Press relizlər

Zəfər bayrağımız Qarabağda dalğalanacaq
21 aprel, 2016 10:12

“Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!”  İlham Əliyev

Ümid edirik ki, bu məqalə qədim torpağımız olan Qarabağın acı taleyi haqqında  yazdığımız sonuncu məqalə olacaq və bundan sonra bu mövzuda qələmə alınan bütün yazılarda Qarabağda qazanılan zəfərlərimiz, işğal altında olan torpaqlarımızın düşmən əsarətindən  azad olunması  tərənnüm ediləcəkdir. 

        Dağlıq Qarabağ probleminin kökləri qədimdir və bu səbəbdən baş verən hadisələri  tarixi xronoloji ardıcıllıqla bir daha qısa qeyd etməyə mənəvi ehtiyac var.

        XVII əsrdə Anadolu yaylasına qədər ərazilərdə məskunlaşmış və  tədricən burda kök salmış ermənilər sonradan ərazi iddiası ilə də çıxış etmiş və hədəf kimi gözlərini Türkiyənin və Azərbaycanın torpaqlarına, xüsusilə də Qarabağa dikmişlər. Hələ Azərbaycan tarixinin xanlıqlar dövründə ermənilər Qarabağ xanlığında separatçı fəaliyyət göstərərək xanlığa xarici qüvvələrin yürüşlərində fəal iştirak etmişlər.

        1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsi ilə Rusiyanın əsarəti altına keçən Qarabağ xanlığına, həmçinin İrəvan, Naxçıvan ərazilərinə ermənilərin köçürülməsi intensivləşdi. Hətta Azərbaycanın Rusiya ilə İran arasında iki hissəyə parçalanmasını əks etdirən 1828-ci il 10 fevral tarixli Türkmənçay müqaviləsinə ermənilərin bu bölgəyə köçürülmə prosesini rəsmiləşdirən bəndlər də daxil edildi (“Türkmənçay” müqaviləsi; 1828, 10 fevral; 15-ci maddə - A.Qriboyedov və İ.Paskeviç tərəfindən irəli sürülmüşdü).

        XX əsrin əvvəllərindən isə ermənilər Qarabağ, İrəvan və Naxçıvan torpaqlarına qarşı məkrli iddialarla çıxış etdilər və İrandan, Rusiyadan güclü dəstək gördülər. Belə ki, 1918-ci ildə Azərbaycanın bir çox bölgəsində (Bakı, Şamaxı, Quba, Salyan və digər bölgələrdə) yaşayan azərbaycanlılara, həmçinin həmin bölgələrdə məskunlaşmış digər etnik qruplara, o cümlədən yəhudilərə, ruslara, ləzgilərə qarşı soyqırım törədildi, on minlərlə insan qətlə yetirildi. Erməni daşnakları tərəfindən qeyri xalqların  düşünülmüş və sistematik şəkildə tam məhv edilməsinin tək bir məqsədi vardı və bu da əzəli türk torpaqlarının hesabına "Dənizdən Dənizə Böyük Ermənistan" yaratmaq idi.

        Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qədim Türk-Azərbaycan torpağı İrəvanın ermənilərə güzəştə gedilməsi ilə zahirən həmin iddiaların aradan qalxmasına səbəb oldu (1918-ci il 29 may). Lakin Sovetlər dövründə Zəngəzur və Göyçə də ermənilərə verildi (1921).

        Sovet İttifaqının dağılması ərəfəsi artıq kifayət qədər institutlaşmış daşnak-ermənilər silahlanmağa müvəffəq olmuş və 1988-ci ildən etibarən azərbaycanlıları tarixi torpaqlarından – Qərbi Azərbaycandan didərgin salmağa, həmin ərazilərdə etnik zəmində zorakılıq əməllərinə başlamışlar. Qısa müddət ərzində 200 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan zorla çıxarılmış və bu hadisələr zamanı onlar misli görünməyən qeyri-insani təcavüzlərə məruz qalmışlar. Bundan sonra daşnaklar Qarabağda separatçı hərəkata rəvac verdilər və bu bölgənin Azərbaycan əhalisinə qarşı aktiv hərbi əməliyyatlara başladılar. Bölgənin Azərbaycan Respublikasının konstitusion rejiminə qarşı səlib yürüşünə çıxan daşnaklar 1991-ci il 2 sentyabr tarixində Dağlıq Qarabağ ərazisində qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasını elan etdilər və hətta “Dağlıq Qarabağ respublikasının özünümüdafiə dəstələri” adı altında 15.000 nəfərdən ibarət qanunsuz silahlı qruplar yaratdılar. Bu tarixdən etibarən onlar xarici havadarların və Azərbaycanı müstəqil dövlət kimi inkişaf etməsini istəməyən dövlətlərin fəal dəstəyi nəticəsində Qarabağın əliyalın Azərbaycan əhalisinə qarşı müharibəyə başladılar və respublikanın o dövrdəki siyasi hərc-mərcliyi nəticəsində yaranmış vəziyyətdən yararlanaraq Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edərək 600 mindən çox azərbaycanlını məcburi köçkün  vəziyyətinə saldılar. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələrinə əsasən Ermənistan ordusu işğal etdikləri Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmalıdır. Lakin təəssüf ki,  işğalçı tərəf bu tələblərə əhəmiyyət vermədən işğal siyasətinə davam edir. Beynəlxalq ictimaiyyətin və dünyanın aparıcı dövlətlərinin səyləri nəticəsində 1994-cü ilin may ayının 12-də hərbi əməliyyatlar dayandırılmış, atəşkəs elan olunmuşdur. Atəşkəsdən sonra Dağlıq Qarabağ və işğal edilmiş ətraf 7 rayon hələ ki, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin nəzarətindədir.

