«Cins idman atlarının təlimi və at idmanı yarışlarının keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİN QƏRARI
“Atçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Cins idman atlarının təlimi və at idmanı yarışlarının keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 18 mart 2008-ci il
№ 75
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 18 mart tarixli 75 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Cins idman atlarının təlimi və at idmanı yarışlarının keçirilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1 Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
arena – atçılıq idmanı üzrə yarışların keçirilməsi üçün meydan;
banket –marşrutu çətinləşdirmək üçün istifadə olunan torpaq bəndi;
coker – atçılıq idmanı üzrə xüsusi yarışın adı;
derbi – atçılıq idmanı üzrə xüsusi yarışın adı;
konkur – maneələri dəfetmə üzrə yarışın adı;
git – konkurda yarışın bir mərhələsi;
ovçu konkuru – atçılıq idmanı üzrə xüsusi yarışın adı;
jerd – dəf ediləcək maneənin bir hissəsi;
marşrut – hərəkət trayektoriyası;
kalabaska – jerdləri maneə üzərində saxlamaq üçün kronşteyn;
kurs dizayner – konkurda marşrut tərtibçisi;
manej – konkur üzrə yarışların keçirilməsi üçün bağlı və ya açıq meydança;
stoyka – maneənin bir hissəsi;
sponsor maneələri – reklam xarakterli məlumat yerləşdirilən maneələr;
boks - atın saxlandığı yer;
korda-yüyənə bağlanmış uzun ip.
1.2. Cins idman atları at idmanı yarışları üçün seçilib yetişdirilmiş və xüsusi təlim görmüş cins atlardır. Onlar sağlam, dözümlü, güclü, çevik, cəld, itaətkar, sürətli və finişə daha tez çatmağa meyilli olmalıdırlar.
2. Cins idman atlarının təlimi
2.1. Təlim prosesində cins idman atlarının (bundan sonra - atlar və ya at) xüsusi keyfiyyətlərinin aşkar edilməsi və təkmilləşdirilməsi qaydalarına riayət edilməlidir. Onların yarışlara hazırlıq səviyyəsini yüksəltmək üçün təlim prosesi düzgün və səmərəli təşkil edilməlidir.
2.2. Atın ilkin hazırlığı minilməmiş atı sistematik və məqsədyönlü təlim etməkdən ibarət olmalıdır. Təlimin əsas məqsədi minilməmiş atlara elə keyfiyyət və xüsusiyyətlərin aşılanması olmalıdır ki, gələcəkdə onların yarışlarda iştirakı zamanı təhlükə törənməsin və hazırlıq səviyyəsinin təkmilləşdirilməsinə şərait yaradılsın. İlkin təlim prosesində və sonrakı inkişaf dövründə atların mövcud irsi xüsusiyyətləri nəzərə alınmalıdır. At ətraf mühiti qoxulamaq vasitəsilə yeni şəraitə uyğunlaşmalı və bundan sonra təlim prosesinin ilkin mərhələsi başlanmalıdır.
2.3. Cins idman atlarının təlimi zamanı ucadan danışmaq və qışqırmaq qadağandır. Eşitmə və görmə qabiliyyəti vasitəsilə yaddaşda qalmış hisslərindən atın təlimində səmərəli istifadə edilməlidir.
2.4. Günün müxtəlif vaxtlarında atın psixoloji durumunun müxtəlif olması amili təlim prosesində nəzərə alınmalıdır.
2.5. Təlim zamanı əsas məqsədlərdən biri də tələsik və ehtiyatsız hərəkətlərlə atın sinir sistemini gərginləşdirməməkdən ibarət olmalıdır.
2.6. İlkin hazırlıq mərhələsində atların qamətinin düzgün formalaşdırılması və impulsivliyinin normal inkişafına xüsusi diqqət yetirilməlidir. Məşqlərdə atlara sürət və dözümlülük, hərəkət və maneələrin dəf edilməsi texnikası öyrədilməlidir. Buna nail olmaq üçün məşqlər planlı, məqsədyönlü və mərhələlər üzrə aparılmalıdır. Atların altı yaşı tamam olduqdan sonra onlar daha çətin proqramlarla təlim edilməlidir.
2.7. İllik məşq planını tərtib edərkən atların idmanda olduğu müddəti nəzərə almaq lazımdır. İlkin hazırlıq mərhələsində yüngül hərəkətlər öyrədilir. Sonrakı məşğələlər zamanı məşqin intensivliyi tədricən artırılmalıdır. Hazırlıq mərhələsinin uzunmüddətli olduğunu nəzərə alaraq, müəyyən nəzarət testləri keçirilməlidir. Nəzarət testləri əvvəlki həftələrdə yerinə yetirilmiş hərəkətlərin toplusundan ibarət olmalıdır. Bu proses zamanı nəzərəçarpacaq nöqsanlar tədricən aradan qaldırılmalı və təkmilləşdirilməlidir. Hər məşqin məqsədi məşq yükünün ümumi planı üzərində qurulmalıdır. Hazırlıq hissəsinin məzmunu atın əzələsi, temperamenti və vərdişlərinin formalaşdırılmasına yönəldilməlidir.
2.8. Məşqin hazırlıq hissəsinin vaxtı hər bir at üçün fərdi şəkildə müəyyən edilir. Burada atın hazırlıq səviyyəsi və göstəriciləri nəzərə alınmalıdır. Hazırlıq hissəsinin əsas məqsədi qısa müddətdə və yorğunluq hissi başlamazdan əvvəl optimal nəticə əldə etməkdən ibarət olmalıdır. Məşqin əsas hissəsində növbəti hərəkətlərin öyrədilməsinə başlayarkən, əvvəlki məşqlərdə yerinə yetirilmiş və təkmilləşdirilmiş hərəkətlər təkrar edilir. Məşq zamanı atla ünsiyyətdə çətinliklər yarandıqda, onların aradan qaldırılması üçün müəyyən işlər görülməlidir. Məşqin tamamlayıcı hissəsinin əsas məqsədi atların sinir sisteminin və daxili orqanlarının funksional vəziyyətinin normal hala qaytarılmasından ibarət olmalıdır.
2.9. Yadda saxlamaq lazımdır ki, at hər hansı şəraitin dəyişməsini olduqca həssaslıqla qəbul edir. Buna görə də birinci gün onu sakit buraxmaq, sonrakı 4-5 gün isə ancaq yüyənlə gəzdirmə k və saxlandığı boksla tanış etmək lazımdır. Ata əvvəlcə yalnız bir adam qulluq etməlidir. At boksa öyrəşdikdən sonra mehtərdən başqa onunla daimi məşqçi də ünsiyyətdə ola bilər.
2.10. Atı yəhər və yüyənə alışdırdıqda, refleks nəzəriyyəsindən istifadə edilməlidir. Birinci ünsiyyət «mehtər - yem» formasında olmalıdır. Atın ona tanış olmayan əşyaları yemlə bağlı xoş təəssüratla qarşılaması və yadda saxlaması üçün mehtər yəhəri, yəhəraltı örtüyü, yüyəni və digər ləvazimatları atın boksuna yemlə birlikdə gətirməlidir. Bu ünsiyyətin tədricən və daimi vərdişə çevrilməsi ilə at yəhərə və digər əşyalara öyrəşdirilməlidir. Bir neçə gündən sonra qarınaltı kəməri bağlamaq və tədricən onu lazım olan həddə qədər sıxmaq lazımdır. Bütün bu proseslərdən sonra yüyənlə atın ümumi tanışlığına başlanmalıdır. Daha sonra atların təlimi atın yüyəninə bağlanmış ip – korda ilə ehtiyatla və tədricən tanışlıqla davam etdirilməlidir.
2.11. At miniciyə etibar etməyə öyrədilməlidir. Bu məqsədlə atın yanına gedərkən, minici özü ilə yerkökü və ya çörək parçası götürməlidir. Sığallamaqla da atı sakitləşdirmək lazımdır. Məşq prosesi baytar həkimi tərəfindən nəzarət altında saxlanılmalıdır.
