Tarix: 07.03.2019 20:00
Mənbə:
Baxışlar: 291

III MilliMUN Konfransına ərizə qəbulu başlanıldı

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində 5-8 aprel 2019-cu il tarixlərdə III MilliMUN – BMT Modeli üzrə Milli Konfrans keçiriləcək. Konfransda aşağıdakı mövzular müzakirə olunacaq: 
• Təhlükəsizlik Şurası - Mərkəzi Afrika Respublikasındakı böhran
• BMT Qadınlar təşkilatı (UNWOMEN) - Qadınlar və kişilər arasında bərabər ödəniş
• Baş Assambleya - Rəqəmsal vətəndaşlığa keçidin perspektivləri
• BMT Ətraf Mühit Proqramı (UNEP) - Tekstil sənayesinin ətraf mühitə təsiri
Daha ətraflı məlumat əldə etmək və iştirak ərizəsini doldurmaq üçün bu keçiddən istifadə edilməsi rica olunur: http://mun.az/en/events/view/756
Müraciət üçün son tarix 18 mart 2019-cu ildir.
Konfransın işçi dili ingilis dilidir.

BMT Modeli Haqqında: BMT Modeli gənclərə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində gənclər təşkilatın gündəliyindəki cari məsələlər üzrə  müzakirələr aparır və seçilən mövzu üzrə mövcud problemləri həll etmək üçün tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır və qətnamə qəbul etməyə çalışırlar. Belə ki, BMT Modeli iştirakçılara öz şəxsi və iş bacarıqlarını artırmağa imkan verən bir vasitədir. BMT Modeli ilə məşğul olan zaman siz xarici dil, danışıq, təqdimat, əlaqə, rəsmi yazı və ünsiyyət bacarıqlarınızı inkişaf etdirir, Birləşmiş Millətlər Təşkilatına daxil olan qurumlar və ölkələr haqqında, həmçinin müzakirə edilən mövzular barədə olan biliklərinizi təkmilləşdirirsiniz.
BMT Modeli üzrə I Milli Konfrans 20-23 fevral 2016-cı il tarixlərdə, II MilliMUN isə 18-21 dekabr 2017-ci il tarixlərdə Bakıda keçirilmişdir.
BMT Modeli hərəkatının dəstəklənməsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına daxil edilmişdir.