“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi, “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin.
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları:
2.1. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra - Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etsinlər;
2.2. Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada versinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Hesablama Palatasına, Baş Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının məhkəmələrinə, yerli özünüidarəetmə orqanlarına tövsiyə olunsun ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün və həmin planın həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2016-cı il
№ 1993
Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə etmişdir. Açıq hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz hissəsi olmuş və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutmuşdur. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə də öz töhfəsini vermiş və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olmuşdur.
Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən və Birləşmiş Millətlər Təşkilatının 2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüş innovativ “ASAN xidmət” modeli bu yanaşmanın uğurlu nümunəsidir. Açıq hökumət prinsiplərindən biri olan ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını təmin edən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və icrası dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının daha sıx iştirakını təmin etmişdir.
Azərbaycan 2015-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 148 ölkə arasında 40-cı yeri, Dünya Bankının “Doing Business” 2016-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 189 ölkə arasında 7-ci yeri tutmuşdur. Dövlət orqanları tərəfindən açıq hökumətin təşviqi üzrə həyata keçirilən layihələr və təşəbbüslər prioritet müəyyən edilmiş, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilmişdir.
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilir və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilməkdədir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlamış və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaratmışdır.
“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mövcud güclü siyasi iradənin növbəti göstəricisidir. Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti üzvlərinin fəal iştirakı ilə hazırlanmış və çoxsaylı ictimai dinləmələrdə müzakirə edilmişdir.
Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı
№ | Tədbirin adı | Qiymətləndirmə indikatorları | İcra / Tövsiyə | İcra müddəti (illər üzrə) |
---|---|---|---|---|
1. Elektron xidmətlərin təkmilləşdirilməsi | ||||
1.1. | Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi, siyahıda olan, lakin tam fəaliyyət göstərməyən xidmətlərin fəaliyyətinin təmin edilməsi və “Elektron hökumət” portalına yeni xidmətlərin inteqrasiya edilməsi | Elektron xidmət növlərinin siyahısında olan təkmilləşdirmələr, portalda fəaliyyəti təmin edilən və yeni inteqrasiya edilən elektron xidmətlər və onların sayı | İcraçılar: Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi | 2016-2018 |
1.2. | “Elektron hökumət” portalına çıxış imkanlarının asanlaşdırılması məqsədi ilə portalın mobil interfeysinin, mobil tətbiqinin və ödəniş imkanlarının təkmilləşdirilməsi | Elektron hökumət portalının mobil interfeysi və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər | İcraçı: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | 2016 |
1.3. | “Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatların keçirilməsi | Keçirilmiş ictimai maarifləndirmə tədbirləri və təqdimatlar | İcraçılar: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları | 2016-2018 |
1.4. | Elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi | Asanlaşan prosedurlar və həyata keçirilmiş tədbirlərlə bağlı məlumatlar | İcraçılar: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları | 2016-2017 |
1.5. | Ali təhsil müəssisələrinin informasiya sistemlərinin formalaşdırılması, tələbələrə verilən arayış və sənədlərin elektron formada əldə edilməsi və təhsil haqlarının elektron formada ödənilməsinin təmin edilməsi | Yaradılmış və fəaliyyəti təmin edilmiş elektron sistemlər və onların imkanları | İcraçılar: Ali təhsil müəssisələri. Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi | 2017-2018 |
