Tarix: 25.06.2018 15:00
Mənbə:
Baxışlar: 119

“Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib

   26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 25 iyun 2018-ci il tarixində Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. 
   Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov, Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı, Milli Məclisin deputatları Hadı Rəcəbli, Azay Quliyev və Şahin İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, BMT-nin agentlikləri, beynəlxalq və yerli humanitar təşkilatlar, digər qonaqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
    Keçirilən konfrans mahiyyət etibarı ilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ının müvafiq bəndinin icrasını təmin etməkdən ibarətdir.
    Bugünkü tədbirin keçirilməsinin əsas məqsədi BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü”, həmçinin “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında təşkil olunmuş ən yaxşı müəllif yazıları müsabiqəsinin qalibi olmuş jurnalistlərin mükafatlandırılması baş tutub.
    Dövlət Proqramının 4.1.16-cı bəndinin icrası ilə əlaqədar, 2017-ci ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qeyri-hökumət təşkilatını cəlb etməklə ESPAD tədqiqatı metodologiyasına əsasən yeniyetmə və gənclər arasında siqarət, alkoqol və narkotiklərin istifadəsi ilə bağlı epidemioloji vəziyyəti qiymətləndirmək və onun dinamikası üzərində müşahidələr aparmaq məqsədilə Bakı şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarını əhatə etməklə, 1000 nəfər yeniyetmə və gənc arasında sorğu həyata keçirilmişdir.
   Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyasını təşkil etməklə onlarla birgə antinarkotik təbliğata xüsusi önəm verərək bu sahədə geniş maarifləndirmə tədbirləri həyata keçirilir.
    Təhsil müəssisələrində təhsil işçiləri və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə təbliğat aparılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə Bakı Uşaq Teatrının hazırladığı, əsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” teatr tamaşası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət, Azərbaycan Tibb, Azərbaycan Dillər, Slavyan, Pedaqoji, İqtisad və Texniki Universitetlərində, o cümlədən Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əldə olunmuş razılığa əsasən 10-dan çox cəzaçəkmə müəssisəsində nümayiş olunmuşdur. Həmçinin, Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında “Tədbirlər Planı” təsdiq edilmiş və tərtib olunmuş qrafikə uyğun olaraq 2016-cı ildən başlayaraq cəzaçəkmə müəssisələrində təbliğat və maarifləndirmə xarakterli tədbirlər keçirilməkdədir.



İctimai maarifləndirmə istiqamətində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə        Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən cari il ərzində yeni forma və məzmunda hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 12 ədəd sosial lövhə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin metro stansiyalarında quraşdırılmış, həmçinin “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video çarx Bakı şəhərinin küçələrində yerləşən 19 elektron reklam tablosunda yayımı təmin edilmiş,  eyni zamanda adı çəkilən video çarx “CinemaPlus LLC” şirkətinə məxsus kinoteatrlarda (“28 Mall” və “Gənclik Mall” Ticarət və Əyləncə Mərkəzləri, “Amburan Mall”) nümayiş olunmaqdadır. 
 Bununla yanaşı 2016-cı ildən etibarən narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildiriş və əlaqə vasitələri ölkə üzrə fəaliyyət göstərən mobil operatorları tərəfindən 6 milyondan çox mobil abunəçiyə SMS şəklində göndərilir.
    Narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış və məhkəmə hökmü ilə müsadirə edilmiş müxtəlif narkotik vasitələrin məhv etmə prosesi Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə hər il həyata keçirilir. Cari ilin 16 may tarixində 388 məhkəmə hökmü ilə müsadirə olunmuş 892 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 6453 ədəd çətənə bitkisi (məhv olunan narkotik vasitələrin qara bazarda ümumi dəyəri 16 milyon manata yaxındır) Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.
   Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən adı çəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla və davamlı olaraq reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaqdır.

 

*****


Gənclər və idman naziri Azad Rəhimovun çıxışı
Hörmətli Əli müəllim!
Hörmətli tədbir iştirakçıları!

İlk əvvəl 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar keçirilən konfransda hamınızı salamlayıram. Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Təəssüf ki, bu problem ölkəmizdən də yan keçməmişdir. 

Sağlam həyat tərzinin təbliği, gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən birindir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən üç “Azərbaycan gəncliyi”  Dövlət Proqramı, eyni zamanda “Azərbaycan gənclərinin İnkişaf Strategiyası” imzalanmışdır. Qeyd olunan sənədlərdə gənclərin sağlamlığının qorunması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoyulmuşdur.  

Gənclər və İdman Nazirliyi tərəfindən narkomaniyaya qarşı mübarizə çərçivəsində və sağlam həyat tərzinin təbliği sahəsində ardıcıl tədbirlər həyata keçirilir.   

Sağlam həyat tərzinin gənclər arasında təbliğini yeni və daha təsirli metodlar vasitəsilə həyata keçirmək məqsədilə ilk dəfə 2012-ci ildə səhnələşdirilmiş “Həyatla oyun” adlı tamaşanın keçən müddət ərzində respublikanın rayon və şəhərlərində, ali və orta ixtisas məktəblərində, cəzaçəkmə müəssisələrində nümayişi təşkil edilmişdir. Respublikanın rayonlarında “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında mədəni kütləvi aksiyalar, “Fiziki Aktivlik Festivalları”, “Sağlam həyat” yaradıcılıq sərgisi layihəsi, videoçarxlar müsabiqəsi, mövzu üzrə seminar müşavirələr, Olimpiya İdman Komplekslərində “Gənclərin Sağlamlıq Festivalı”, konfranslar və s. təşkil edilərək keçirilmişdir.  Müvafiq maarifləndirici çap məhsulları hazırlanaraq gənclər arasında paylanmışdır.

Bununla yanaşı həm Nazirliyin yerli idarələri və gənclərin qeyri-hökumət təşkilatları tərəfindən də sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlər mütəmadi olaraq həyata keçirilir. 

Bir sıra tədbirlər  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisssiyasının İşçi qrupu ilə sıx əməkdaşlıq şəkilində həyata keçirilmişdir. 

Hörmətli konfrans iştirakçıları!

Təcrübə göstərir ki, narkomaniyanın qarşısının alınmasında gənclərin asudə vaxtının səmərəli təşkili, onların kütləvi surətdə idmana cəlb edilməsi olduqca vacibdir. Buna görə də Respublikamızın şəhər və rayonlarda gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların hər tərəfli inkişafı məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən "Gənclər  evi" sosial xidmət müəssisələri yaradılır. Hazırda ölkədə 41 Gənclər Evi/Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, sağlam gənc nəslin yetişdirilməsi, idmanın kütləviliyinin təmin edilməsi  üçün ölkədə 40-dan çox Olimpiya kompleksləri inşa edilmişdir. Bütün bunlar gənclərin layiqli və sağlam vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyət  kəsb edir.

Bu gün əminliklə demək olar ki, narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyət davam etdirilməli və daha da genişləndirilməlidir. Gənclər və İdman Nazirliyi bu istiqamətdə məqsədyönlü fəaliyyətini bundan sonra davam etdirəcəkdir.

Fürsətdən istifadə edərək qarşıda gələn Azərbaycan ordusunun 100-cü ildönümü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm.
  Diqqətinizə görə təşəkkür edirəm!