2010-02-17 17:32
2009-cu ilin noyabr ayında “JA Azərbaycan” təşkilatı Azərbaycanın orta məktəb şagirdləri arasında 10 il ardıcıl olaraq Milli İdarəetmə və İqtisadiyyat Yarışının (NMEC) başlandığını elan etmişdir. Kompüter proqramı (JA Titan) əsasında keçirilən yarış məktəbli komandalara virtual şirkətlərin rəhbərləri qismində iştirak edərək, yüksək iqtisadi göstəricilər üzrə rəqabət aparmağa imkan verir. Komandalar şirkətlərinin gəlirlilik və davamiyyətinə təsir edən gərarlar qəbul edir və rəqiblərini satış, mənfəət və bazar payında üstələməyə çalışırlar. Onlar qiymət təyin edir, istehsalın həcmini, sərmayə qoyuluşunu müəyyən edir, marketinq, elmi-tədqiqat işlərini planlaşdırır və fəaliyyət üçün büdcələr tərtib edirlər.
NMEC-in seçmə mərhələsində Bakı, Sumqayıt, Mingəçevir, Ağdaş, Kürdəmir, Yevlax və Goranboy rayonlarının 35 məktəbindən 152 şagird iştirak etmişdir. Nəticədə, 24 şagird 2010-cu ilin fevral ayı ərzində Bakıda keçiriləcək yarışın finalına vəsiqə alıb. (6 komanda Bakı məktəblərini, 2 komanda isə Ağdaşın Güvəkənd və Yuxarı Ləki kənd məktəblərini təmsil edir). Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə strateji əməkdaşlıq çərçivəsində təşkil olunan yarış Statoil, Chevron, Baker McKenzie, Bakcell, AmCham, BP və partnyor şirkətlərinin koalisiyası tərəfindən dəstəklənir.














