Tarix: 20.02.2018 18:05
Mənbə:
Baxışlar: 757

Gənclər və idman nazirliyində qalib idmançılarla görüş keçirildi

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə klublararası Avropa çempionatında və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate 1 Premyer Liqa turnirində uğurla çıxış etmiş idmançılarla görüş keçirilib.  Gənclər və İdman Nazirliyində təşkil edilən görüşdə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, idmançılar və jurnalistlər iştirak ediblər.
F.Mansurov idmançılarımızın qazandıqları nəticələri yüksək qiymətləndirib: “Karate 1 Premyer Liqa turniri önəmli yarışdır və bu qələbələr böyük nailiyyətlərdir. Bu uğurlar bir daha göstərdi ki, Azərbaycan doğru yoldadır. İndiki turnirlər gələcək yarışlar üçün tramplindir. Taekvondoçularımızın Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daha çox lisenziya qacancaqlarına ümid edirəm. Hər iki federasiyanın nümayəndələrinə yeni uğurlar diləyirəm”.
O, Fərid Əsgərovla MirHəsən Seyidovu AMKF-də yeni vəzifələrə təyin olunmaları münasibəti ilə təbrik edib. Şöbə müdiri 5 qat dünya və 12 qat Avropa çempionu Rafael Ağayevin qarşıdakı olimpiadada çempion olmasını arzulayıb.
Daha sonra çıxış edən Y.Bəşirov Yay Olimpiya Oyunlarında Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklərinə əminliyini vurğulayıb: “Dünyada yeganə 5 qat dünya, 12 qat Avropa çempionu bizdədir. Rafael Ağayev ölkəmizi yüksək səviyyədə təmsil etdi. Bizi qarşıda Avropa və dünya çempionatı gözləyir. Yenə qızıl medal qazanacağımıza əminəm. Ölkə rəhbərliyi idmana qayğı ilə yanaşır, biz isə bunu doğrultmaq istəyirik”.
Karate üzrə kişilərdən ibarət yığma komandanın baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edə Şahin Xudaverdiyev isə çox çətin rəqiblərə qarşı çıxış etdiklərini, idmançıların etimadı doğrultduqlarını bildirib.
Yarışda bürünc medal qazanmış Nuranə Əliyeva (50 kq) olimpiya mükafatçısı olmaq istədiyini qeyd edib: “Finala çıxa bilmədim. Qarışdakı yarışlarda özümü daha yaxşı tərəfdən göstərməyə çalışacağam”.

Dünya və Avropa çempionu Rafael Ağayev qarşıdan gələn Yay Olimpiya Oyunlarında qızıl medal qazanmağı hədəflədiyini deyib. O, ötən ay Paris Premyer Liqasında ikinci yeri tutmasına da münasibət bildirib: “Yaponiyalı idmançı gənc və güclüdür. Sona qədər üstün durumda idim. Finalda son saniyədə rəqibə xal verdim. Mən özümün həm də məşqçisiyəm. Səhv özümdə oldu”.

Taekvondo üzrə Azərbaycan millisinin məşqçi heyəti də yarışın önəmindən danışıb. Z.Məmmədov Yeniyetmələrin Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanacaqlarına inandığını söyləyib.

Qeyd edək ki, Türkiyədə gənclərdən ibarət Azərbaycan yığmasının 17 taekvondoçusu mübarizə aparıb. Onlardan 11 nəfəri fəxri kürsüyə yüksəlməyi bacarıb. Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) qızıl, Xanoğlan Kərimov (48 kg), Ayaz Qənbərli (51 kq), Ofeliya Allahverdiyeva (42 kq) gümüş, Fatimə Həsənova (33 kq), Nihad Abbasov (45 kq), Bəhruz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) isə bürünc medal qazanıblar.

Karate 1 Premyer Liqa turnirində isə Rafael Ağayev (75 kq) qızıl, Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) isə bürünc medal əldə ediblər.