2.12. Atın məşqçisi məşqdən sonra onun boksuna getməli və atın vəziyyətini müşahidə etməlidir. At özünü adi davranışından fərqli aparırsa, bunun həddindən artıq yorulma əlaməti olduğu nəzərə alınmalıdır. Əgər at həm də yemdən imtina edirsə, deməli o, tamamilə haldan düşmüşdür. Məşqçi atın sağlamlığını daim nəzarət altında saxlamalıdır.
2.13. Atlarla birinci məşq yalnız mütəxəssis tərəfindən aparılmalıdır. İlkin mərhələdə atın düzgün hərəkət texnikasını formalaşdırmaq məqsədi ilə onu düz xətt istiqamətində gəzdirmək lazımdır. Məşğələlər zamanı at öz məşqçisinin səsinə, toxunmasına vərdiş etdirilməli, ona tədricən etibar etməyə başlamalı və özünün otlaqda olan sərbəst hərəkətlərini yenidən bərpa etməlidir. Bu məşğələdə at itaətə öyrədilməli və məşqin sonunda o, verilən tapşırığı daha tez mənimsəməlidir.
2.14. Sonrakı məşq radiusu 10 metr olan dairə boyunca aparılmalıdır. Məşqçi daim dövrənin mərkəzində olmalıdır. Məşqlər manejdə və ya məşq üçün ayrılmış xüsusi yerdə keçirilməlidir. İlkin məşqlər zamanı qamçıdan istifadə etmək qadağandır. İp atın yüyəninin orta halqasına bağlanır. Məşqçi atla bir neçə dövrə etdikdən sonra tədricən əlindəki ipi boşaldır. Məşğələ zamanı atın hətta minimal uğuru ona çərəz verməklə qiymətləndirilməlidir. Növbəti məşqlər artıq açıq sahədə aparılmalıdır.
2.15. Dairə üzrə məşqdə minici qamçıdan istifadə etməklə atı mahmıza və qırmanca öyrətməlidir. Atın cilova öyrəşdirilməsi yüyənə bağlanmış uzun ip vasitəsi ilə həyata keçirilməlidir. Korda ilə işləyərkən vacib vasitələrdən biri məşqçinin səsi olmalıdır. Kordanın hərəkətləri ilə yanaşı, ona həmahəng olaraq, bir tonda səslə də eyni əmrlər verilməlidir. Qısa vaxtda at ən yüngül təsirlə tələb olunanları yerinə yetirməyə öyrədilməlidir.
2.16. At korda ilə sərbəst hərəkət etməyə və cilova öyrəşibsə, onda onu minicinin çəkisi ilə tanış etmək lazımdır. Minicinin çəkisi yüngül olmalı və o, yəhərdə möhkəm otura bilməlidir. Atın belinə birinci oturma cəhdindən əvvəl onu hər iki istiqamətdə korda ilə gəzdirmək lazımdır ki, o, yorulsun və dayanmanı yüngüllük kimi qəbul etsin. Bundan sonra minici ləng hərəkətlərlə əllərinə dayaq verərək, yəhərin üzərinə uzanmalıdır. At yəhərin üzərində uzanan minicini sakit qəbul edirsə, onda minici sağ ayağını ehmalca atın belindən aşıraraq, yəhərdə oturmalıdır. Minici ata minəndən sonra köməkçi ona üzəngini verməlidir. Sonra köməkçi ovcundakı vələmiri ata göstərərək tədricən geri çəkilməlidir ki, at onun ardınca hərəkət etsin. Bu mərhələdə minici cilovu əlinə almamalı və passiv halda atın hərəkətlərinə göz qoymalıdır. At yortma yerisə keçirsə, minici müvafiq vəziyyəti almalıdır. At minicini üstündən atmaq istədikdə, minici dizlərini ata sıxıb, əlləri ilə atın boynuna bağlanmış kəmərdən yapışmalıdır.
2.17. Atın minici altında birinci hərəkətləri düz xətt üzrə, daha sonra tədricən sol tərəfə yönəlməlidir. Bir dəfə dayanmaq şərti ilə, bir neçə dövrə etmək kifayətdir. Bu zaman atı sığallamaq, ona çərəz vermək və onunla xoş, sakitləşdirici tonda danışmaq lazımdır. Cilovla tanışlıq üçün də, həmçinin, kordadan və əmrlərdən istifadə edilməlidir.
2.18. Növbəti hazırlıq mərhələsinin məqsədi atın təbii görkəmini bərpa etməsindən ibarət olmalıdır. Atın sərbəst hərəkətləri ilə əzələlərin boşalması təmin edilməlidir. Cilovun uzunluğu elə olmalıdır ki, minicinin atla əlaqəsi çox sadə olsun. At dəhnəyə dirənməməli və öz təbii tarazlığı vəziyyətində olmalıdır. At çaparağa keçmək istəyirsə, buna bir az imkan vermək lazımdır.
Bu mərhələ ilə cins idman atlarının ibtidai hazırlığı başa çatır. Oyunlara və yarışlara hazırlıq mərhələsində isə təlim prosesi əsasən tapşırıqların qismən mürəkkəbləşdirilməsi istiqamətində davam etdirilməlidir.
3. Yarışların əsas şərtləri
3.1. At-idmançı cütlüyü maneələrdən tərtib olunmuş marşrutda sınaqdan keçirilir. Bu sınaqda atın sərbəstliyi, idman bacarığı, sürət keyfiyyəti və maneələri dəf edərkən idmançının ustalığının nümayişi tələb olunur.
3.2. İdman maneələrinin dağılması, atın itaətsizliyi, vaxt normasını aşma və sair kimi hallar ciddi texniki səhvlər hesab olunur.
3.3. Yarışın növündən asılı olaraq, az cərimə xalı qazanan, marşrutu daha tez başa çatdıran və ən yüksək müsbət xallar qazanan idmançı qalib sayılır.
3.4. Yarışlar bir və ya bir neçə gitdən ibarət ola bilər.
4. Yarış və məşq meydanları
Yarış meydanı idmançının yarış zamanı hakimlər tərəfindən birinciliyini müəyyən etmək məqsədi ilə nəticələrinin qiymətləndirildiyi yerdir.
Məşq meydanı yarışda iştirak edən idmançılara təşkilat komitəsi tərəfindən müəyyən vaxt ərzində məşq üçün təyin etdiyi yerdir.
4.1. Meydanın ölçüləri və torpağın tipi
4.1.1. Yarış meydanının və məşq meydanlarının ölçüləri (uzunluğu və eni) və torpağın növü yarış proqramında göstərilməlidir.
4.1.2. Üstüörtülü idman qurğusunda yarış meydanının sahəsi 1200 kv.m, eni 20 m, üstüaçıq idman qurğusunda yarış meydanının sahəsi 4000 kv.m-dən az və ya eni 50 m-dən az olarsa, yarışları A cədvəli üzrə qiymətləndirmək qadağandır.
4.1.3. Yarış vaxtı idmançı atla birlikdə yarış meydanında olarkən bütün giriş və çıxışlar bağlı olmalıdır.
4.1.4. Sınaq maneələri hündürlüyü 1,40 m-dən və eni 1,60 m-dən çox olmamaq şərti ilə və yaxud da hündürlüyü 1,40 m-dən çox olmamaq şərti ilə, şaquli vəziyyətdə olmalıdır. Maneələr qırmızı və ağ bayraqlarla təchiz olunmalı və nömrələnməlidir. Yarış müddətində maneələrin ölçüsü dəyişdirilə bilməz. Sınaq maneəsinin üzərindən tullanmaq uçun yalnız iki cəhd göstərmək olar.
4.1.5. Baş Hakimlər Kollegiyasının işarə verdiyi andan həmin cəhdləri yerinə yetirmək üçün idmançıya maksimum 90 saniyə vaxt verilir.
4.1.6. Baş Hakimlər Kollegiyasının qərarı ilə çağırışdan sonra 45 saniyə ərzində meydana çıxmayan idmançı yarışdan xaric olunur.
4.1.7. Baş Hakimlər Kollegiyasının icazəsi ilə idmançı yarış meydanına atla daxil olmalı və onu atla tərk etməlidir.
4.2. Zəng və ondan istifadə halları
4.2.1. Yarış meydanı hazır olandan sonra tanışlıq üçün idmançıya verilən vaxtın başlanması və bitməsini göstərmək üçün zəngdən istifadə olunur.
