Fotoqalereya

Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE) beynəlxalq proqram üzrə Dünya Kuboku yarışı
02 oktyabr, 2011 16:43

“Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq proqram üzrə Dünya Kuboku yarışı 2 oktyabr 2011-ci il tarixində Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirildi. 37 ölkənin iştirak etdiyi tədbirdə Azərbaycanı 2011-ci il üzrə respublika çempionu Naxçıvan Dövlət Universitetinin SİFE komandası təmsil etmişdir. Dünya Kuboku yarışı mədəniyyət gecəsi ilə başladı və burada nümayəndə heyətimiz xüsusi guşədə milli mətbəximizin, ölkəmizin tarixini, mədəniyyətini, folklorunu, milli rəqslərini əks etdirən numunələr təqdim edilmişdir. Açılış mərasimindən sonra 15 nəfərdən ibarət Azərbaycan komandası “Nənələrin gəliri”, “Şirin pul”, “Təkrar emal” və “Gəlirli bitki” adlı 4 layihə ilə Dünya Kuboku yarışında iştirak etdi.

“Nənələrin gəliri” – layihəsi çərçivəsində 7 kənddə xalçaçılıqla məşğul olan 36 xanıma 2 həftə ərzində iqtisadi biliklərə dair təlimlər keçirilmiş, potensial müştərilərlə əlaqə qurulmuş və xanımlar tərəfindən istehsal olunan xalçaların satış yarmarkası təşkil olunmuşdur. Layihənin reallaşdırılması nəticəsində 24 xanım tərəfindən 198 kv metr xalça satılmışdır.

“Şirin pul” – layihəsi çərçivəsində kənd yerlərində arıçılıq və bal istehsalı ilə məşğul olan insanlara biznes fəaliyyətinin əsaslarına dair təlim kursu keçirilmiş, biznes kreditlərin əldə olunmasının yolları, tələb olunan sənədlərin toplanması, arıçılıqla məşğul olmağın hüquqi əsasları (Arıçılıq haqqında və Kiçik və Orta sahibkarlığın inkişafına dövlət dəstəyi haqqında qanunlara əsasən) barədə biliklər iştirakçılara verilmişdir. Arıçılıq fəaliyyətinin kreditləşdirilməsi üçün “AzRİP“ təşkilatı ilə əməkdaşlıq əlaqəsi qurulmuş və 15 fermerin arıçılıq təsərrüfatı üçün 3000 manat məbləğində maliyyə ayrılmışdır. 2010-2011-ci il ərzində reallaşdırılmış layihə nəticəsində 3,2 ton bal istehsal edilmiş və satış üçün bazara çıxarılmışdır.

“Təkrar emal” – layihəsi çərçivəsində Naxçıvanda fəaliyyət göstərən gön-dəri emalı müəssisəsi ilə əlaqə qurulmuş, ət satışı ilə məşğul olan insanlardan istifadəsiz dərilər yığılmış və müəssisəyə təhvil verilmişdir. Baytar həkimlərin iştirakı ilə 12 kənddə 67 nəfər kəndliyə sanitar gigiyena qaydalarını gözləmək şərtilə dərinin yığılması və emalı qaydaları öyrədilmişdir. Layihənin reallaşdırılması nəticəsində 8,3 ton dəri yığılaraq müəssisəyə təhvil verilmiş, eyni zamanda 7 nəfər kəndli daimi əsaslarla gön-dəri emalı müəssisəsinə işə götürülmüşdür.

“Gəlirli bitki” – layihəsi çərçivəsində kəndlilər tərəfindən yığılmış kəklikotu, baldırğan və dağ nanəsi “Cahan Tea” fabrikinə satılmış və bu fəaliyyət kəndlilərin özlərinə öyrədilmişdir.  2010-cu ilin sentyabr ayından reallaşdırılan layihə nəticəsində 7 nəfər şəxs bu sahədə sahibkarlıq fəaliyyətini qurmuş, 8 nəfər isə “Cahan Tea” fabrikinə işə qəbul olunmuşdur.

Dünya Kuboku yarışında komandamız layihələrini uğurla təqdim etmiş və təqdimatlar münsiflər tərəfindən yüksək qiymətləndirilmişdir. Həyata keçirilmiş layihələrin mahiyyətini və əldə olunmuş nəticələri nəzərə alaraq Naxçıvan Dövlət Universitetinin komandası “Spirit of SİFE” kubokuna layiq görülmüşdür. Qeyd edək ki, Azərbaycan komandasının nəticəsi MDB ölkələri arasında ən yüksək olmuş və bu münasibətlə SİFE Azərbaycan Nümayəndəliyinə xüsusi diplom verilmişdir. Dünya Kuboku yarışının nəticələrinə əsasən isə Almaniyanın Regensberg Universitetinin SİFE komandası qalib adını qazanmışdır.

Tədbirin yekununda Malayziyanın baş naziri yarış iştirakçılarının şərəfinə rəsmi ziyafət vermişdir. Rəsmi ziyafətdə Azərbaycanın Malayziyadakı Fövqaladə və Səlahiyyətli Səfiri Tahir Kərimov iştirak etmişdir.

printerçap versiyası

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1278

Partnyorlar