Tarix: 04.06.2019 15:00
Mənbə:
Baxışlar: 235

Azərbaycanda III Robot Olimpiadası keçirilir

4 iyun,  2019-cu il tarixdə, saat 14.30-da Heydər Əliyev Mərkəzində “İNNOFEST” çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda III Robot Olimpiadası keçirilir.
          2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən Robot Olimpiadasında 8 ali və orta təhsil müəssisəsindən 22 komanda iştirak etmişdisə, 2018-ci ildə bu say 22 müəssisə 54 komandaya qədər yüksəlib. Cari, 2019-cu ildə baş tutan III Robot Olimpiadasında iştirak etmək üçün 30 müəssisədən 62 komanda qeydiyyatdan keçib. Bundan əlavə ilk dəfə olaraq olimpiadada Gəncə və Sumqayıt şəhərləri və Lənkəran rayonundan olan yeniyetmə və gənclər də iştirak edir.
     8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edən yarışlar 6 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar 8-10 noyabr 2019-cu il tarixlərdə Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaqdır. Xatırladaq ki, bu il üçün müəyyən olunmuş mövzu “Smart cities”dir (“Ağıllı şəhərlər”).
     Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak etsə də artıq bu say 70-i keçmişdir.
      Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilmişdir.