Tarix: 05.04.2019 19:00
Mənbə:
Baxışlar: 90

İntiqam Babayev: BMT modeli konfransı gənclərin qlobal müzakirələrdə iştirakı baxımından çox əhəmiyyətlidir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış müqaviləyə əsasən, gənclər 2014-cü ildən başlayaraq ölkəmizdə qlobal siyasi müzakirələrdə fəal iştirak edirlər. Bu sahəyə dəstək məqsədilə bir sıra layihələr icra olunur. Əsas istiqamətlərdən biri də BMT modeli adlanan konfransların təşkilidir.
Bunu aprelin 5-də Bakıda keçirilən üçüncü milli BMT modeli konfransında iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə müsahibəsində deyib.
Nazir müavini bildirib ki, əsas hədəf gənclərimizin fikir mübadiləsi aparmaları, debatlar həyata keçirmələri və müəyyən mövzularla bağlı mövqe nümayiş etdirmələrinə şəraitin yaradılmasıdır. Ölkəmizdə üçüncü dəfə keçirilən bu tədbir gənclərin inkişafı, qlobal müzakirələrdə iştirakı baxımından böyük önəm daşıyır. Bu hərəkatın genişlənməsi “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda da əksini tapıb. Gələcəkdə bu gənclər arasında peşəkar diplomatlar yetişəcəklər. İctimai və münasibətlər sistemində, digər tədbirlərdə Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması, bu və ya digər mövzularda fikir mübadiləsi aparmaq bacarığının inkişafı baxımından belə tədbirlər vacib rol oynayır.
Üçüncü Milli MUN konfransında 250 gəncin iştirak etdiyini İ.Babayev tədbirin keçiriləcəyi üç gün ərzində ekologiya, gender bərabərliyi və beynəlxalq münasibətlər mövzularında iclasların təşkil olunacağını bildirib. Qeyd edib ki, BMT modeli Azərbaycanda geniş vüsət alıb. Bir sıra ali təhsil ocaqlarında BMT modelinə əsaslanan klublar formalaşdırılıb. Bununla yanaşı, bölgələrdə də konfranslar keçirilir, yay düşərgələri təşkil olunur.