4.2.2. Start barədə işarəni və 45 saniyədən sonra əks hesablanmanın başlanğıcını göstərmək üçün də zəngdən istifadə olunur.
4.2.3. Elektrik lövhə və ya başqa avadanlığın köməyi ilə əks hesablanma barədə məlumat idmançıya yarış meydanının hər bir nöqtəsindən aydın görünməlidir. Bu avadanlığın nasazlığı və ya olmaması hallarında əks hesablama barədə məlumat səsgücləndirici vasitəsilə bildirilməlidir. Baş hakim lazım gəldikdə, əks hesablanmanı saxlaya bilər. Əks hesablanmanın saxlandığı andan asılı olmayaraq, onun bərpası yenidən 45 saniyədən sonra başlayır. Zəngdən sonra start xəttini düzgün istiqamətdə keçənə qədər itaətsizlik, yıxılma və digər hallar üçün cərimə xalları verilmir.
4.2.4. Maneənin itaətsizlik nəticəsində dağılması, yerini dəyişməsi və bərpa olunmasını göstərmək üçün zəngdən istifadə edilir.
4.2.5. İdmançının hərəkətini saxlamaq və marşrut üzrə hərəkəti davam etməyə icazə vermək və ya idmançının yarışdan xaric edilməsini bildirmək üçün zəngdən istifadə olunur.
4.3. Marşrut və onun ölçülməsi
4.3.1. Marşrut – hərəkət trayektoriyasıdır. İdmançı yarış zamanı bu məsafəni düzgün istiqamətdə startdan finişə qədər maneələri dəf edərək keçməlidir. Marşrutun uzunluğu atın normal hərəkət trayektoriyası ilə 1 metr dəqiqliyi ilə ölçülür.
4.3.2. Start xətti ilə birinci maneə arasında məsafə 15 metrdən çox olmamalıdır. Finiş xətti ilə axırıncı maneə arasında məsafə 6 metrdən az olmamalıdır. Bu iki xətt sağdan qırmızı bayraqla, soldan isə ağ bayraqla nişanlanmalıdır. Bu bayraqların yanında müvafiq «Start» və «Finiş» sözləri yazılmış lövhələr quraşdırılır.
4.4. Marşrutun sxeminə aşağıdakılar daxildir:
4.4.1. finiş və start xətlərinin olması;
4.4.2. nisbi məsafə, tip (şaquli, üfüqi, üçqat maneə), maneələrin yanında hərflərin və nömrələrin qoyulması;
4.4.3. marşrut istiqamətində keçiləcək bütün yerlərin sol tərəfdən ağ bayraqla və sağ tərəfdən qırmızı bayraqla işarə edilməsi;
4.4.4. nəticələri müəyyən etmək üçün istifadə edilən cədvəlin olması;
4.4.5. təkrar tullanma üçün maneələrin nömrəsi, marşrutun uzunluğu, vaxt norması və vaxt limitinin göstərilməsi;
4.4.6. konkur haqqında Baş Hakimlər Kollegiyasının qəbul etdiyi qərarların və onlar tərəfindən edilən dəyişikliklərin elan edilməsi.
4.5. Marşrutda edilən dəyişikliklər
4.5.1. Marşrutun açıqlanmasından sonra, şəraitə görə marşrutun sxemində dəyişiklik etmək vacibdirsə, bunu ancaq Baş Hakimlər Kollegiyasının razılığı ilə etmək olar. Bu halda komanda nümayəndəsi və fərdi idmançılar bu dəyişiklik barədə xəbərdar edilməlidirlər.
4.5.2. Torpağın vəziyyətinin pisləşməsi və ya başqa xüsusi şəraitlər bunu tələb edirsə, Baş Hakimlər Kollegiyasının qərarı ilə maneələrin yerini dəyişmək olar. Yerlərinin dəyişdirilməsi mümkün olmayan maneələr (su bəndi, qanov və ya stasionar maneə) marşrutdan çıxarılır.
5. Maneələr
5.1. Şaquli və üfüqi maneələr
5.1.1. Maneə öz forma və görünüşünə görə cəlbedici görünməli, rəngarəng olmalıdır. Maneələrin özü və onların tərkib hissələri elə quraşdırılmalıdır ki, onları vurub salmaq mümkün olsun.
5.1.2. Tullanma qüvvəsi üzrə yarışlar, güc, cəldlik və ya hündürlüyə tullanma üzrə yarışlar istisna olmaqla, digər yarışlarda maneələrin hündürlüyü 1,70 metrdən yüksək olmamalıdır. Eni maksimum 2,20 metrə qədər olan maneə istisna olmaqla, üfüqi maneələrin eni 2 m-dən çox olmamalıdır. Su ilə doldurulmuş qanovun eni cəza xətti daxil olmaqla, 4,50 m-dən çox ola bilməz (uzunluğa rekord tullanma üçün su maneəsi istisna olmaqla ).
5.1.3. Klassik yarışlarda maneənin frontal müstəvi üzrə minimal eni 2 metr olmalıdır.
5.1.4. Hər hansı bir konstruksiyalı maneəyə o vaxt şaquli maneə demək olar ki, onun tullanma başlayan tərəfdən bütün elementləri eyni üfüqi səthdə yerləşmiş olsun.
5.1.5. Üfüqi maneənin arxa hissəsinin yuxarı elementləri onun qabaq hissəsinin yuxarı elementlərindən aşağı ola bilməz.
5.1.6. Əgər üfüqi maneənin hündürlüyü 140 sm-dən və faktiki eni 130 sm-dən çox olarsa, bu halda təhlükəsizlik kronşteynindən istifadə olunmalıdır.
5.2. Su ilə doldurulmuş qanov
5.2.1. Üfüqi tullanmanı su ilə doldurulmuş qanov hesab etmək üçün su səthinin ətrafında maneə olmamalıdır. Su ilə doldurulmuş qanovun səthinin minimal uzunluğu 2,50 m-dən az olmamalıdır.
5.2.2. Torpağın hündürlüyü 40 sm-dən 50 sm-ə qədər hündürlükdə cəza xətti (alçaq çəpər) qoyulur.
5.3. Maneələr sistemi
Maneələr sistemi - iki, üç və daha çox maneələrdən ibarət olur ki ,bu zaman onların arasındakı məsafə 7 m-dən az və 12 m-dən çox olmamalıdır.
6. Yarış zamanı səhvlər
6.1. Yarış zamanı buraxılmış səhvlər
Aşağıdakı hallar buraxılmış səhvlər hesab olunur:
6.1.1. maneənin dağılması, tullanma zamanı idmançının və atın su ilə doldurulmuş qanovun kənarını əhatə edən ensiz uzun taxtada iz qoyması və ya suya düşməsi;
6.1.2. atın itaətsizliyi;
6.1.3. marşrutdan kənarlaşma
6.1.4. atın və ya idmançının yıxılması;
6.1.5. vaxt normasının və ya vaxt həddinin aşması.
6.2. Maneələrin dağılması
6.2.1. Maneənin üst elementinin biri düşərsə, maneə atın və ya idmançının səhvindən dağılmış hesab olunur.
6.2.2. Tullanma vaxtı maneənin bir hissəsi və ya bayraq hər hansı bir istiqamətdə yerini dəyişirsə və ya ona toxunulursa, bu dağılma sayılmır. Şübhəli hallar idmançının xeyrinə həll olunur.
6.3. İtaətsizlik
Aşağıdakı hallar itaətsizlik hesab edilir:
atın maneə qarşısında dayanması (sarpma);
dövrələnmə;
atın maneələrdən yan keçməsi;
müqavimət.
6.4. Marşrutdan kənarlaşma Aşağıdakı hallar idmançının marşrutdan kənarlaşması hesab olunur:
6.4.1. bütöv xətt ilə göstərilən marşrut üzrə getməməsi;
6.4.2. bayraqlar arasından start və ya finiş xətlərini düzgün istiqamətdə keçməməsi;
6.4.3. dönüşün mütləq keçilmə yerini buraxmaması;
6.4.4. maneələri göstərilən istiqamətdə və ya ardıcıllıqla dəf etməməsi.
6.5. Sarpma
6.5.1. Maneənin dağılması və yerdəyişməsindən asılı olmayaraq, atın maneə qarşısında dayanmasına sərpmə deyilir.
6.6. Dövrələnmə
6.6.1. İdmançının nəzarətindən çıxaraq atın dəf edəcəyi maneədən və ya mütləq dönüş nöqtəsindən yan keçməsi dövrələnmə adlanır.
6.6.2. At maneəni iki qırmızı və ya iki ağ bayraqlar arasından keçərsə, maneə düzgün keçilməmiş hesab olunur.
6.6.3. Finiş xəttinin, mütləq keçmə məntəqəsinin və ya sayla növbəti maneənin qırmızı və ağ bayraqlarını birləşdirən xəttin ardını at bədəninin hər hansı bir hissəsi ilə kəsib keçirsə, bu hal dövrələnmə hesab olunur.
6.7. Müqavimət Atın bəzən irəli getməkdən imtina etməsi, yəni istənilən səbəbdən dayanması, bir və ya bir neçə düzgün olmayan hərəkətlər etməsi və ya şahə qalxanda istənilən səbəbdən geriyə addım atması atın müqaviməti hesab olunur.
6.8. Yıxılma
6.8.1. İdmançı bilərəkdən və ya bilməyərəkdən yıxılmamış atdan kənar düşübsə, yaxud torpağa toxunubsa və yaxud yəhərə qayıtmaq üçün hər hansı bir dayaqdan və ya kənar adamın köməyindən istifadə edibsə, yıxılmış hesab edilir.
6.8.2. Çiyni və budu torpağa və maneəyə toxunubsa, at yıxılmış hesab edilir.
7. Vaxt və sürət
7.1. Yarışın vaxtı
7.1.1. İdmançı tərəfindən marşrutu keçmək üçün sərf olunan vaxta yarış vaxtı deyilir.
7.1.2. Vaxtın hesablanması idmançının at üstündə start xəttini keçməsindən 45 saniyə sonra başlayır.
7.2. Sürət Marşrutda hərəkət üçün aşağıdakı sürət təyin edilir:
7.2.1. klassik yarışlarda bütün yaşlardan olan atlar və bütün qrup idmançılar üçün minimum sürət dəqiqədə 300 m və maksimum sürət dəqiqədə 400 metr;
7.2.2. 4 – 5 yaşlı atlar üçün keçirilən yarışlarda, minimum sürət dəqiqədə 300 metr və maksimum sürət dəqiqədə 350 m.
8. Səhvlərin qeydiyyatı və cəzalanma cədvəli
8.1. Səhvlər
8.1.1. Səhvlər cərimə xalları və ya saniyələrlə cəzalandırılır.
8.1.2. Yarış zamanı ancaq start və finiş xətləri arasında hər hansı səbəbdən edilən səhvlər nəzərə alınır.
8.2. Nəticələrin qeydiyyatı
8.2.1. Hər bir maneədə idmançının göstərdiyi nəticə ancaq Baş Hakimlər Kollegiyası tərəfindən qeyd edilir. Baş Hakimlər Kollegiyasının icazəsi ilə rəsmi texniki vasitələrlə çəkilmiş video və audio materiallar idmançının nəticəsinin qeydiyyatının əsası kimi istifadə edilə bilər.
8.2.2. Yarışa hakimlik etmək üçün təyin olunmuş üç hakimdən azı ikisi idmançının hər maneədə, maneələr arasında və digər hallarda nəticələrini, xaric edilmə olduqda isə, onun səbəbini təsdiq etməlidir.
8.3. A cədvəli üzrə cəzalanma
8.3.1 İdmançı:
marşrutda birinci itaətsizliyə görə - 4 cərimə xalı;
maneənin dağılması və ya su ilə doldurulmuş qanova düşmə, ya onun sərhədini qeyd edən taxtaya toxunmaya görə - 4 cərimə xalı;
əsas yarışda vaxt normasının həddini aşmanın və ya qabaqcadan keçirilmiş təkrar tullanmanın hər 4 saniyəsinə görə - 1 cərimə xalı;
axırıncı təkrar tullanmada vaxt normasının həddinin aşmasının hər bir saniyəsinə görə - 1 cərimə xalı;
marşrutda ikinci itaətsizlik, idmançının, atın və ya hər ikisinin birinci dəfə yıxılması və ya göstərilən hər hansı başqa pozuntulara görə - xaric olma ilə cərimələnir.
8.4. B cədvəli üzrə cəzalanma
8.4.1. İkinci idman dərəcəsindən yuxarı dərəcə normalarının və tələblərinin yerinə yetirilməsi üçün B cədvəlindən istifadə olunmalıdır.
8.4.2. İdmançı: marşrutda birinci itaətsizliyə görə - 3 cərimə xalı;
maneənin dağılması, su ilə doldurulmuş qanova düşmə, və ya onu əhatə edən ensiz uzun taxtaya toxunmaya görə - 4 cərimə xalı;
marşrutda ikinci itaətsizliyə görə - 6 cərimə xalı;
idmançının birinci yıxılmasına görə - 8 cərimə xalı;
əsas yarışda vaxt normasının həddini aşmasına və ya qabaqcadan keçirilmiş təkrar tullanmada hər 1 saniyəyə görə - 0,25 cərimə xalı;
sonuncu təkrar tullanmada vaxt normasının həddini aşmasının hər bir saniyəsinə görə - 1 cərimə xalı;
idmançının ikinci yıxılmasına, atın birinci yıxılmasına, marşrutda üçüncü itaətsizliyə və ya göstərilən başqa pozuntulara görə - xaric olma ilə cərimələnir.
8.4.3. İtaətsizliyə görə verilən cərimə xalları təkcə həmin maneədə deyil, həm də bütün git üzrə toplanır.
8.4.4. Yıxılmaya görə cərimə xalları yıxılmaya səbəb olan dağılmaya və ya itaətsizliyə görə cərimə xallarına əlavə olunur.
8.5. C cədvəli üzrə cəzalanma
8.5.1. C cədvəli üzrə keçirilən yarışlar dərəcə normalarının və tələblərinin yerinə yetirilməsi üçün müvafiq (təsnifatlı) sayılmır.
8.5.2. C cədvəli üzrə səhvlər idmançının yarışı başa çatdırmasına sərf olunan vaxta əlavə olunan saniyələrlə cərimələnir.
8.5.3. İdmançı:
maneənin dağılması, su ilə doldurulmuş qanova düşmə və ya onun sərhədini göstərən taxtaya toxunmaya görə - 4 cərimə xalı;
bağlı maneələrdə keçirilən duelə, iki faza yarışlarında və C cədvəli üzrə keçirilən təkrar tullanmaya görə - 3 cərimə xalı;
birinci itaətsizliyə görə - avtomatik sərf olunan vaxt ilə cəzalandırılır.
Qeyd. C cədvəli üzrə keçirilən yarışlarda vaxt norması anlayışı tətbiq edilmir. Marşrutun uzunluğu 600 metrdən çox olarsa, onda vaxt həddi 180 saniyəy ə, marşrutun uzunluğu 600 metrdən az olarsa, onda vaxt həddi 120 saniyəyə bərabərdir.
9. Cəzalar
9.1. Xaric edilmə
Yarışın Baş hakimi aşağıdakı hallarda idmançını xaric etməyə məcburdur:
9.1.1. yıxılma halında belə sistemin birinci hissəsinin və ya birədədli maneənin dəf edilməsinə 45 saniyədən çox vaxt sərf olunmuşdursa;
9.1.2. birinci maneəni düzgün istiqamətdə start xəttini keçmədən dəf etmişdirsə;
9.1.3. mütləq keçilmə məntəqəsini ötürmüşdürsə və göstərilən trayektoriyada aradan qaldırıla bilməyən yankeçməyə yol vermişdirsə;
9.1.4. yarış vaxtı marşruta daxil olmayan maneəni dəf etmişdirsə;
9.1.5. maneəni müəyyən olunmuş ardıcıllıqla dəf etməmişdirsə;
9.1.6. vaxt həddini aşmışdırsa;
9.1.7. sarpma, dövrələmə və ya yıxılmadan sonra maneələr sistemini yenidən dəf etməmişdirsə;
9.1.8. idman meydanından çıxana kimi axırıncı maneəni dəf etdikdən sonra at üstündə bayraqlar arasından finiş xəttini düzgün istiqamətdə keçməmişdirsə;
9.1.9. idman meydanından Baş Hakimlər Kollegiyasının icazəsi olmadan getmişdirsə və ya starta icazə aldıqdan sonra və git qurtarmadan atın getməsinə yol vermişdirsə;
9.1.10. hazırlıq və ya məşq meydanında, yaxud yarış keçirilən yerin bilavasitə yaxınlığında at üstündə əlində 75 sm-dən uzun və ya ucu qəsdən ağırlaşdırılmış çubuq tutmuşdursa;
9.1.11. təlim, məşq və yarış zamanı atlara qarşı zorakılıq və qəddarlıq halları müşahidə edilərsə;
9.1.12. baş hakimin rəyi ilə yarışı davam etdirmək iqtidarında deyildirsə.
