Tarix: 03.04.2019 17:35
Mənbə:
Baxışlar: 480

Avropa çempionatından qayıdan karateçilərimizlə görüş keçirilib

Bu gün Gənclər və İdman Nazirliyində İspaniyanın Qvadalaxara şəhərindəki Avropa çempionatından qayıdan Azərbaycan karateçiləri ilə görüş keçirilib.
Tədbirdə iştirak edən nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov karateçiləri təbrik edib.
O, yığma üzvlərinə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağı arzulayıb: "Builki Avropa çempionatında ilk "altılığ"a düşən idmançılar II Avropa Oyunlarına lisenziya xalları əldə edirlər. Karateçilərimizin uğurları bizi sevindirir. Hər kəs özünü Rafael Ağayevə oxşatmaq, onun nəticələrinə nail olmaq istəyir. Karate artıq Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. Əsas məqsəd olimpiadaya lisenziya qazanmaqdır".
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov Rafael Ağayev və İrina Zaretskanın olimpiadaya lisenziya qazanma şanslarının yüksək olduğunu bildirib: "Hər bir çempionat bizə olimpiadaya lisenziya xalı qazanmağa imkan verir. Ağayevin təkcə lisenziya yox, olimpiadada medal qazanacağına inanıram. O, əfsanəvi idmançıdır. Zaretskanın da lisenziya şanslarını yüksək qiymətləndirirəm. Gələn il Milli Gimnastika Arenasında lisenziya xarakterli Avropa çempionatı olacaq. Bütün dünyanın diqqəti Bakıya yönələcək. Yarışda 50 ölkə iştirak edəcək. Hələ vaxtımız var. Digər idmançılarımız da şanslara malikdir. Ümumilikdə, 4 lisenziya qazansaq, bizim üçün yaxşı göstərici olacaq".
Federasiya rəhbəri yığmanın kumite üzrə yeni baş məşqçisi Bahəddin Kandazın komandaya nə dərəcə faydalı olmasına da toxunub: "Kandaz İngiltərə və Azərbaycan yığması arasında seçim edərkən bizə üstünlük verib. O, təcrübəli mütəxəssisdir, bizə fayda verir. Yerli məşqçilər də zəif deyil. Rafael Ağayev özü də istəsə, məşq keçə bilər".
Bürünc medal əldə edən Asiman Qurbanlı da "Tokio 2020"yə lisenziya götürəcəyinə inandığını söyləyib: "84 kq-dan yuxarı çəkidə döyüşəndən bəri zədələndim, əməliyyat olundum. Bu məqam məni bir az geri saldı. Lakin son yarışlarda özümü toparladım. Avropa çempionatında qazandığım medal mənə stimul verir".
Gümüş medal əldə edən Rafael Ağayev istər lisenziya xarakterli, istərsə də digər yarışlara ciddi yanaşdığını söyləyib. O, ən yaxın hədəfinin 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında qızıı medal qazanmaqdan ibarət olduğunu söyləyib.
Qeyd edək ki, Avropa çempionatında Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıb. Roman Heydərov kata yarışında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Sahib Əhədov isə para-karate üzrə mübarizədə qalib olub.