İdman tədbirləri

2015-2018-ci illərdə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı Dövlət Proqramının müzakirəsi
30 oktyabr, 2014 16:23

2015-2018-ci illərdə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı Dövlət  Proqramına təkliflər üçün bura daxil olun

 

Layihə

 

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il “__” ______l tarixli ____ nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

2015-2018-ci illərdə Azərbaycan Respublikasında

bədən tərbiyəsi və idmanın inkişafı

Dövlət Proqramı

  1. Giriş

 

Azərbaycan Respublikasında həyata keçirilən uğurlu, məqsədyönlü və davamlı sosial siyasət bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynamışdır.Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, effektiv idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı istiqamətində dövlət  tərəfindən həyata keçirilmiş islahatlar Azərbaycan idmanının beynəlxalq miqyasda uğurları üçün yol açmışdır.

Bunun nəticəsi olaraq Azərbaycan Respublikası bir şox mötəbər beynəlxalq yarışları uğurla təşkil etmiş və gələcəkdə də bu cür tədbirlərin həyata keçirilməsi üçün yüksək etimad qazanmışdır.

İdmana dövlət qayğısı idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nəticələrə də müsbət təsir göstərmişdir. Təkcə onu qeyd etmək kifayət edər ki, istər böyüklərin Olimpiya Oyunlarında, istərsə də yeniyetmələrin Olimpiya Oyunlarında hər dəfə idmançılarımızın qazandıqları medalların sayı əvvəlkindən çoxdur.

Azərbaycan Respublikasının idman sahəsində uğurlarına verilən ən yüksək qiymət isə I Avropa Oyunlarının Bakıda keçirilməsidir.

İdmanın surətli inkişafı, eyni zamanda, müasir idman infrastrukturunun yaradılması ilə də müşahidə olunur. Paytaxtla yanaşı, bölgələrdə də Olimpiya mərkəzləri, ayrı-ayrı idman növləri ilə məşğul olmaq üçün bina və tikililər ücaldılır. Bu isə idmanla yanaşı, bədən tərbiyəsinin də inkişafı üçün etibarlı zəmin yaradır.

 

Bununla yanaşı, Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafının daha da surətləndirilməsi bu sahədə ardıcıl tədbirlərin davam etdirilməsini zəruri edir.

Azərbaycan Respublikasında keçiriləcək beynəlxalq yarışlar üçün mövcud infrastukturu daha da təkmilləşdirmək, idmanın və bədən tərbiyəsinin normativ hüquqi bazasını müasir tələblər səviyyəsinə çatdırmaq, bədən tərbiyəsinin daha da kütləviləşdirilməsini təmin etmək, bu sahədə həyata keçiriləcək təşkilatı, maliyyə və hüquqi tədbirləri qabaqcıl standartlara uyğun təşkil etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli  800 nömrəli  Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “2015-2018-ci illərdə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı  Dövlət Proqramı”nın hazırlanaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

  1. Dövlət Proqramının əsas məqsədi

Dövlət Proqramının əsas məqsədi əhalinin sağlamlığının möhkəmləndirilməsinin təmin edilməsi,  onların mütəmadi olaraq bədən tərbiyəsi və idman tədbirlərinə cəlb edilməsi, habelə beynəlxalq yarışlarda Azərbaycan Respublikasını layiqincə təmsil edəcək idmançıların hazırlanması üçün zəruri olan hüquqi, iqtisadi, təşkilatı və inzıbati mühiti formalaşdırmaqdan ibarətdir.

 