1.6. | Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron xidmətin yaradılması | Elektron resursun yaradılması və ondan istifadə imkanları | İcraçılar: Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | 2016-2017 |
1.7. | Ümumtəhsil məktəbləri, lisey və gimnaziyalara qəbulla bağlı elektron sənəd qəbulu sisteminin əhatəsinin genişləndirilməsi və regionları əhatə etməsi | Elektron sənəd qəbulu sisteminin regionları əhatə etməsi üzrə tədbirlər | İcraçılar: Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | 2017 |
1.8. | Yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş informasiya Sistemi və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi | Yerli vergilərin və ödənişlərin elektron terminallar və informasiya sistemi vasitəsilə həyata keçirilməsi imkanı | Tövsiyə edilir: bələdiyyələr İcraçılar: Mərkəzi Bank, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi | 2016-2017 |
2. İnformasiya əldə edilməsinin təmin olunması | ||||
2.1. | Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirməsinə nəzarət imkanlarının gücləndirilməsi üzrə tədbirlərin görülməsi | Təmin edilmiş resurslar və həyata keçirilmiş gücləndirmə tədbirləri barədə məlumat | Tövsiyə edilir: İnsan hüquqları üzrə Müvəkkil | 2016-2017 |
2.2. | İnformasiyanın əldə olunması ilə bağlı hüquqi yardım mexanizmlərinin yaradılması, ixtisaslaşmış təlimlərin və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi | Yaradılmış hüquqi yardım mexanizmləri, keçirilmiş təlimlər və maarifləndirmə tədbirlərinin sayı | Tövsiyə edilir: insan hüquqları üzrə Müvəkkil | 2016-2018 |
2.3. | Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquq müəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın qabaqcadan qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülməsi | Vahid informasiya bazası və yeni mexanizmin yaradılması | İcraçılar: Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi | 2016-2017 |
2.4. | Dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi | Hazırlanmış mobil versiyalar və həyata keçirilmiş tədbirlərlə bağlı məlumatlar | İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları | 2016-2018 |
2.5. | Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin “161-Qaynar xətt”-in fəaliyyətinin təkmilləşdirilməsi, statistik və analitik məlumatların dərc edilməsi | Həyata keçirilən tədbirlərlə bağlı hesabat, məlumatların dərc edilməsi | Tövsiyə edilir: Baş Prokurorluq | 2016-2017 |
3. Normativ hüquqi aktların vahid internet elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi | ||||
3.1. | Normativ hüquqi aktların vahid internet elektron bazasının (www.e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinin (www.huquqiaktlar.gov.az) mütəmadi yenilənməsinin və dayanıqlı fəaliyyətinin təmin edilməsi | İnternet səhifənin daim işlək vəziyyətdə saxlanılması və mütəmadi yenilənməsi | İcraçılar: Ədliyyə Nazirliyi | 2016-2018 |
3.2. | Normativ hüquqi aktların vahid internet elektron bazasının (www.e-qanun.az) mobil versiyasının təkmilləşdirilməsi | Təkmilləşdirilmiş mobil versiya | İcraçılar: Ədliyyə Nazirliyi | 2017 |
4. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişlənməsi və ictimai iştirakçılığın artması sahəsində | ||||
4.1. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi | ||||
4.1.1. | Açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin prioritet istiqamət kimi müəyyən edilməsi | Prioritetin müəyyən edilmə forması və dəstəklənən layihələrin sayı | İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları | 2016-2018 |
4.1.2. | Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı təkliflərin hazırlanması | Hazırlanan təkliflər paketi | İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası | 2016 |
4.1.3. | “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılması və fəaliyyətinin dəstəklənməsi | Platformanın yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər | İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya | 2016 |
4.2. İctimai iştirakçılığın genişləndirilməsi | ||||
4.2.1. | İctimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi | Yeni yaradılmış ictimai şuralar, onların fəaliyyəti ilə bağlı məlumatlar | İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları | 2016-2018 |
