Bu gün Gənclər və İdman Naziri Azad Rəhimov Özbəkistan gəncləri “Kamolot” İctimai Şurasının sədri cənab Akrom Alimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdən öncə nazir və qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Şəhidlər Xiyabanında olublar.
Saat 16.00-da Gənclər və İdman Nazirliyində baş tutan görüşdə Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan və Özbəkistan hökumətləri arasında 1997-ci ildə qarşılıqlı əməkdaşlıq haqqında imzalanmış sərəncam barədə söz açaraq, istər gənclər, istərsə də idman sahəsində qarşılıqlı səfərlər, layihələr barədə məlumat verdi.
Azad Rəhimov, əməkdaşlığı daha da möhkəmləndirərək, ölkələr arası yarışların, daha sıx görüşlərin keçirilməsi təklifini irəli sürdü. Bununla yanaşı Azad Rəhimov, gənclər və idman sahəsində keçirilən müxtəlif tədbirlərdə daim özbək gənclərinin mütəmadi iştirakının təqdirəlayiq hal olduğunu bildirdi.
Eyni zamanda nazir, Azərbaycanda fəaliyyət göstərən 170 qeyri hökumət təşkilatlarının fəaliyyəti, 66 geyri hökumət gənclər təşkilatını özündə birləşdirən və Avropanın nüfuzlu təşkilatlarında ölkəmizi təmsil edən Milli Şura haqda məlumat verdi.
İdman sahəsinə də toxunan Azad Rəhimov, gimnastika üzrə Avropa çempionatının 2 dəfə, güləş üzrə dünya çempionatının, bir müddət bundan əvvəl Taekvando üzrə Dünya Kuboku və Paralimpiyaçıların Taekvando üzrə 1-ci Dünya Çempionatının və bu kimi bir sıra mötəbər yarışların ölkəmizdə keçirilməsi barədə danışdı.
Özbəkistan gəncləri “Kamolot” İctimai Şurasının sədri cənab Akrom Alimov öz növbəsində Azərbaycan hökumətinə təşəkkür edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirdi. Qonaq, Azərbaycanda təşkil edilmiş Beynəlxalq Muğam festivalında Özbək gəncinin qalibiyyətini vurğulayaraq, bu səpkili yarışları çox yüksək qiymətləndirdi.
10 illik rəsmi əməkdaşlıq müddətində qonaq bir çox səfərlərin, layihələrin inkişafa təkan olduğunu qeyd etdi. Akrom Alimov 2007-ci ilin Azərbaycanda, 2008-ci ilin isə Özbəkistanda “Gənclər ili ” olduğunu vurğulayaraq, bu il çərçivəsində Azərbaycan gənclərinin keçirilən tədbirlərdə çox fəal iştirakını xüsusi qeyd etdi.
Özbəkistan gəncləri “Kamolot” İctimai Şurasının sədri cənab Akrom Alimov 2009-cu ildə “Özbəkistan təsviri sənət həftəsi- 2009”, bu ilin aprelində Hakim at-Termezinin xatirəsinə həsr olunmuş 4-cü prezident turniri, yunan roma və sərbəst güləş üzrə təşkil edilmiş beynəlxalq turnirlərdə Azərbaycan gənclərinin ölkələrini yüksək səviyyədə təbliğ etməsi haqda söz açdı.
2 iyul tarixinədək davam edəcək səfər çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi və 2009 - 2010-cu illər üçün əməkdaşlıq planının imzalanması da nəzərdə tutulub.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |


