9.2. Atların təlimi üçün hazırlıq meydanları
9.2.1. Məşqlərin normal keçməsi üçün kifayət qədər böyük olan hazırlıq və ya məşq meydanları olmalıdır. Hər bir meydanda atı maneəsiz işlətmək üçün tətbiq edilən maneələrdən başqa, şaquli və üfüqi maneələr quraşdırılmalıdır. Torpaq yaxşı vəziyyətdə olmalıdır. Kifayət qədər yer olduqda və məşq edən idmançıların sayı çox olduqda, arenanı əlavə maneələrlə təmin etmək lazımdır. Bütün maneələr bir qaydada düzəldilməli, qırmızı və ağ bayraqla işarələnməlidirlər. İdmançıların sayı çox olduqda, məşq meydanlarının bölünməsi nəzərdə tutulmalıdır.
9.2.2. Maneənin maksimal hündürlüyü 140 sm-dən çox deyilsə, hazırlıq meydanında olan maneələrin hündürlüyü yarış meydanında olan maneələrin maksimal hündürlüyündən 10 sm-dən çox ola bilməz. Əgər yarışda maneənin hündürlüyü 140 sm-dən çoxdursa, hazırlıq meydanında olan maneənin hündürlüyü 160 sm-dən çox ola bilməz.
9.2.3. İdmançılar öz atlarını klaviş təlim hərəkətləri ilə məşq etdirə bilərlər. Bu məqsədlə istifadə edilən maneələrin hündürlüyü 130 sm-dən çox olmamalıdır. Belə maneələrdən istifadə edən idmançılar qəsdən zədələnməyə qarşı olan qaydaları pozmamalıdırlar.
9.2.4. Əgər meydanın ölçüləri imkan verirsə, hündürlüyü 130 sm-dən çox olmayan maneənin qarşısında 250 sm-dən yaxın olmayan məsafədə bir maneə qoyula bilər.
9.2.5. Məşq və hazırlıq meydanları istifadə edildikdə, meydanlar daim nəzarət altında olmalıdır. Bu meydanlar iş üçün açıq olduqda, qaydaların riayət olunmasına nəzarət edən ən azı bir hakim-inspektor olmalıdır.
10. Təkrar tullanma
10.1. Təkrar tullanma anlayışı
10.1.1. Eyni yarışda yalnız birinci və ya bir neçə əvvəlki gitlərdə birinci yer üçün təxminən bərabər imkanlı idmançılar təkrar tullanmada iştirak edirlər. Yarışın qalibini müəyyənləşdirmək üçün bir və ya bir neçə təkrar tullanma keçirilə bilər.
10.1.2. Əgər birinci yerə iddia edən idmançı əvvəlki gitlərdə maneələri cərimə xalları olmadan dəf etmişdirsə, verilən hədləri aşmadan, təkrar tullanmada (tullanmalarda) olan maneələrin ölçüləri böyüdülə bilər.
10.1.3. Maneənin formasını, tipini (xüsusiyyətini) və rəngini dəyişmək olmaz, lakin sistemdən bir maneə götürmək olar. Əgər sistem üç ədədli və ya dörd ədədlidirsə, onda orta elementi və digər elementləri götürmək olmaz. Maneələrin dəfedilmə ardıcıllığı dəyişdirilə bilər.
11. Yarışların keçirilməsi prosesi
11.1. Start ardıcıllığını müəyyən etmək üçün püşk atılır.
11.2. Fərdi idmançıların və komanda üzvlərinin yarışda iştirakı aşağıdakı qaydada müəyyənləşdirilir:
11.2.1. fərdi idmançı yarışda iki və daha çox atla iştirak edirsə, Baş Hakimlər Kollegiyası start ardıcıllığını elə nizamlamalıdır ki, bu idmançının atlarının çıxış intervalı minimum 10 idmançının çıxış müddəti qədər olsun;
11.2.2. start ardıcıllığı elan edildikdən sonra komanda rəhbəri atı və idmançını dəyişmək qərarına gəlsə, yarışın birinci iştirakçısının startına 60 dəqiqə qalmasından gec olmayaraq bunu edə bilər;
11.2.3. bütün turnir müddətində hər bir at təşkilat komitəsi tərəfindən verilən identifikasiya nömrəsini daşımalıdır.
11.3. Starta bildiriş və yarışda iştirakın təsdiqi
Komanda rəhbərləri komanda üzvlərinin siyahısını və atların ləqəbi ilə fərdi idmançıların adını yazılı surətdə katibliyə verməlidirlər. Bədbəxt hadisə, idmançının və ya onun atının xəstəliyi hallarında və ya hər hansı başqa səbəbdən, komanda rəhbəri yarışın birinci iştirakçısının startından 60 dəqiqədən gec olmayaraq, onu (onları) fərdi iştirakçı ilə (əgər varsa) dəyişə bilər.
11.4. Atların iştirakı
11.4.1. Yarışda bir idmançı üç atdan çox atla iştirak edə bilməz.
11.4.2. Ölkə çempionatlarında iştirak edən atlar üçün aşağıdakı normalar müəyyən edilir:
4 yaş üçün maneənin hündürlüyü - 115 sm-ə qədər
5 yaş üçün maneənin hündürlüyü - 125 sm-ə qədər
6 yaş üçün maneənin hündürlüyü - 135 sm-ə qədər
7 yaş üçün maneənin hündürlüyü - 140 sm-ə qədər
8 yaş üçün maneənin hündürlüyü - 150 sm-ə qədər.
Qeyd. Birinci və ikinci qrup yarışlarda hər bir at bir yarışda ancaq bir idmançı ilə çıxış edə bilər.
11.5. Gənclər və yeniyetmələr
11.5.1. 12 yaşı tamam olmuş idmançılar həmin il və 13 yaşı tamam olana kimi sonrakı ildə maneənin maksimal hündürlüyü təkrar tullanma daxil olmaqla, 110 sm-dən çox olmayan yarışlarda iştirak edə bilərlər. Müvafiq olaraq
13 yaşdan 14 yaşa qədər maneənin hündürlüyü -100 sm;
14 yaşdan 15 yaşa qədər maneənin hündürlüyü -110 sm;
15 yaşdan 16 yaşa qədər maneənin hündürlüyü -120 sm;
16 yaşdan 17 yaşa qədər maneənin hündürlüyü -130 sm;
17 yaşdan 18 yaşa qədər maneənin hündürlüyü -140 sm;
18 yaş üçün maneənin hündürlüyü - 150 sm müəyyən edilir.
11.5.2. Gənc idmançı yeniyetmələr arasında olan yarışlarda eyni atla iştirak edə bilməz.
11.5.3. 16 yaşı tamam olana kimi idmançılar 6 yaşdan cavan atlarla iştirak edə bilməzlər.
12. Hakimlər və rəsmi şəxslər
12.1. Hakimlər
Baş Hakimlər Kollegiyası turnirin baş hakimindən, baş katibdən və Baş Hakimlər Kollegiyasının üzvlərindən ibarət olur.
12.2. Rəsmi şəxslər
Apellyasiya komitəsinin sədri, apellyasiya komitəsinin üzvləri (2 nəfərdən az olmayaraq), baytar və texniki nümayəndə rəsmi şəxslər hesab olunurlar.