                      III.     Dövlət Proqramının əsas  vəzifələri

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  • əhalinin bədən tərbiyəsi və idmanla məşqul olmasına dair marağının artırılması;
  • əhalinin, xüsusən uşaq, yeniyetmə və gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi;
  • şagird və tələbələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi və onların müntəzəm idman məşğələlərinə cəlb olunması;
  • hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının fiziki hazırlıq göstəricilərinin yüksəldilməsi, hərbiçi idmançıların idman ustalığı səviyyələrinin artırılması;
  • sağlamlıq imkanları məhdud olan insanlar və əlillər arasında bədən tərbiyəsi və idmanın inkişafının surətləndirilməsinin təmin edilməsi;
  • perspektivli və yüksək səviyyəli idmançıların hazırlanması prosesinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi;
  • milli yığma komandaların və namizəd idmançıların XXXI Yay Olimpiya Oyunlarına, I Avropa Oyunlarına, Dünya, Avropa çempionatlarına və digər rəsmi beynəlxalq yarışlara hazırlıqlarının və uğurlu çıxışlarının təmin edilməsi;
  • bədən tərviyəsi və idman sahəsi üzrə kadr hazırlığı və ixtisasartırma sistemlərinin təkmilləşdirilməsi;
  • elmi-metodiki təminat işlərinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi;
  • ayrı-ayrı idman növləri üzrə Milli yığma komandaların hazırlıq proqramlarının elmi əsaslar bazasında işlənib hazırlanması və idmançıların hazırlıq proseslərinin müasir elmi texnologiyadan istifadə olunmaqla hayata keçirilməsinin təmin edilməsi məqsədilə - Elmi Kompleks Qruplarının (EKQ) yaradılması;
  • bədən tərbiyəsi və idmanın təbliği işlərinin daha da genişləndirilməsi;
  • bədən tərbiyəsi və idmanın maddi texniki bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
  • bədən tərbiyəsi və idmanla məşğul olanlara tibbi nəzarət və xidmətin təmin edilməsi;
  • bədən tərbiyəsi və idman sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, mövqelərinin möhkəmləndirilməsi və yüksəldilməsi.

 

IV.   Dövlət Proqramının əsas istiqamətləri

Dövlət Proqramı üzrə tədbirlər aşağıdakı əsas istiqamətləri əhatə edir:

4.1. Kütləvi bədən tərbiyəsi,  sağlamlıq və idman işlərinin təşkili, ehtiyat idman qüvvəsinin və yüksək səviyyəli idmançıların hazırlanması

 

         Bu bölmədə göstərilən istiqamət üzrə aşağıdakı tədbirlər icra edilməlidir:

4.1.1.Normativ hüquqi və təşkilatı təminat

Normativ hüquqi təminat bədən tərbiyəsi və idmanın inkişafı sahəsində dövlət siyasətinin istiqamətində normativ hüquqi bazanın müasir tələblərə uyğun formalaşdırılmasını nəzərdə tutur. Təşkilatı tədbirlər bədən tərbiyəsi və idmanın idarə etmə sisteminin effektiv qurulmasını, habelə maddi-texniki bazanın və bu sahədə fəaliyyət göstərən şəxslərin maliyyə vəziyyətinin yaxşılaşdırılmasını ehtiva edir.

4.1.2.Bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsi

Ölkədə kütləvi bədən tərbiyəsi tədbirləri və idmanın, o cümlədən  beynəlxalq yarışların səviyyəsini keyfiyyət və kəmiyyətcə artırılmalıdır. Bu zaman,əhalinin bütün təbəqələri nəzərə alınmalıdır. Bu istiqamət üzrə həyata keçirilməli olan əsas tədbirlər ölkənin bütün bölgələrini əhatə etməldir.

4.1.3. Ehtiyat idman qüvvəsinin hazırlanması

Ehtiyat idman qüvvəsinin hazırlanması, ilk növbədə,idman məktəbləri şəbəkəsinin genişləndirilməsi, o cümlədən onların ölkənin bölgələrini əhatə etməsini zəruri edir.Digər bir vacib məsələ perspektivli yeniyetmə və gənc idmançıların hazırlıq səviyyələrini yüksəltməkdən, bununla bağlı həmin idmançıların, habelə onların məşqçilərinin təminatını yaxşılaşdırmaqdan ibarətdir.Eyni zamanda, bu istiqamət üzrə işlərin effektiv icrası seleksioner faəliyyətinin də həyata keçirilməsini vacib edir.

 

4.1.4.İdman ustalığının yüksəldilməsi

Bu istiqamət üzrə fəaliyyət ölkəni təmsil edən idmançıların idman ustalığı səviyyəsinin yüksəldirlməsini nəzərdə tutur. Bunun  üçün müasir tələblərə uyğun olaraq infrastruktur təşkil edilməli, elmi-tədqiqat fəaliyyəti lazımi səviyyədə təşkil olunmalı, peşəkar və təcrübəli mütəxəssislər cəlb olunmalıdır.

