Tarix: 29.03.2018 17:00
Mənbə:
Baxışlar: 237

Yığma komandalarla görüş keçirilib

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərdən qayıdan Azərbaycanın stolüstü tennis və üzgücülük üzrə yığma komandaları ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Tədbirdə nazir müavini İsmayıl İsmayılov, Stolüstü Tennis Federasiyasının vitse-prezidentləri Fazil Məmmədov və Səbuhi Mehdizadə,  Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənəniyarlı, məşqçilər, idmançılar və digər şəxslər iştirak ediblər.

İ.İsmayılov Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanan idmançılara təşəkkür edib. O, bildirib ki, Azərbaycan dövləti idmançılara böyük etimad göstərir: “Dünyada ən böyük idman tədbiri olimpiadadır. Gənclər həm də əsas Yay Olimpiya Oyunlarında iştirak edə biləcək iştirakçılardır. Yeniyetmələrin ilk olimpiadasına 12 lisenziya qazanılmışdı. İkinci olimpiadada isə bu say 22-yə çatmışdı. Yeniyetmələrin  Olimpiya Oyunların lisenziya qazanmaq çox çətindir. Hər birininizi təbrik edirəm. İdmançılara da təşəkkür edirəm ki, bu lisenziyaları qazandılar. Tennis və üzgüçülükdə lisenziya qazanmaq çox çətindir. Bəzən güclü idmançılar olimpiadada yaxşı çıxış etmir və ya əksinə olur. Bu rəqabətdə idmançılarımıza uğur qazanmağı arzu edirəm. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi idmançılarımıza stimul verməlidir. Azərbaycan idman ölkəsidir. Olimpiya Oyunlarında medal qazanmış idmançıların çoxu regionlardadır. Bu isə o deməkdir ki, regionda da idmanımız yaxşı inkişaf edir”.