13. Klassik yarışlar
13.1. Konkur yarışları Konkur üzrə şəxsi və komanda yarışları mövcuddur.
13.2. Klassik və Qran-pri yarışları
13.2.1. Klassik yarışlar və Qran-pri yarışları maneələr üzərindən tullanma yarışlarının növləridir. Bu yarışlar A və B cədvəlləri üzrə vaxt norması ilə qiymətləndirilmir. Vaxtın ölçülməsi məcburi deyil.
13.2.2. Maneələrin sayı, xüsusiyyəti, hündürlüyü və eni Baş Hakimlər Kollegiyası tərəfindən təyin edilir.
13.2.3. Konkur üzrə təsnifat marşrutları aşağıdakı şərtlərə uyğun olmalıdır:
13.2.3.1. maneənin hündürlüyü 150 sm-ə qədər olduqda:
maneələrin sayı 12;
maneələrin minimal hündürlüyü 130 sm, maksimal hündürlüyü 150 sm;
2 şaquli maneənin hündürlüyü 150 sm;
2 üfüqi maneənin hündürlüyü və eni müvafiq olaraq 150 sm və 170 sm;
digər 6 maneənin hər birinin hündürlüyü 140 sm;
maneələrin maksimal eni 180 sm;
üçhissəli maneənin maksimal eni 220 sm;
cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 400 sm;
maksimal eni 420 sm (məcburi deyil);
marşrutun minimal uzunluğu 500 m, maksimal uzunluğu 700 m;
açıq meydanda hərəkət sürəti dəqiqədə 400 m;
bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir;
13.2.3.2. maneənin hündürlüyü 140 sm-ə qədər olduqda:
maneələrin sayı 12;
maneələrin minimal hündürlüyü 120 sm, maksimal hündürlüyü 140 sm;
2 şaquli maneənin hündürlüyü 140 sm;
2 üfüqi maneənin hündürlüyü 145 sm, eni 160 sm;
digər 6 maneənin hər birinin hündürlüyü 135 sm;
maneələrin maksimal eni 180 sm;
üçhissəli maneənin maksimal eni 200 sm;
cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 380 sm;
maksimal eni 400 sm (məcburi deyil);
marşrutun minimal uzunluğu 500 sm, maksimal uzunluğu 700 sm;
açıq meydanda hərəkət sürəti dəqiqədə 400 m;
bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir;
13.2.3.3. maneənin hündürlüyü 135 sm-ə qədər olduqda:
maneələrin sayı 12;
maneələrin minimal hündürlüyü 120 sm, maksimal hündürlüyü 135 sm;
2 şaquli maneənin hündürlüyü 135 sm;
2 üfüqi maneənin hündürlüyü 130 sm, eni 140 sm;
digər 6 maneənin hər birinin hündürlüyü 130 sm;
maneələrin maksimal eni 160 sm;
üçhissəli maneənin maksimal eni 190 sm;
cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 350 sm maksimal eni 370 sm (məcburi deyil);
marşrutun minimal uzunluğu 500 m, maksimal eni 700 m;
açıq meydanda hərəkət sürəti dəqiqədə 375 m;
bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir;
13.2.3.4. maneənin hündürlüyü 130 sm-ə qədər olduqda: maneələrin sayı 12;
maneələrin minimal hündürlüyü 110 sm, maksimal hündürlüyü 130 sm;
2 şaquli maneənin hündürlüyü 130 sm;
2 üfüqi maneənin hündürlüyü 120 sm, eni 140 sm;
digər 6 maneənin hər birinin hündürlüyü 120 sm;
maneələrin maksimal eni 140 sm;
üçhissəli maneənin maksimal eni 180 sm;
cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 320 sm, maksimal eni 350 sm (məcburi deyil);
marşrutun minimal uzunluğu 500 m, maksimal uzunluğu 700 m;
açıq və bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir;
13.2.3.5. maneənin hündürlüyü 120 sm-ə qədər olduqda:
maneələrin sayı 12;
maneələrin minimal hündürlüyü 100 sm, maksimal hündürlüyü 120 sm;
2 şaquli maneənin hündürlüyü 120 sm;
2 üfüqi maneənin hündürlüyü 100 sm, eni 130 sm;
digər 6 maneənin hər birinin hündürlüyü 110 sm;
maneələrin maksimal eni 130 sm;
üçhissəli maneənin maksimal eni 170 sm;
cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 270 sm, maksimal eni 300 sm (məcburi deyil);
marşrutun minimal uzunluğu 500 m, maksimal uzunluğu 600 m;
açıq və bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir;
13.2.3.6. maneənin hündürlüyü 110 sm-ə qədər olduqda:
maneələrin sayı 10;
maneələrin minimal hündürlüyü 90 sm, maksimal hündürlüyü 110 sm;
2 şaquli maneənin hündürlüyü 110 sm;
2 üfüqi maneənin hündürlüyü 100 sm;
digər 4 maneənin hər birinin hündürlüyü 100 sm;
maneələrin maksimal eni 110 sm;
üçhissəli maneənin maksimal eni 150 sm;
cərimə xətti daxil olmaqla, su ilə doldurulmuş qanovun minimal eni 250 sm, maksimal eni 270 sm (məcburi deyil);
marşrutun minimal uzunluğu 350 m, maksimal uzunluğu 550 m;
açıq və bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir;
13.2.3.7. maneənin hündürlüyü 100 sm-ə qədər olduqda: maneələrin sayı 8;
maneələrin minimal hündürlüyü 80 sm, maksimal hündürlüyü 100 sm;
2 şaquli maneənin hündürlüyü 100 sm;
2 üfüqi maneənin hündürlüyü 90 sm, eni 100 sm;
digər 2 maneənin hündürlüyü 90 sm;
maneələrin maksimal eni 100 sm;
üçhissəli maneənin maksimal eni 150 sm;
marşrutun minimal uzunluğu 300 m, maksimal uzunluğu 450 m;
açıq və bağlı meydanda hərəkət sürəti dəqiqədə 350 m müəyyən edilir.
13.3. Tullanmanın qüvvə yarışları
13.3.1. Bu yarışların məqsədi atın məhdud sayda böyük maneələr üzərindən tullanma bacarığını nümayiş etdirməkdir.
13.3.2. Birinci gitə 4-dən 6-ya qədər birədədli maneə daxildir, onlardan ən azı biri şaquli maneə olmalıdır. Birinci maneənin hündürlüyü minimum 120 sm, sonrakı iki maneə 140 sm-dən 150 sm-ə qədər və bir şaquli maneə 150 sm-dən 160 sm-ə qədər hündürlükdə olmalıdır. Digər maneələr sistemi, eləcə də su maneələri, qanovlar və təbii maneələr qadağandır.
13.3.3. Birinci yer uğrunda idmançıların topladığı xallar eyni olarsa, əlavə olaraq şaquli və üfüqi maneələr üzərindən təkrar tullanma keçirilir. Bu zaman qabaq hissədən meyilli olan şaquli maneədən istifadə etməyə icazə verilir (maksimal əsasa qədər 30 sm).
Təkrar tullanmada hər iki maneənin hündürlüyü, üfüqi maneənin isə həm də eni artırılır. Şaquli maneələr (birinci təkrar tullanmada meyillilik maksimum 20 sm, növbəti təkrar tullanmalarda maksimum 10 sm olmaqla), o vaxt artırılır ki, idmançının əvvəlki gitlərdə cəriməsi olmasın və birinci yer uğrunda göstəricilərə malik olsun.
13.4. Ovçu konkuru, cəldlik və idarəetmə yarışları
13.4.1. Bu yarışın məqsədi atın itaətliliyini və cəldliyini nümayiş etdirməkdir.
13.4.2. Marşrutda müxtəlif maneələr olmalıdır (daha çətin maneələri dəf etmək hesabına idmançıya öz marşrutunu qısaltmağa imkan yaradan alternativ maneələrdən istifadə etməyə icazə verilir). Bu tip digər yarışlar cəldlik və idarəetmə yarışları adlanır.
