ölkəmizdə məktəblilər arasında üzgüçülüyün təbliği və inkişafı üçün səmərəli olacaq.
Bölgələrdə vətəndaş qəbulunu fevral ayında da davam etdirdik. Bu dəfə Lerik, Lənkəran və Astara rayon sakinləri ilə görüşdük. Həmçinin Lənkəran Dövlət Universitetinin tələbələri ilə də görüşümüz oldu. Görüşdə gəncləri dinləyib, onların fəaliyyətləri, uğurları, təklif və arzuları ilə maraqlandıq. Universitetin tələbə-gənclər təşkilatı arasında əlaqələrin gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, gənclərin sosial fəaliyyətlərə daha çox cəlb edilməsi və digər istiqamətlərdə fikir mübadiləsi apardıq. İkinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin iki qalibi ilə də görüş keçirdik. Bir illik fərdi inkişaf planı əsasında təcrübəmi müsabiqə qalibləri ilə bölüşəcəyəm. Qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.
Bu ay bir sıra sahələrdə mütəxəssislərin öz təcrübələrini məşğələ və seminarlarda bölüşmələrini də qeyd etməyi lazım bilirəm. Suya tullanma üzrə Avropa çempionatının gümüş mükafatçısı, Rusiya Federasiyasının gənclərdən ibarət yığma komandasının məşqçisi Mixail Mayorovun Bakı Su İdmanı Sarayında məşğələlər keçməsi bu idman növünün inkişafında faydalı olacaq. Bakıda həmçinin idman federasiyalarının məşqçi və həkimləri üçün seminar da təlim-tədris işlərinin davamı sayıla bilər. Belaruslu təcrübəli mütəxəssis Nikolay Kruçinskinin iştirakı ilə keçirilən seminarın mövzusunu Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq dövründə tibbi təminat əhatə edib.
Badminton üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üç idmançısı – Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova Malayziya Badminton Akademiyasında təlim-məşq düşərgəsinə yola düşüblər. Səfərdən öncə hər üç idmançımızla görüşdük və onlara uğurlar arzuladıq. İnanıram ki, onların iki il ərzində qazanacaqları təcrübə ölkəmizdə badmintonun inkişafına töhfə verəcək.

Daha bir təlim idman jurnalistlərimiz üçün təşkil edildi. İdmanın təbliği baxımından medianın inkişafı da mühüm əhəmiyyətə malikdir. Ötən il iki beynəlxalq treninqlə bu sahədə çalışanların beynəlxalq təcrübəni öyrənmələrinə dəstək olmağa çalışdıq. Bu günlərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birlikdə beynəlxalq media eksperti Martin Mazurun iştirakı ilə treninq təşkil etdik. Dörd gün davam edən təlimə 50-dən çox jurnalist və mətbuat xidməti əməkdaşı cəlb edildi.
Fərid Qayıbov
Gənclər və idman naziri