Akademik avarçəkmə üzrə gənclərdən ibarət (U-23) Azərbaycan milli komandası iyunun 23-də Litvanın Trakay şəhərinə yollanacaq. Yığmamız iyunun 27-də start götürəcək sayca 47-ci beynəlxalq “Amber Oars” (“Kəhrəba avarlar”) reqatasında mübarizə aparacaq.
İki gün davam edəcək yarışda ölkəmizi Cavid Əfəndiyev, Toğrul Qurbanzadə, Aleksandr Jdanov və Kamal Məmmədov təmsil edəcəklər. Onlar ayrı-ayrılıqda 1 nəfərlik yüngül çəkili qayıqlarda, həmçinin, Əfəndiyev – Məmmədov və Qurbanzadə - Jdanov duetləri 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqlarda qüvvələrini sınayacaqlar.
Turnir öncəsi komandamız Trakayda təlim-məşq toplantısı keçirəcək. Yarış 23 – 26 iyulda Çexiyanın Raşitse şəhərində təşkil olunacaq gənclər arasında dünya çempionatına hazırlıq xarakteri daşıyacaq. Avarçəkənlərimiz səfərə millimizin almaniyalı baş məşqçisi Rudiger Hauffe və onun köməkçisi İlqar Ağalarovun rəhbərliyi altında çıxacaqlar.
İki gün davam edəcək “Amber Oars” reqatası “Galve” gölündə təşkil olunacaq.
Qeyd edək ki, bundan öncə 7 gənc avarçəkənimiz 6-7 iyunda Rusiya paytaxtında keçirilmiş beynəlxalq “Böyük Moskva reqatası”na qatılıb. 10 ölkənin çıxış etdiyi reqatada idmançılarımızdan Əfəndiyev 1 nəfərlik yüngül çəkili, Əfəndiyev – Qurbanzadə - Jdanov – Məmmədov kvarteti 4 nəfərlik yüngül çəkili qayıqlarda qızıl, Qurbanzadə - Jdanov dueti isə 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqda bürünc medal qazanıb.