        1994-cü ildən 2016-cı ilin aprel ayınadək  Qarabağ münaqişəsi ilə bağlı KİV-lərdə yalnız eyni məzmunda informasiya eşidildi: “Erməni silahlı bölmələri bu gecə atəşkəsi pozub, bir neçə istiqamətdə silahlı qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub”. Amma, nəhayət, 2016-cı il 2 aprel tarixində torpaqlarımızın işğalından sonra ilk dəfə olaraq yeni məlumat eşitdik: “Bir sıra kənd və yüksəkliklər işğaldan azad olundu!”. İldırım sürəti ilə yayılmış bu rəsmi məlumat Azərbaycan xalqının böyük sevincinə səbəb oldu və bu qələbə hissinin nə demək olduğunu azərbaycan vətəndaşından  başqa heç bir kim başa düşə bilməz. İşğal olunmuş torpaqların bir hissəsini də olsa işğaldan azad etmək, təbii ki, heç də asan olmadı: Azərbaycanın onlarla igid oğlu şəhid oldu, öz ölümü ilə “Şəhidlik zirvəsi”nə ucaldı.  Bu xəbəri eşidən Azərbaycan oğul və qızlarında, minlərlə vətənpərvər gəncində cəsarət və qisas hissi daha da  qüvvətləndi və bu ruh yüksəkliyi  sosial şəbəkələrdə, cəmiyyətdə açıq-aşkar hiss olunmağa başladı. Belə ki, Bakıdan və ölkənin müxtəlif bölgələrindən yüzlərlə gənc bəzi hallarda planlı və hazırlıqlı, bəzi hallarda isə kortəbii və qeyri-mütəşəkkil şəkildə cəbhəyə yollanıb, orada  əsgərlərlə çiyin-çiyinə döyüşmək istədiklərini qətiyyətlə bildirdilər. Hərbiçilər cəbhə xəttində ordu qüvvələrinin kifayət qədər olduğunu bildirib, döyüşə hazır olan gəncləri Bakıya qaytarmağa müvəffəq oldular. Aprelin 4-də isə heç kimin gözləmədiyi halda “atəşkəsin imzalanması” xəbəri rəsmi olaraq bildirildi. “Atəşkəsin imzalanması” xəbəri yayılanda düşməndən qisas almaq istəyən vətəndaşların necə heyfsiləndiyini sözlə belə ifadə etmək çətin olar.  Millətin səbrinin tükənməsi açıq – aydın hiss edilir. Bu gün də elə bu məqalə yazılan zaman respublikanın  gəncləri  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  dövlətçiliyimizin daha da möhkəmlənməsi istiqamətində apardığı  siyasəti dəstəkləyirlər. Bunu nümayiş etdirmək üçün nəinki Azərbaycanda, onun sərhədlərindən uzaqda təhsil alan, yaşayan vətəndaşlarımız, qeyri-hökumət təşkilatlarının gəncləri  silsilə aksiyalar keçirir və Azərbaycanın haqq səsini dünyaya çatdırmaq məqsədilə bəyanatlar verirlər.

        Belə bir aforizm var: “Hər kəsin and içmədən də üzərinə götürdüyü  andlar var. Vətən borcu və insanlıq borcu.”

        Bu ilin aprel ayının əvvəlində torpaqlarımızın müdafiəsinə qalxan əsgərlərimizin şücaəti sübut etdi ki, Azərbaycan xalqının qəlbində  Qarabağ məhəbbəti heç bir zaman ölməyəcək və bu məhəbbəti yaşatmaq naminə canlarından keçməyə hazır olan on minlərlə Azərbaycan gənci var.

        Azərbaycan ordusu 4 günə bir sıra kənd və strateji yüksəkliyi işğaldan azad etməklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!” bəyanatının tam həqiqətə uyğun olduğunu sübut etdi.

 

Gənclərin Problemləri üzrə

Elmi Araşdırmalar Mərkəzi

printerçap versiyası

Baxılıb: 304

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar