KİV-ə müsahibə

Gənclər və İdman Naziri Azad Rəhimov (Azerisport və Zerkalo qəzetlərinə müsahibəsi)
04 avqust, 2008 14:39

- Pekində hansı nəticələrə ümid bəsləyirsiniz? Daha doğrusu neçə medal gözləyə bilərik?
Bu sual artıq mənə neçənci dəfədir ki, verilir. Hər dəfə olduğu kimi bu dəfə də deyirəm- Mən proqnoz verməyi sevmirəm. Çünki yarışlar zamanı idmançının psixoloji vəziyyəti, püşkatma və digər amillər nəticəyə mütləq öz təsirini göstərə bilər.

- Bəs hansı idman növlərindən medal gözləmək olar?
Mən güləş, boks, judo, taekvando idman növlərindən medal gözləyirəm. Atcılıq idman növü ilk dəfədir ki, Azərbaycanı təmsil edir. Bu idman növünün də uğurlu çıxışına ümid bəsləyirəm. Məsələn Zempira Meftahəddinova Afina Olimpiya oyunlarına WILD kart qazanaraq getmişdi. Amma ölkəyə qızıl medalla döndü. Bu dəfə də bu idmançımız WILD kart qazanıb. Mən yenə də böyük qələbəyə inanıram. Və ya ağırlıq qaldıranımız Nizami Paşayev . Bu gün o çox yaxşı formadadır.

- Rusiya federasiyası qalib gələcək idmançılara veriləcək pul mükafatlarını artıq müəyyən edib. Azərbaycanda necə, dövlət tərəfindən qalib idmançılara hansı məbləğdə pul mükafatları təqdim olunacaq?

Təbii ki, Azərbaycan respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev artıq bununla bağlı sərəncam imzalayıb. İdmançılara verilək məbləğdə dəyişikliklər olacaq. Olimpiada öncəsi cənab prezident lisenziya qazanmış bütün idmançıları qəbul edəcək və qəbul zamanı dövlət başçısı özü bu məbləği açıqlayacaq.

Bütün dünyada yarışlardan əvvəl idmançılar dopinq yoxlamasından keçir. Azərbaycanda bu vəziyyət necədir?
Bildiyiniz kimi, Gənclər və İdman Nazirliyində dopinq sektoru fəaliyyət göstərir. Bu sektor son bir il yarım ərzində artıq 1000-ə yaxın test götürüb. Təbii ki, Olimpiadaya gedən idmançılar xüsusi diqqət mərkəzindədir. Hal hazırda lisenziya qazanmış idmançılar verdiyim göstərişə əsasən dopinq yoxlamasından keçirlər. Onların hər biri 3 dəfə bu yoxlamadan keçməlidir. Artıq 200 testdən 98- götürülüb. Avqust ayının 6-a kimi isə 102 testin də götürülməsi nəzərdə tutulub. Qeyd edək ki, bu testlər Moskva, Ankara və Köln laboratoriyalarında yoxlanılır. Məsələn, dünən WADA nın 2 nümayəndəsi bizim ağırlıq qaldıranların analizlərini götürdülər. Ümid edirəm ki, cavablar mənfi olacaq. Ümumiyyətlə qeyd edim ki, dopinq sahəsində görülən işlərin səviyyəsinə görə MDB ölkələri sırasında Azərbaycan Rusiya federasiyasından sonra 2-ci yerdə gedir.

- Sizin nazir təyin olunduğunuz gündən Pekinə yollanacağına ümid bəslədiyiniz, lakin nəticələri gözlədiyiniz kimi olmayan hansı idman növü var? Daha dəqiq planlaşdırdığını, lakin adı siyahıda olmayan idman növü. Qeyd edək ki, nazir müavini İsmayıl İsmayılov ilin müsahibələrində Olimpiadaya 16 idman növü ilə gedəcəyimizi vurğulayırdı.
- Düzünü, qılıncoynatma, stend atıcılığı, velosiped və eyni zamanada avarçəkmə idman növlərindən lisenziya gözləyirdim. Amma heyf.

- Siz artıq bundan öncə Pekində olmusunuz. Olimpiada zamanı hansı faktorlar idmançılara öz mənfi təsirini göstərə bilər?
İqlim. Çində havalar həddən ziyadə çox isti keçir və rütubətli olur. Son zamanlar təbiət ümumiyyətlə Pekinlə çox sərt rəftar edir. Ümid edirəm ki, Olimpiada zamanı heç bir problem yaşanmayacaq. Lakin təbiət idmançıların uğuruna mənfi təsir edəcək yeganə faktor deyil. Püşkatma, hakimlər və s. Təbii ki, bu və digər amillər idmançıların yarış zamanı nəticələrinə öz mənfi olduğu kimi, müsbət təsirini də göstərə bilər.

- Rusiya oliqarxları tərəfindən artıq qalibiyyətindən asılı olaraq və olmayaraq, parlaq çıxışlarına görə idmançıları həvəsləndirəcək pul mükafatlarının təqdim ediləcəyi fond yaradılıb. Azərbaycanda şirkətlər necə,bu addımı atıblarmı, yoxsa mükafatlandırma dövlətin və olimpiya komitəsinin, eyni zamanda federasiyaların çiynininə düşəcək?
- Bu suala belə cavab verərdim. Bildiyiniz kimi bir çox federasiyaların rəhbərləri müxtəlif sahələrdə çalışan iş adamları və ya dövlət məmurlarıdır. Bundan öncəki illərdə də Olimpiya sonrası qalib gəlib, yüksək səviyyədə çıxış edən idmançılara bu şəxslər tərəfindən müxtəlif dəyərli hədiyyələr verilib. Əminəm ki, federasiyaya aidiyyatı olan idmançının uğuru ilk növbədə federasiya rəhbərinin də uğurudur. Bu səbəbdən qalibiyyətdən, qazanılan uğurdan sonra federasiya rəhbərlərinin idmançını layiqincə qiymətləndirəcəyinə əminəm. Amma hansısa iş adamı uğurla çıxış edən idmançını özü şəxsən qiymətləndirmək qərarına gələrsə, təbii ki, bunu yalnız müsbət hal hesab etmək olar. Çünki hər bir idmançının ən böyük arzusu idmanın zirvəsi sayılan Olimpiya oyunlarında iştirakdır. O buna çox böyük əziyyət və zəhmət hesabına nail olur. Mənim alımimdə lisenziya qazanmanın özü artıq böyük uğur hesab edilə bilər.

 Azərbaycanın bu günki potensialına görə Olimpiya oyunlarında ölkəmizi hansı onluqda görürsünüz?
Ötən Olimpiya oyununda medalların əyyarına görə 50-ci olmuşuq. Bu dəfə təbii ki, 40-a düşmək istərdik.

- Azad müəllim, Sizcə milli komandanın devizi olmalıdırmı? Olmalıdırsa hansı?
Təssüflər olsun ki, devizimiz yoxdur. Amma........”Qələbə uğrunda” (gülür.) Pis ideya deyil hə?

- Son sualım. Hansı idmançıya azarkeşlik edirsiniz desəm, əminəm ki, bu sualın cavabı olacaq. Odur ki, sualımı belə qoyum. Nazir kimi deyil, azarkeş kimi hansı idman növünə xüsusi diqqət ayıracaqsınız?

- Əslində bir vətəndaş olaraq bütün idman növlərinə azarkeşlik edəcəm. Çünki, hər bir idmançı əvvəldə qeyd etdiyim kimi bu zirvəyə böyük əziyyət hesabına qalxıb. Amma, ilk dəfə olaraq çaparımız Camal Rəhimovun Olimpiadada iştirakını nəzərə alsaq, bu idman növünə bir qədər artıq azarkeşlik edəcəm.

printerçap versiyası

Baxılıb: 3476

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1283

Partnyorlar