4.1.5. Yaşayış, iş və istirahət yerlərində bədən tərbiyəsi və idman tədbirlərinin təşkili və stimullaşdırılması

Yaşayış, iş və istirahət yerlərində bədən tərbiyəsi və idman işinin təşkili məqsədilə həmin yerlər zəruri avadanlıqla təmin olunmalıdırlar. Eyni zamanda, yaşayış, iş və istirahət yerləri zəruri mütəxəssis personalı ilə də formalaşdırılmalıdır. Bununla yanaşı, əhalinin bədən tərbiyəsi və idman tədbirlərinə (məşğələlərinə) cəlb olunmasını stimullaşdırmaq üçün müvafiq təşviqat və təbliğat işləri görülməlidir. Bu istiqamət üzrə görülən işlər zamanı əsas diqqət insanların sağlamlığının möhkəmləndirilməsinə, onların iş qabiliyyətinin bərpası və yüksəldilməsinə, yorğunluğun aradan qaldırılmasına, xoşagəlməz amil və vərdişlərin təsirinin profilaktikası, peşə xəstəliklərinin səviyyəsinin aşağı salınmasıa,peşə və məişət zədələnmə hallarının azaldılmasına yönəldilməlidir.

4.1.6. İdman sahəsində beynəlxalq fəaliyyətin genişlənməsi

İdman sahəsində beynəlxalq əlaqələrin daha geniş formada inkişaf etdirilməsi, ilk növbədə, ölkə daxilində beynəlxalq yarışların keçirilməsini, habelə Azərbaycan idmançılarının xaricdə keçirilən beynəlxalq yarışlarda iştirakını nəzərdə tutur. Beynəlxalq fəaliyyətin digər bir istiqaməti idmanla bağlı tədbirlərin (konfrans, simpozium, seminar və s.) Azərbaycanda təşkilindən ibarətdir.

4.1.7. Kadr hazırlığı və ixtisasartırma

Kadr hazırlığı və ixtisasartırmanın əsas məqsədi respublikada bədən tərbiyəsi və idman sahəsində mütəxəssis hazırlığı və ixtisasartırmanın səmərəli sisteminin yaradılmasından ibarətdir. Müvafiq kadr hazırlığı və ixtisasartırma sistemi yaradılarkən qabaqcıl beynəlxalq təcrübədən bəhrələnməli, yerli xüsusiyyətlər nəzərə alınmalıdır. Eyni zamanda, müvafiq sahədə zəngin təcrübəsi olan ölkələrlə təcrübə mübadiləsinin aparılması da effektiv kadr hazırlığı və ixtisasartırma sisteminin təşkili üçün yardımçı ola bilər. Bununla yanaşı, hüquq –mühafizə orqanlarının və güc strukturlarının (Müdafiə Nazirliyi və s.)  xüsusiyyəti nəzərə alınmaqla, bu qurumlar üçün fiziki hazırlıq və idman üzrə kadrların hazırlanması ilə bağlı da tədbirlər həyata keçirilməlidir.

4.1.8. Elmi-metodiki təminat

Bədən tərbiyəsi və idmanın elmi-metodiki təminatının məqsədi bədən tərbiyəsi və idmanın inkişafının elmi-metodiki əsaslar üzərində qurulmasını təmin etməkdən ibarətdir. Bununla əlaqədar, bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən tədbirlərin elmin nailiyyətləri ilə uzlaşdırılması, bu sahədə elmi tədqiqatların həyata keçirilməsi və metodiki tədbirlərin həyata keçirilməsi zəruridir.

