Xəbərlər
Dərc edilib:08.11.2018 13:30
Baxışlar:19

Astarada Dünya şöhrətli idmançı Cəbrayıl Həsənov ilə şagirdlərin görüşü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə tədbirlər keçirildi

07 noyabr 2018-ci il tarixdə Astara rayon Suparibağ kənd tam orta məktəbində Astara rayon Gənclər və İdman İdarəsinin və Suparibağ kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Sərbəst güləş üzrə XXXI Yay Olimpiyadasının bürünc mükafatçısı, gənclər arasında Dünya çempionu, 3 qat Avropa çempionu, Dünya çempionatının 2 qat gümüş və 3 qat bürünc medalçısı, Avropa çempionatının 3 qat gümüş və 4 qat bürünc mükafatçısı, “Qızıl Qran Pri” Beynəlxalq turnirinin 5 qat qalibi, XXVII Ümumdünya Yay Unversiyadasının gümüş medalçısı, Beynəlxalq dərəcəli idman ustası, “Tərəqqi” medalına layiq görülmüş dünya şöhrətli astaralı idmançı Cəbrayıl Həsənov ilə  şagirdlərin və pedaqoji kollektivin görüşü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Astara rayon Suparibağ kənd tam orta məktəbin direktoru Nazənin Məmmədova açıq elan etmişdir. O, Cəbrayıl Həsənova və Rayon Gənclər və İdman İdarəsinə belə görüşün təşkilinə görə təşəkkürünü bildirmiş və bu görüşün şagirdlərin vətənpərvərlik tərbiyəsində müstəsna rolu olduğunu qeyd etmişdir.
Sonra  çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Cəbrayıl Həsənovun həyat və kariyerası  barədə tədbir iştirakçılarına geniş məlumat verdi. 
O qeyd etdi ki, Prezidentimiz cənab İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyevanın idmana və idmançılara göstərdikləri diqqət və qayğının nəticəsində bu gün idmançılarımız Dünya və Avropa yarışlarında yüksək nəticələr əldə edərək üç rəngli bayrağımızı qürürla dalğalandırırlar. Belə idmançlarımızdan biri də həmyerlimiz Cəbrayıl Həsənovdur. O, 24 fevral 1990-cı ildə Astara rayonunun Suparibağ kəndində dünyaya gəlib. 1997-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinifə qəbul olunub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2001-ci ildə Bakı şəhərindəki "Respublika Olimpiya İdman Liseyinin" 5-ci sinfinə qəbul olub. Burada Beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 2003-2008-ci illərdə yeniyetmələr və gənclər arasında Avropa və Dünya birinciliklərinin mükafatçısı, eyni zamanda qalibi olub. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2010-ci ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib
2015 Avropa Oyunları bitdikdən sonra, iyunun 29-u prezident cənab İlham Əliyev, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, 1299 nömrəli sərəncamına əsasən Cəbrayıl Həsənovu "Bakı-2015" Avropa Oyunlarında qazandığı bürünc medala görə "Tərəqqi" medalı ilə təltif etdi.
Cəbrayıl Həsənov XXXI Yay Olimpiya Oyunlarında (avqust 2016-cı il,  Braziliyanın Rio-de-Janeyro şəhəri) qazandığı yüksək nailiyyətinə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan Respublikası Prezidentinin" fəxri diplomuna layiq görüldü. O, həmçinin Gənclər və İdman Nazirliyinin hər ilin sonunda təqdim etdiyi "İlin ən yaxşıları" nominasiyasında fəxri diplomla təltif olundu. 
Bu yaxınlarda həmyerlimiz daha böyük bir nəticə əldə etmişdir. Belə ki, 18-25 oktyabr 2018-ci il tarixlərdə Macarıstanın Budapeş şəhərində keçirilən Dünya çempionatında gümüş medal qazanmışdır.
Sonra Beynəlxalq dərəcəli idman ustası, dəfələrlə Dünya və Avropa yarışlarının mükafatçısı Cəbrayıl Həsənov öz ürək sözlərini şagirdlər ilə bölüşmüş və onların suallarını cavablandırdıqdan sonra fasilə elan olunmuşdur.
Fasilədən sonra 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur” mövzusunda məktəbin direktoru Nazənin Məmmədova, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev və idmançımız Cəbrayıl Həsənov  tədbir iştirakçılarına üçrəngli bayrağımızın tarixindən, Ümummilli lider Heydər Əliyevin dövlət atributlarına sonsuz hörmət və ehtiramından, ölkə başçısı cənab İlham Əliyevin milli ideallara bağlılığından ətraflı məlumat vermiş və dövlət bayrağının mahiyyətinin, əhəmiyyətinin geniş təbliğ olunması sahəsində görülən işlərdən danışmışlar.
Qeyd olunmuşdur ki, ölkə rəhbərinin apardığı məqsədyönlü siyasəti ilə tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, milli dövlət bayrağımız ölkəmizin hər yerində olduğu kimi  Dağlıq Qarabağda da dalğalanacaq.
Yekunda xatirə şəkilləri çəkilmişdir.