4.2.2. | İctimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi | İnternet resurslarda elektron bölmələrin fəaliyyəti və yerləşdirilmiş məlumatların sayı | İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları | 2016-2018 |
4.2.3. | İstehlakçıların hüquqlarının qorunması məqsədi ilə ictimai nəzarət mexanizmlərinin hazırlanması, bu məqsədlə yaradılmış qaynar xəttin fəaliyyətinin təkmilləşdirilməsi və bununla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi | İctimai nəzarət mexanizmlərinin tətbiqi, qaynar xətt vasitəsilə qəbul edilmiş müraciətlərin sayı və həyata keçirilmiş maarifləndirmə tədbirləri | İcraçılar: İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası | 2016-2018 |
5. Maliyyə şəffaflığının təmin edilməsi | ||||
5.1. | Dövlət maliyyə nəzarətinin həyata keçirilməsində informasiya texnologiyalarının tətbiqi və elektron nəzarətin təkmilləşdirilməsi | Tətbiq edilmiş elektron nəzarət mexanizmi, maliyyə nəzarətinin təkmilləşdirilməsi üzrə tədbirlər | İcraçılar: Maliyyə Nazirliyi, Vergilər Nazirliyi Tövsiyə edilir: Hesablama Palatası | 2016-2018 |
5.2. | Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi, keçirilən müzakirələrin sayının artırılması | Dövlət büdcəsinin layihəsi ilə bağlı keçirilən müzakirələr | Tövsiyə edilir: Milli Məclis | 2016-2018 |
5.3. | Dövlət büdcəsinin icrası barədə illik hesabat və Azərbaycan Respublikası Hesablama Palatasının müvafiq rəyinin ictimaiyyətə açıqlanması | Dövlət büdcəsinin illik icrası ilə bağlı müvafiq hesabat və rəylərin ictimaiyyətə açıqlanması | İcraçı: Maliyyə Nazirliyi Tövsiyə edilir: Hesablama Palatası | 2016-2018 |
5.4. | Dövlət büdcəsinin icrası ilə bağlı rüblük hesabatların internet səhifəsində yerləşdirilməsi | Hesabatların internet səhifəsində dərc edilməsi | İcraçı: Maliyyə Nazirliyi | 2016-2018 |
5.5. | Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının illik maliyyə fəaliyyəti, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsaitdən və ya onlara verilmiş əmlakdan istifadə ilə bağlı məlumatların internet səhifələrində dərc edilməsi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi və bu hesabatların dərc edilməsinə nəzarətin gücləndirilməsi | Hazırlanmış normativ hüquqi akt layihələri və illik maliyyə fəaliyyəti ilə bağlı məlumatların internet səhifələrində dərc edilməsi barədə məlumatlar | İcraçılar: Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, aidiyyəti dövlət orqanları | 2016-2018 |
5.6. | Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet səhifələrində yerləşdirilməsi | Satınalmalarla bağlı məlumatların açıqlanması | İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları, iqtisadiyyat Nazirliyi, aidiyyəti büdcə təşkilatları | 2016-2018 |
5.7. | Hesablama Palatasının maliyyə nəzarəti obyektlərində apardığı maliyyə nəzarəti tədbirləri barədə ictimaiyyətin məlumatlandırılması | Maliyyə nəzarəti tədbirləri və onların sayı barədə məlumatların internet səhifəsində açıqlanması | Tövsiyə edilir: Hesablama Palatası | 2016-2018 |
6. Yerli özünüidarəetmə orqanlarının fəaliyyəti sahəsində | ||||
6.1. Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi | ||||
6.1.1. | Bələdiyyə qulluğuna qəbul qaydaları, müsabiqə komissiyalarının tərkibi, mövcud vakansiyalar, qəbulun nəticələri və bələdiyyə qulluğuna qəbulla bağlı digər məlumatların bələdiyyələrin internet səhifəsində yerləşdirilməsi, mərkəzləşdirilmiş vahid elektron resursun yaradılması üzrə tədbirlərin görülməsi | İnternet səhifəsinin yaradılması, məlumatların yerləşdirilməsi və onların sayı | Tövsiyə edilir: bələdiyyələr, bələdiyyələrin milli assosiasiyaları İcraçı: Ədliyyə Nazirliyi | 2016-2017 |
6.1.2. | Bələdiyyə qulluğuna qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər üçün zəruri metodiki vəsaitlərin, bələdçi qaydaların hazırlanması və internet resurslarda yerləşdirilməsi | Hazırlanmış metodiki vəsaitlər, bələdçi qaydalar və internet səhifələrinin linkləri | Tövsiyə edilir: bələdiyyələr, bələdiyyələrin milli assosiasiyaları İcraçı: Ədliyyə Nazirliyi | 2016-2018 |
6.2. Bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə məlumatlandırılması və peşəkarlığının artırılması | ||||
