Date: 11/3/2022 11:35 AM
Source:
Views: 1882

Nazirin Nöqteyi-Nəzəri

Əziz gənclər və idmançılar!

Uğurlarla zəngin 10 ayı geridə qoyduq və il sona yaxınlaşdıqca nikbinliyə səbəb olacaq nailiyyətlər də günbəgün artır. Oktyabrda da əlamətdar hadisələr, sevindirici xəbərlər yetərincə oldu. Beynəlxalq yarışlarda qazanılan qələbələr baxımından da yadda qaldı. Azərbaycan idmançıları dünya və Avropa çempionatlarından, nüfuzlu turnirlərdən Vətənə 100-dən çox medalla qayıtdılar.

Bu qələbələr, medallar arasında bəzilərini xüsusi qeyd etmək istərdim. Azərbaycan şahmatında daha bir tarixi uğur əldə edildi. İlk dəfə olaraq 20 yaşadək şahmatçıların dünya çempionatında qadın idmançımız Gövhər Beydullayeva qızıl medal qazandı. Bu uğurun davamı olaraq Abdulla Qədimbəyli də kişilər arasında dünya çempionu oldu. Şahmat tarixində, bir çempionatda həm qızlar, həm də oğlanlar arasında qızıl medalı indiyədək yalnız bir dəfə - 2008-ci ildə Hindistan idmançıları qazanmışdılar və bu nailiyyəti bizim idmançılar da bacardılar. Digər idmançımız Nigar Nəsirova isə 20 ildən sonra atıcılıq idman növündə ölkəmizə medal qazandırdı. Nigar 50 metr məsafəyə atəş açmada bürünc medal qazandı. Xatırladaq ki, bu idman növündə dünya çempionatı medalını ölkəmizə sonuncu dəfə 20 il öncə, 2002-ci ildə İradə Aşumova gətirmişdi. Avropa çempionatında qadın boksçularımız Aynur Rzayeva gümüş, Anaxanım İsmayılova isə bürünc medal qazandılar. Bu idman növündə qızlarımız sonuncu dəfə 6 il bundan öncə medala layiq görülmüşdülər.

VİDEO

Dövlətin idmançılara və mütəxəssislərə qayğısı daim diqqət mərkəzindədir. Bu qayğının davamı olaraq, V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıların və mütəxəssislərin mükafatlandırılmasına başlanıldı. Mükafatlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, nazirliyin hazırladığı qaydalar əsasında verildi. İnanıram ki, yeniliklər idmançıların, məşqçilərin, eləcə də idmançıların hazırlığında əməyi olan digər mütəxəssislərin motivasiyasına, həmçinin federasiyaların inkişafına dəstək olacaq.

Daha çox bölgələri əhatə edən kütləvi yarışlar və uğurlu layihələr baxımından bir sıra ilk addımlar atıldı. Bu, regionlarda idmanın inkişafı və əhalinin sağlam həyat tərzinə cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Mingəçevirdə ilk dəfə keçirilən "Kürü keçək?! açıq suda üzmə yarışı Bakıda iyunda təşkil olunmuş “Xəzər dalğası”nın davamı oldu. Oktyabrda qürur hissi ilə daha bir tarixi hadisənin şahidi və iştirakçısı olduq. Bizim dənizimiz, çaylarımız, göllərimiz var. Bu imkanlardan səmərəli istifadə etməli, su idman növlərini təbliğ etməliyik. Olimpiya Komplekslərimizdə mövcud olan üzgüçülük hovuzları qış aylarında da fəaliyyət göstərəcək. Üzmək həm sağlamlıq, həm də idmanın inkişafı üçün çox vacibdir. İnanıram ki, bu hovuzlardan gələcək çempionlar çıxacaq.

Zəngilan rayonunun Ağalı kəndində Triatlon Federasiyası ilə birlikdə “Zəfər yürüşü” triatlon, duatlon və uşaq qaçışı yarışları keçirdik. Yarış iştirakçıları Zəngilan Beynəlxalq Hava Limanının açılışından sonra işğaldan azad edilən yaşayış məntəqəsinə mülki təyyarə reysi ilə yollanan ilk sərnişinlər olmağın qürurunu yaşadılar. Bununla da torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı təşkil etdik. 