4.1.9. İnformasiya təminatı

Bədən tərbiyəsi və idman sahəsində tələb olunan məlumatların vaxtında, lazımi həcmdə əldə olunmasını, ictimaiyyətə və müvafiq ünvanlara ötürülməsi ilə bağlı tədbirlər görülməlidir. İnformasiya təminatının əsas məqsədi təbliğat və təşviqat işlərinin düzgün qurulması, idman aləmində baş verən hadisələrlə ictimaiyyəti vaxtında tanış etməkdən ibarətdir. Bunun üçün kütləvi informasiya vasitələrinin gücündən geniş istifadə edilməli, informasiya-kommunikasiya sahəsindəki nailiyyətlər geniş tətbiq olunmalıdır. Eyni zamanda, bu istiqamətdə aparılacaq işlərin tərkib hissəsi olaraq bədən tərbiyəsi və idman mövzusunda yeni musiqi və təsviri sənət əsərlərinin yaradılması, sənədli və cizgi filmlərinin istehsal olunması stimullaşdırılmalıdır.

 

 

4.1.10. Tibbi təminat

Bədən tərbiyəsi və idmanla məşğul olanların tibbi nəzarət və xidmət ilə təmin edilməsinin əsas məqsədi bədən tərbiyəsi və idmanla məşğul olanlara tibbi xidmət və həkim nəzarəti sisteminin təkmilləşdirilməsindən ibarətdir. Bunun üçün xüsusi kadrların hazırlanması və ixtisasının artırılmasına diqqət yetirilməlıidir. Eyni zamanda, ixtisaslaşdırılmış tibbi müəssisələr şəbəkəsinin yaradılması ilə bağlı işlər görülməlidir.

4.1.11. Maddi – texniki təminat

Bədən tərbiyəsi və idmanın maddi-texniki təminatı aşağıdakı sahələri əhatə etməlidir:

  • ölkənin bütün bölgələrini əhatə edən idman və bədən tərbiyəsi infrastrukturu şəbəkəsinin(idman qurğuları və bazaları, sadə idman meydançaları və s.)yaradılması və müasirləşdirilməsi;
  • müvafiq infrastrukturun müasir avadanlıq və cihazlarla təminatı;
  • bədən tərbiyəsi və idman sahəsindəki mütəxəssislərin işlə təminatı, onlar üçün lazımi iş şəraitinin yaradılması;
  • idman sənayesinin inkişafı.

 

4.2.Təhsil müəssisələrində bədən tərbiyəsi və idman

Bu istiqamət  məktəbəqədər yaşlı uşaqların, şagird və tələbələrin fiziki tərbiyəsi sisteminin inkişafını təmin edən tədbirlər kompleksinin işlənib hazırlanmasını ehtiva edir. Bu tədbirlər təhsil prosesi ilə uzlaşdırılmalı, qeyd edilən təbəqəyə aid şəxlərin sağlam yetişməsinə yönəldilməlidir.

 

4.3.Hərbi qulluqçuların və hüquq – mühafizə orqanları əməkdaşlarının fiziki hazırlığı və idman ustalığı

Azərbaycan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçularının və hüquq – mühafizə orqanları əməkdaşlarının fiziki hazırlığının inkişafı və hərbiçi idmançıların idman ustalıqları səviyyəsinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər aşağıdakı prinsiplər üzərində qurulmalıdır:

  • bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən tədbirlər hərbi xidmətin aparılması və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə uzlaşdırılmalı;
  • hərbçi idmançıların idman ustalığının artırılması müasir tələblərə uyğun qurulmalı;
  • hərbçilərin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının bədən tərbiyəsi və idmanla məşqul olması faizi artırılmalıdır.

 

4.4. Sağlamlıq imkanları məhdud olan insanlar və əlillər arasında bədən tərbiyəsi və idman

Əsas məqsəd sağlamlıq imkanları məhdud olan insanlar və əlillərin sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafı, fiziki hazırlığının təkmilləşdirilməsi, reabilitasiyası, bədən tərbiyəsi və idman  vasitəsilə sosial adaptasiyası və həyata inteqrasiya olmaları üzrə müasir səviyyəli yeni sistemin işlənib hazırlanmasıdır.

 

 

                 V.     Dövlət Proqramının həyata keçirilməsinin

                                       maliyyə təminatı

       Dövlət    Proqramında  nəzərdə   tutulan  tədbirlər   müvafiq  illər   üzrə

Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş  vəsait

dairəsində və qanunvericiliyə  zidd olmayan digər xarici və daxili mənbələr

hesabına maliyyələşdiriləcəkdir.

printerçap versiyası

Baxılıb: 2865

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1247

Partnyorlar