6.2.1. | Bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları, hüquqi biliklərin və peşə bacarıqlarının artırılması üzrə təlimlərin keçirilməsi, bununla bağlı izahedici məlumatların və bələdçi qaydaların hazırlanması və internet resurslarda yerləşdirilməsi | Keçirilmiş təlimlərin sayı və cəlb edilmiş şəxslərin sayı | Tövsiyə edilir: bələdiyyələr, bələdiyyələrin milli assosiasiyaları İcraçı: Ədliyyə Nazirliyi | 2016-2018 |
6.2.2. | Bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması | ictimai maarifləndirmə tədbirlərinin sayı və əhatəsi | Tövsiyə edilir: bələdiyyələr. bələdiyyələrin milli assosiasiyaları İcraçı: Ədliyyə Nazirliyi | 2016-2018 |
6.2.3. | Bələdiyyə üzvlərinin etik davranış qaydalarının hazırlanması və qəbul edilməsi | Qəbul edilmiş müvafiq normativ hüquqi akt | Tövsiyə edilir: Milli Məclis, bələdiyyələr, bələdiyyələrin milli assosiasiyaları | 2016-2017 |
7. Mədən sənayesində şəffaflığın artırılması | ||||
7.1. | Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun fəaliyyətinin dəstəklənməsi, əməkdaşlığın davam etdirilməsi və təlimlərin keçirilməsi | Həyata keçirilmiş fəaliyyət və təlimlərin sayı ilə bağlı hesabat | İcraçı: Dövlət Neft Fondu | 2016-2018 |
8. Korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi | ||||
8.1. | Dövlət qulluqçularının və dövlət orqanlarının digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı mexanizmlərin, müvafiq qanunvericilik aktlarının hazırlanması | Həyata keçirilmiş tədbirlər, hazırlanmış qanunvericilik aktları və mexanizmlər | İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq | 2016-2018 |
8.2. | Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi | Həyata keçirilmiş tədbirlər | İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi Tövsiyə edilir: Milli Məclis, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya | 2017-2018 |
8.3. | Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları və korrupsiya cinayətləri ilə əlaqədar ibtidai araşdırma çərçivəsində “istintaq sövdələşməsi” institutunun tətbiqinə dair təkliflərin hazırlanması | Təkliflər paketinin hazırlanması | İcraçı: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi Tövsiyə edilir: Baş Prokurorluq | 2016-2018 |
8.4. | Korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılmasına dair təkliflərin hazırlanması | Hazırlanmış təkliflər | Tövsiyə edilir: Baş Prokurorluq | 2016-2017 |
8.5. | Azərbaycan Respublikasının Milli Məclisi deputatının etik davranış qaydalarının hazırlanması və qəbul edilməsi | Qəbul edilmiş müvafiq normativ hüquqi akt | Tövsiyə edilir: Milli Məclis | 2016-2017 |
8.6. | “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi | Həyata keçirilmiş tədbirlər | İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə Dövlət Agentliyi | 2016-2018 |
8.7. | Sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi | Müraciətlərə baxılması işində olan təkmilləşdirmələr | İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları, İtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları | 2016-2018 |
8.8. | Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq tələblərin tətbiqi üzrə tədbirlər planının hazırlanması | Hazırlanmış və qəbul edilmiş tədbirlər planı | İcraçılar: Nazirlər Kabineti, Maliyyə Bazarlarına Nəzarət Palatası | 2016 |
8.9. | İtisadi sahədə həyata keçirilən islahatlar, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi | Həyata keçirilmiş məlumatlandırma tədbirləri | İcraçılar: İqtisadiyyat Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları | 2016-2018 |
8.10. | Kommunal sahədə əhaliyə göstərilən xidmətlərin müştəri məmnunluğu və şəffaflıq prinsipləri əsasında vahid məkanda həyata keçirilməsi üzrə təkliflərin hazırlanması | Hazırlanmış təkliflər | İcraçılar: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi | 2016-2017 |
9. Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması | ||||
9.1. | Özəl sektorda şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınması məqsədi ilə antikorrupsiya, şəffaflıq, etik davranış və hesabatlılıq tələbləri (uyğunluq mexanizmi) üzrə təkliflərin hazırlanması | Hazırlanmış təkliflər | İcraçılar: İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya | 2016-2017 |