VİDEO

Ağalı kənd orta məktəbində də çox maraqlı və faydalı tədbirimiz oldu. Məktəbin idman zalında uşaqlar üçün bədii gimnastika, voleybol, həndbol, futbol, basketbol və digər idman növləri üzrə master klaslar, məşğələlər, idman mövzusunda maraqlı viktorina keçirildi. Qaliblərə, eləcə də tədbirdə iştirak edən bütün məktəblilərə idman ləvazimatları və digər xüsusi hədiyyələr təqdim olundu. Arzumuz işğaldan azad edilmiş bölgələrimizdə əhalinin sağlam həyat tərzinin təmin edilməsi, sağlam gənclərin yetişməsi, peşəkar idman bölmələrinin açılmasıdır. Bunun üçün idman federasiyalarımızı işğaldan azad edilmiş yaşayış məntəqələrimizə diqqəti artırmağa dəvət edirəm.

İlk dəfə Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə də start verdik. Bu işdə bizə yaxından dəstək olan Bakı Abadlıq Xidmətinə xüsusi təşəkkür edirəm. Yarışlara 32 kənd və qəsəbənin uşaq futbol komandası qoşuldu. Turnirin əsas məqsədi uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır. Açılış mərasimində tanınmış futbolçularımızın iştirakı, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun topa ilk zərbəni vurması bu yarışlara əlavə rəng qatdı. Uşaqlar arasında digər bir kütləvi futbol yarışı isə Daşkəsəndə təşkil edildi və həmin turnirin təşkilinə görə “AzerGold” QSC-yə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, bu cür kütləvi yarışların gələcəkdə daha da müntəzəm təşkili üçün çalışacağıq.

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkilinə görə isə Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə, eləcə də Azərbaycan Şahmat Federasiyasına minnətdarlığımı bildirirəm. Qeyd edim ki, bölgəyə səfər zamanı bir daha şahidi olduq ki, Naxçıvanda gözəl şahmat ənənəsi var və şahmat məktəbləri uğurla fəaliyyət göstərir.

VİDEO

Bu il artıq ikinci dəfə Suqovuşan və Mingəçevirdə kayak və kanoe yarışları təşkil olundu. May ayında təşkil edilmiş “Prezident kuboku”nda 4 ölkə iştirak edirdisə, bu dəfə “Mingəçevir reqatası” 12 ölkənin iştirakı ilə baş tutdu. Ölkələrin sayının 3 dəfə artması Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yarışları yüksək səviyyədə keçirdiyini göstərir. Suqovuşan və Mingəçevirdə bundan sonra da yarışların keçiriləcəyinə və turnirin beynəlxalq təqvim planında olacağına inanıram.

Ölkə başçısının tapşırığına əsasən, paytaxtda və bölgələrdə kütləvi idman yarışlarına diqqət artırılmaqdadır. Bakıda “Azərbaycan Budo - yapon döyüş sənətləri festivalı”, İsmayıllıda “Gəlin birlikdə qaçaq” yarışı, Avropa İttifaqı ilə birlikdə Lənkəranda “Be active” idman günləri və digər kütləvi idman tədbirləri də oktyabr ayının zəngin idman ayına çevrilməsinə vəsilə oldu. Bütün bölgələrdə kütləvi idman tədbirlərinin təşkilinə çalışırıq. Bu məsələdə yerli icra orqanlarının dəstəyi də çox vacibdir.

VİDEO 1 / VİDEO 2

Uzun illərdən sonra yenidən basketbol üzrə ölkə çempionatı keçirildi. Federasiyanın fəaliyyətində “Yeni nəfəs, yeni başlanğıc” hiss olunur. Ötən ay ərzində boks və bodibildinq idman növlərində Azərbaycan çempionatlarını izləmək şansım oldu. Voleybolda da uğurlar davam edir. Ölkəmizi Avrokuboklarda təmsil edən kişilərdən ibarət “Murov” voleybol klubu “Çağırış” kubokunda Xorvatiyanın “Kitro Varazdin” komandasını məlğub edərək 1/16 finala yüksəldi. 

