Xəbərlər
Dərc edilib:15.03.2019 16:50
Baxışlar:75

Nərimanov rayonunda fəaliyyət göstərən “Bakı Avrasiya” Universitetində şəhidlərin xatirəsi anılıb

Nərimanov rayonunda fəaliyyət göstərən “Bakı Avrasiya” Universitetinin akt zalında Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələrinə həsr edilmiş anım tədbiri keçirilib.
Anım tədbirində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Bakı Avrasiya” Universitetinin prorektoru Nigar Hüseynova, Universitetin rektorluğun mütəxəssisi Kamil Məhəmmədli, şəhid Arif Vəliyevin anası Sona Vəliyeva, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Universitetin müəllim heyəti və tələbələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edənlər qeyd ediblər ki, Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq bizim vətəndaşlıq borcumuzdur. Ərazisinin 20 faizi düşmən əsarəti altında olan vətənimiz bizdən daha böyük hünərlər gözləyir. Bütün gücümüzlə bu cənnət diyarı göz bəbəyimiz kimi qorumalı, onun inkişafı üçün əlimizdən gələni etməliyik. Gələcəyimiz olan gənc nəsli vətənpərvər ruhda tərbiyə etməliyik ki, torpağımıza , yurd-yuvamıza olan sevgi onların qanına, canına hopsun. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, uğrunda vuruşmuşlar. Onlar qədim torpaqlarımız üçün canlarından keçib, şəhidlik zirvəsinə yüksəlmişlər. Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz gənclərimiz üçün örnəkdir. Hər bir Azərbaycan vətəndaşı qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu bilməlidir. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımız bizim qürurumuzdur.
Daha sonra Universitetin bir qrup tələbələri tərəfindən 20 Yanvar, Xocalı, Aprel şəhidləri, ümumillikdə Qarabağ uğrunda canlarını fəda edən şəhidlərimiz haqqında hazırlanmış səhnəciklər nümayiş etdirilmiş, şəhidlər haqqında şerlər, ağılar söylənilmiş, həmin anların ağrı-acısını zalda əyləşənlərə çatdırıb,bu tarixin heç vaxt unudulmaması üçün çağırışlar etmişlər. Tədbirə dəvət olunan müğənnilər həzin notlara toxunaraq öz musiqilərində "Şəhidlər ölməz, Vətən bölünməz" deyərək çağırışlar ediblər. 
Tədbirin sonunda səhnəciyin qurulmasında və tədbirin keçirilməsində iştirak edən bir qrup tələbələr “Bakı Avrasiya” Universitetinin rəhbərliyinin imzası ilə təsdiqlənmiş  təşəkkürnamə ilə təltif ediliblər.
Sonra bir qrup müəllim heyəti və tələbələr Şəhidlər Xiyabanını ziyarət ediblər.