9.2. | Özəl sektorda şəffaflığın təmin edilməsi məqsədi ilə antikorrupsiya, etik davranış qaydaları və uyğunluq mexanizmləri üzrə təlim və treninqlərin keçirilməsi | Keçirilmiş təlim və treninqlər | İcraçı: İqtisadiyyat Nazirliyi Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya | 2016-2018 |
9.3. | Özəl sektorda korrupsiyanın qarşısının alınması üzrə maarifləndirici materialların hazırlanması və həmin materialların yayılmasının təşkili | Hazırlanmış materialların sayı və yayılma metodları | İcraçılar: iqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi | 2016-2018 |
9.4. | Rəqabət məcəlləsinin qəbul edilməsi prosesinin sürətləndirilməsi | Qəbul edilmiş qanun | Tövsiyə edilir: Milli Məclis | 2016-2017 |
9.5. | İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsi | Hazırlanmış normativ hüquqi aktlar və həyata keçirilmiş tədbirlər | İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi Tövsiyə edilir: Milli Məclis, Baş Prokurorluq | 2016-2017 |
10. Maarifləndirmə və əməkdaşlıq | ||||
10.1. | Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, tövsiyə və tələblərin icrası üzrə tədbirlərin həyata keçirilməsi | Həyata keçirilmiş birgə tədbirlər və əməkdaşlığın səviyyəsi | Tövsiyə edilir: Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya İcraçılar: Ədliyyə Nazirliyi və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları | 2016-2018 |
10.2. | Müxtəlif hədəf qrupları, o cümlədən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təhsil-tədris proqramlarının hazırlanması, təlim və treninqlərin keçirilməsi, belə təşəbbüslərin dəstəklənməsi | Hazırlanmış tədris proqramlarının, keçirilmiş təlim və treninqlərin və cəlb edilmiş şəxslərin sayı | Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq İcraçılar: mərkəzi icra hakimiyyəti orqanları | 2016-2018 |
10.3. | Ali və orta ixtisas təhsili müəssisələrinin tədris proqramlarına antikorrupsiya mövzusunun əlavə edilməsi, tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi | Əlavə edilmiş mövzular, təşkil edilmiş mühazirə və tədbirlərin sayı | İcraçılar: Təhsil Nazirliyi, ali təhsil müəssisələri Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq | 2016-2018 |
10.4. | Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində sosial çarxların, bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və paylanması | Hazırlanmış və paylanmış təşviqat materialları barədə məlumat | İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları | 2016-2018 |
11. Fəaliyyət Planının icrasının monitorinqi və nəzarətin təşkili | ||||
11.1. | Fəaliyyət Planının icrasının monitorinqi prosesinə informasiya texnologiyalarının tətbiqi üzrə tədbirlərin görülməsi, dövlət orqanları tərəfindən Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasına məsul şəxslərin müəyyən edilməsi | Elektron proqram təminatının hazırlanması, məsul şəxslərin müəyyən edilməsi və onlar üçün təlimlərin keçirilməsi | Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya İcraçılar: mərkəzi və yerli icra hakimiyyəti orqanları | 2016-2018 |
11.2. | Dövlət orqanlarının daxili nəzarət qurumları ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar arasında məlumat mübadiləsi və səmərəli əlaqələndirmənin təşkili | Yaradılmış əlaqələndirmə mexanizmi | İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq | 2016-2018 |
11.3. | Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Milli Məclisi qarşısındakı illik hesabatlarında açıq hökumət və korrupsiyanın qarşısının alınması sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verilməsi | Hesabatlara bununla bağlı daxil edilmiş müvafiq məlumat | İcraçı: Nazirlər Kabineti | 2016-2018 |
11.4. | Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının qiymətləndirilməsi və nəticəsi ilə bağlı məlumatların ictimaiyyətə təqdim edilməsi | Fəaliyyət Planın icrası ilə bağlı məlumatın internet səhifəsində yerləşdirilməsi | Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya | 2016-2018 |
11.5. | Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi | Dəstəklənmiş layihələrin sayı | İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya | 2016-2018 |
11.6. | Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi | Həyata keçirilmiş sorğu və araşdırmalar barədə məlumat | Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya İcraçılar: mərkəzi və yerli icra hakimiyyəti orqanları | 2016-2018 |