Ənənəvi olaraq, vətəndaş qəbulunu bu dəfə Göyçay və Ağdaş rayonlarının sakinləri ilə keçirdik. Bölgələrə növbəti səfər çərçivəsində Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Göyçay və Yevlax rayonlarının gənclər və idman idarələrinin rəhbərləri, gənclər evlərinin direktorları və gənclər təşkilatlarının nümayəndələri ilə görüşdük. Görüşdə bölgələrdə yaşayan gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə müzakirələr apardıq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbələri ilə də görüşümüz oldu. Orada gənclərin kifayət qədər fəal olduqlarını gördük, gəncləri dinləyib, təklif və arzuları ilə maraqlandıq. Səmimi görüşün təşkilinə görə təhsil ocağının rəhbərliyinə təşəkkür edirəm. 

VİDEO

Gənclərlə daha bir görüşümüz elm, təhsil və tələbələrlə iş istiqaməti üzrə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə oldu. Görüşdə təmsil olunan təşkilatların fəaliyyət istiqamətlərini, onların qarşılaşdıqları çətinlikləri müzakirə etdik, gənclərin fəallığının daha da artırılması, xüsusən elm və təhsil sahəsində yeniliklərin tətbiqi və digər mövzularda fikir mübadiləsi apardıq. 

Gənclər siyasəti sahəsində də atılan addımlar, həyata keçirilən layihələr Azərbaycan gəncliyinin potensialının üzə çıxarılmasına, inkişafına yönəlib. “Könüldən Zəfərə” payız məktəbi, "AzMUN" proqramı çərçivəsində Bakı və regionlarda silsilə məlumat sessiyaları, “İctimai natiq”, "Region gənclərinin məşğulluğuna dəstək", “Kinomaniya”, "Biznes və Karyeraya ilk addım", “Gənc Elçilər” proqramı, "Əsrə bərabər 44 gün", “Region gənclərinin bacarıqlarının artırılması”, eləcə də Şuşa şəhərində gənclərin “Şuşa yaradıcılıq emalatxanası” layihələri ötən ay gənclər siyasətində görülən işlərin kiçik bir qismi olsa da, çox sayda bacarıqlı gənc üçün faydalı oldu.

Xarici əlaqələr və beynəlxalq tədbirlər də diqqət mərkəzindədir. Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Naqi Abdel Hamidi ilə görüşdüm. Türkiyənin Antalya şəhərində Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak etdim. Sonra Parisə yollanaraq, UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin növbəti iclasına sədrlik etdim. Tədbir çərçivəsində Azərbaycan Hökuməti adından, MINEPS VII konfransının 2023-cü ilin 14-17 mart tarixlərində Bakı şəhərində keçirilməsinə dair UNESCO ilə ev sahibi müqaviləsini imzaladım. Ümumiyyətlə, gələn il Bakı beynəlxalq idman tədbirlərinin əsas məkanlarından birinə çevriləcək. Atıcılıq və taekvondo üzrə dünya çempionatları, bədii gimnastika üzrə Avropa çempionatı, müxtəlif idman növləri üzrə ənənəvi dünya kuboku və qran-pri yarışları keçiriləcək. Bütün bunlar idmanın və digər sahələrin inkişafına yeni təkan verəcək.

Bu günlərdə nazirliyin Kollegiya qərarı ilə Azərbaycan Tennis Federasiyası, Azərbaycan Bilyard Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının akkreditasiyaları təsdiqləndi, 3 federasiyanın statusu isə dayandırıldı. Beləliklə, bu günədək statusu təsdiqlənən federasiyaların sayı 34-ə, statusu dayandırılanların sayı isə 31-ə çatdı. Kollegiya qərarı ilə həmçinin “Sağlam həyat” bədən tərbiyəsi və idman layihəsinin Əsasnaməsi qəbul olundu. Layihənin əsas məqsədi gənc nəslin fiziki hazırlıq səviyyəsinin artırılması və müxtəlif yaş qruplarını əhatə edən insanların fəal uzunömürlüyünün təmin olunmasıdır. 

Uğurların davamı üçün aktivliyi davam etdirməliyik. Qarşıda dayanan məsələləri birlikdə həll edəcəyik. Bunun üçün biz bir kimi birlikdə olmalı, gəncliyin və idmançıların enerjisini düzgün istiqamətə yönəltməyi bacarmalıyıq.

Fərid Qayıbov
Gənclər və idman naziri