13.4.3. Marşrutun sxemində hərəkət trayektoriyası oxlarla və hər maneə nömrələrlə işarə edilir.
13.4.4. Bu yarış C cədvəli üzrə qiymətləndirilir.
13.5. Komanda yarışları
13.5.1. Bu yarışda komandalar idman təşkilatlarını və digər təşkilatları təmsil edirlər.
13.5.2. Fərdi iştirakçılar komanda yarışlarına buraxılmırlar.
13.6. Güc və cəldlik yarışları
13.6.1. Bu yarışda ancaq jerdlərdən ibarət 6 şaquli maneə düz xətt boyunca bir-birindən təxminən 11 metr aralı yerləşdirilir. Meydanın ölçülərind ən asılı olaraq maneələrin sayı azaldıla bilər.
13.6.2. Bütün maneələr eyni hündürlükdə (məsələn, hər biri 120 sm), ardıcıl artırılmaqla 110 sm, 115 sm, 120 sm, 130 sm, 135 sm hündürlükdə və ya birinci və ikinci maneələr 120 sm, növbəti 2 maneə 130 sm və digər hündürlükdə quraşdırılır.
13.7. Altı maneə yarışları
13.7.1. Bu yarış düz xətt üzrə quraşdırılmış maneələr yarışı keçirildiyi üsulla keçirilir.
13.7.2. Bu altı maneə bir birindən fərqli ola bilər (şaquli və üfüqi maneələr).
13.7.3. Bu maneələr iki temp məsafəsində (təxminən 11 metr), düz xətt üzərində quraşdırılmış maneələr yarışlarında olduğu kimi, bir düz xətt üzrə və ya iki düz xətt üzrə üç maneədən ibarət qrup şəklində düzülə bilər.
13.8. Estafet yarışları
13.8.1. Bu yarış 2 və ya 3 idmançıdan ibarət komandalar üçündür. 10-12 maneədən ibarət marşrut komandada olan idmançıların sayı qədər dəf edilir. Gitin vaxtı komandanın istənilən idmançısı tərəfindən start xəttini keçdiyi andan komandanın axırıncı idmançısının finiş xəttini keçdiyi ana qədər qeyd olunur.
13.8.2. İdmançılar istənilən ardıcıllıqla starta çıxa bilərlər və istənilən yerdə və vaxtda əvəzedici təyin edilə bilər.
13.8.3. Starta icazə verən zəngdən sonra start xəttini birinci keçən idmançı birinci maneəni dəf etməlidir.
13.8.4. Komandanın idmançısı finiş xəttini axırıncı marşrutun axırdan ikinci maneəsini dəf etdikdən sonra keçə bilər.
13.8.5. Marşrutun əvvəlki maneələrini dəf etməyənə kimi sonrakı maneələri dəf etmək qadağandır.
13.8.6. İtaətsizlik halında komandanın hər hansı idmançısı maneəni dəf edə bilər.
13.9. Dəqiqə yarışı
13.9.1. Bu yarışda idmançıya maneənin düzgün dəf edilməsinə görə 2 xal və maneənin dağılmasına görə 1 cərimə xalı verilir. Maneələr sistemindən istifadə qadağandır.
13.9.2. Bu yarış 60-90 saniyəyədək vaxt məhdudiyyəti ilə keçirilir. Əgər idmançı marşrutu verilmiş vaxtdan tez qurtararsa, onda o, marşrutu yenidən başlayır. İtaətsizlik idmançının sərf etdiyi vaxt ilə cərimələnir. 3-cü itaətsizlik və 1-ci yıxılma zamanı idmançının çıxışı dayandırılır. Bu halda idmançı onunla eyni xallar qazanan idmançılar arasında sonuncu yeri tutur.
13.9.3. Təyin olunmuş vaxt bitdikdə zəng çalınır. İdmançı ardıcıl növbəti maneəni dəf etməlidir və saniyəölçənlər atın qabaq ayaqları torpağa toxunduğu an saxlanılır. Bu halda ona zəngdən sonra dəf etdiyi maneələrə görə xal verilmir.
13.9.4. Təyin olunmuş vaxt at yerindən itələndikdən sonra qurtarırsa, bu, dağılıb - dağılmamasından asılı olmayaraq maneənin dəf olunması kimi qəbul olunur. Əgər itaətsizlik nəticəsində maneənin dağılması baş verərsə, onda zəng çalınır və buna müvafiq olaraq təyin olunmuş vaxt 6 saniyə azaldılır.
13.9.5. Əgər idmançı maneələri birinci cəhddən dəf etmirsə, onda git bitmiş hesab olunur. İdmançı onunla eyni sayda xallar qazanan idmançılar arasında axırıncı yeri tutur.
13.9.6. Verilən vaxt bitənə qədər ən çox xal qazanan idmançı yarışın qalibi olur. Xallar üzrə bərabərlik halında giti başa çatdırmaq üçün sərf olunan vaxt nəzərə alınır.
13.10. Artan çətinliklər üzrə yarışlar
13.10.1. Bu yarış ardıcıl olaraq çətinləşən 6, 8 və ya 10 maneə ilə keçirilir. Maneələr sistemindən istifadəyə icazə verilmir. Ardıcıl olaraq çətinləşmə ancaq maneənin hündürlük və eni hesabına deyil, həm də trayektoriyanın çətinləşməsi ilə əldə edilir.
13.10.2. Müsbət xallar aşağıdakı qayda ilə verilir:
1 №-li maneəni dağılmaması şərti ilə dəf etmək ü çün - 1 xal;
2 №-li maneəni dağılmaması şərti ilə dəf etmək üçün - 2 xal;
3 №-li maneəni dağılmaması şərti ilə dəf etmək üçün - 3 xal və s.
Dağılmış maneələrə görə xallar əlavə edilmir. Digər səhvlər A və B cədvəlləri üzrə cərimələnir. İdmançının nəticələri toplanmış cərimə xallarının çıxılması ilə müəyyən edilir.
13.10.3. Bu yarış vaxt hesabı nəzərə alınmadan təkrar tullanma ilə və ya vaxt hesabı nəzərə alınmaqla, təkrar tullanmasız keçirilir.
13.10.4. Təkrar tullanmada hündürlük və en ölçüləri artırıla bilən 6 maneədən az maneə ola bilməz. Təkrar tullanmada maneələr birinci gitdə dəf edildiyi ardıcıllıqla dəf edilməlidir.
13.10.5. Marşrutun axırıncı maneəsi üçün bir hissəsi coker kimi işarə edilmiş alternativ maneə nəzərdə tutula bilər. Coker alternativ maneədən çətin olmalıdır və cokerdə qazanılan xallar ikiqat artırılır. Əgər coker dağılmışdırsa, onda ikiqat artırılmış xallar ümumi xallardan çıxılır.
13.11. Maksimum ballar üzrə yarışlar
13.11.1. Bu yarışda yarış meydanında, maneələr sistemi istisna olmaqla, bir neçə maneə qoyulur. Hər bir maneə onun çətinliyinə müvafiq olaraq (10 xaldan 120 xala qədər) qiymətləndirilir. Mütləq marşrut qoyulmur. Maneələr elə qoyulur ki, onları hər iki tərəfdən dəf etmək mümkün olsun. Kurs-dizaynerin qərarına əsasən maneənin dəf edilməsi üçün müəyyən edilən hallar bir neçə maneələrdə təkrarlana bilər. Əgər yarış meydanında 12 maneə yerləşdirmək mümkün deyilsə, onda kurs-dizayner istənilən maneələri götürə bilər.
13.11.2. İdmançı hər düzgün dəf edilən maneəyə görə xal qazanır. Dağılmış maneəyə görə xal verilmir.
13.11.3. Hər idmançıya 45 saniyədən 90 saniyəyədək vaxt verilir. Bu vaxt ərzində o, maneələri istənilən ardıcıllıqla və istənilən istiqamətdə dəf edə bilər. Start xətti 4 bayraqla (hər iki tərəfdə 2 ağ və 2 qırmızı bayraq) işarə edilməlidir. İdmançı start xəttini istənilən istiqamətdə keçə bilər.
13.11.4. Zəng gitin bitdiyini bildirir. Bundan sonra idmançı 4 bayraqla işarə edilmiş (hər iki tərəfdə 2 ağ və 2 qırmızı) istənilən istiqamətdə öz vaxtını qeyd etmək üçün finiş xəttini keçməlidir. Əgər o, finiş xəttini keçmirsə, onda bu idmançı onunla eyni sayda xalları olan idmançılar arasında axırıncı yeri tutur.
