Tarix: 05.07.2018 16:10
Mənbə:
Baxışlar: 302

Yeni Şahmat məktəbinin açılış mərasimi keçirildi

Bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ərazisində Şahmat Məktəbinin açılış mərasimi keçirildi. Tdbirdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Suraxanı icra hakimiyyətinin başçısı İlqar Abbasov, Şahmat federasiyasının vitse prezidenti Mahir Məmmədov və digər rəsmilər iştirak edirdilər. 
Şahmat məktəbi  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir.

2 mərtəbə və zirzəmi hissəsindən ibarət məktəbin tikilialtı sahəsi 333 m2, ümumi sahəsi isə 963 m2, həcmi 3724 m3  təşkil edir.

Şahmat Məktəbində şahmat tədrisi üçün sinif otaqları, yarışların keçirilməsi üçün yarış zalları,   müəllimlər otağı, kitabxana,  tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter otağı, həkim otağı, inzibati otaqlar, mətbəx, sanitar qovşaqlar vardır. Məktəbdə eyni zamanda 70-80 nəfərin tədrisi üçün bütün imkanlar yaradılmışdır.

Bina tədris və yarışlar üçün nəzərdə tutulmuş elektron lövhələr, müvafiq inventar, avadanlıq və ləvazimatlarla tam təchiz edilmişdir.

Eyni zamanda Şahmat Məktəbinin təminatı üçün ərazidə içməli və yanğına qarşı ehtiyat su anbarı, nasosxana inşa edilmişdir. Bina müasir ventilyasiya, kondisioner, işıqlandırma, istilik, yanğın xəbərverici siqnalizasiya sistemləri və su, kanalizasiya, elektrik, rabitə, internet xətləri ilə təchiz edilmişdir.