13.11.5. Təyin olunmuş vaxt at yerindən itələndiyi an qurtardıqda, bu maneə düzgün dəf edilmişdirsə, hesaba alınır.
13.11.6. Git ərzində dağılmış istənilən maneə bərpa olunmamalıdır. Əgər o, yenidən dəf edilirsə, onda buna görə xallar verilmir. Bu qayda bir üfüqi müstəvidəki aşağı elementlərin və ya bayraqların yerinin dəyişməsi hallarında qüvvədə olur. Maneənin dağılması halında idmançı həmin və ya istənilən başqa maneəni dəf edə bilər.
13.11.7. Hər maneə iki dəfə dəf oluna bilər. Maneənin 3-cü dəfə dəf edilməsi və ya dağılmış maneənin bayraqları arasından keçmə oyundan xaricolmaya səbəb olmur. İdmançı bu maneələrə görə xal qazanmır.
13.11.8. Bütün itaətsizliklər idmançı tərəfindən sərf olunan vaxtın azaldılması ilə cərimələnir. İdmançı birinci yıxılmadan sonra marşrutdan çıxmalıdır. O, yıxılmaya qədər vaxtdan asılı olmayaraq topladığı xallara müvafiq yer tutur.
13.11.9. Ən çox xal qazanan idmançı qalib olur. Xalların bərabərliyi halında start və finiş xətləri arasında göstərilən vaxt həlledici olur. Xalların və vaxtın bərabərliyi halında birinci yer uğrunda təyin olunmuş 40 saniyəlik vaxtda təkrar tullanma keçirilir.
13.11.10. Meydanda coker qoyulmuşdursa, onda o, lazımi qa ydada bayraqlarla işarə olunmalıdır. Coker 2 dəfə dəf edilə bilər. Hər düzgün dəf edilməyə görə 200 xal verilir. Əgər o, dağılırsa, bu zaman idmançının nəticəsindən 200 xal çıxılır.
13.11.11. Bu maneədə sərpmə və ya dövrələmə halında idmançının hesabından xallar çıxılmır.
13.12. Öz marşrutunu seçmə yarışları
13.12.1. Bu yarışda maneələr ancaq bir dəfə və idmançının seçdiyi ardıcıllıqla dəf edilməlidir. Maneələr sistemindən istifadə etməyə icazə verilmir.
13.12.2. Bu yarış C cədvəli ilə sürət göstərilmədən qiymətləndirilir və vaxt norması qoyulmur. İdmançı 120 saniyədən sonra öz marşrutunu qurtarmırsa, o, yarışdan xaric olunur.
13.12.3. Bütün itaətsizliklər vaxtla cərimələnir.
13.12.4. Əgər hələ dəf olunmayan maneə itaətsizlik və ya atın, yaxud idmançının təsadüfi toxunması səbəbindən dağılmış, yaxud yerini dəyişmişdirsə, onda zəng çalınır və maneənin bərpa olunması üçün gitin vaxtı saxlanılır. İdmançının nəticələrinə 6 saniyə əlavə edilir. İdmançı ancaq zəng təkrar səsləndikdən sonra hərəkəti yenidən başlaya bilər.
13.13. Duel yarışı
Bu yarışda iştirak etmək hüququnu qazanmaq üçün idmançılar:
- ya ayrıca yarışın nəticəsinə görə təsnifat olunurlar;
- ya da vaxt hesabına uyğun, A və C cədvəlləri üzrə təsnifat olma imkanı verən gitdə iştirak edirlər.
13.14. İki git yarışı
13.14.1. Bu yarışa maneələrin ölçüsü və ya maneələrin dəf edilmə ardıcıllığı eyni və ya fərqli olan 2 marşrut daxildir. Bu marşrutlarda hər idmançı eyni atla iştirak edir. Yarışdan xaric olunmuş idmançılar və ya birinci git ərzində öz təşəbbüsü ilə marşrutu tərk edən idmançılar ikinci gitdə iştirak edə bilməzlər. İkinci gitdə iştirak etməyən idmançılar mükafat yeri də tuta bilməzlər.
13.14.2. Birinci gitdə bütün idmançılar iştirak edirlər;
13.14.3. Xaric olan və ya birinci git ərzində öz təşəbbüsü ilə marşrutu tərk edən idmançılardan başqa, bütün idmançılar ikinci gitdə iştirak edə bilərlər.
13.15. İki faza yarışları
13.15.1. İki faza yarışları fasiləsiz olaraq, eyni və ya fərqli sürətlərlə keçirilir. Bu zaman birinci fazanın finiş xətti ikinci faza üçün start xətti olur.
13.15.2. Bu yarış aşağıdakı qaydada keçirilir:
13.15.2.1. hər iki faza A cədvəli üzrə hər faza üçün vaxt hesaba alınmamaqla;
13.15.2.2. birinci faza 8-9 sistemli və ya sistemsiz maneələrdən ibarətdir. İkinci faza isə 4-6 maneə ilə bir sistem daxil edilən marşrutdur;
13.15.2.3. birinci fazada cərimə xalları qazanan idmançılar finiş xəttini keçdikdən sonra zənglə dayandırılırlar;
13.15.2.4. əgər ikinci faza A cədvəli üzrə keçirilirsə, bu halda vaxt norması aşmasına görə idmançıya hər 4 saniyə üçün 1 cərimə xalı müəyyən olunur; xallar bərabər olduqda, idmançılar eyni yerlər tuturlar;
13.15.2.5. birinci fazada saxlanılan idmançılar hər iki fazada iştirak edən idmançılardan sonra yer tuturlar.
13.16. Derbi
13.16.1. Derbi yarışı minimum 1000 metr, maksimum 1300 metr məsafədə, təbii maneələrdən tullanmalardan ibarət olan marşrutla keçirilir. Qalibi müəyyən etmək üçün bir təkrar tullanmanın keçirilməsi nəzərdə tutula bilər.
13.16.2. Yarış A, B və C cədvəlləri üzrə qiymətləndirilir.
13.16.3. Əgər atların sayı azaldılmayıbsa, onda hər idmançıya maksimum 3 atla iştirak etməyə icazə verilir.
13.17. Maneələr sistemi üzrə yarışlar
13.17.1. Bu yarışların sistemi 6 maneədən ibarət olur. 1-ci maneə tək, digər 5 maneə isə sistemli maneələrdən ibarət olmalıdır.
13.17.2. Yarış A, B və C cədvəlləri ilə qiymətləndirilir.
13.17.3. Təkrar tullanma keçirilirsə, onun marşrutu hündürlük və en ölçüləri artırıla bilən 6 maneədən ibarət olmalıdır.
13.17.4. Marşrutun uzunluğu 600 metrdən çox olmamalıdır.
13.18. Hündürlüyə tullanma üzrə yarışlar
13.18.1. Birinci gitdə hündürlüyü 140 sm olan maneələr qoyulur (hasar və ya şaquli maneə). Növbəti gitlərdə maneələrin hündürlüyü 10 sm artırılır.
13.18.2. Start və finiş xətləri maneələrdən 10 metr aralı yerləşdirilir.
13.18.3. Meydanda sınaq maneəsi qoyulur.
13.18.4. Hər iştirakçı öz çıxışını istənilən gitdən başlaya bilər.
13.18.5. Yarış A və B cədvəlləri ilə qiymətləndirilir.
13.18.6. Giti cərimə xalı olmadan bitirən iştirakçı öz istəyi ilə növbəti gitdə iştirak edə bilər, ya da növbəti gitlərin bir və ya bir neçəsini ötürə bilər. O, yarışda iştirakdan imtina da edə bilər.
13.18.7. Gitdə cərimə xalları qazanan iştirakçı öz seçimi ilə həmin hündürlüyü dəf etməyə cəhd göstərə bilər və sonrakı yarışlarda isə iştirakdan imtina da edə bilər.
13.18.8. İstənilən halda idmançı-at cütlüyü cəhdlərinin ümumi sayı 5 - dən çox ola bilməz.
13.18.9. Daha hündür maneəni səhvsiz dəf edən idmançı yarışların qalibi olur. Əgər yarış qurtarana kimi bir neçə idmançının göstəriciləri eyni olarsa, bu halda idmançılar eyni yerləri tuturlar.