İdman tədbirləri

Bakıda futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
23 sentyabr, 2012 14:53

Sentyabrın 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012"nin təntənəli açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak etmişlər.
Əvvəlcə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının - FİFA-nın prezidenti Yozef Blatter ilə görüşdülər.
Çempionatın açılış mərasimində dünya şöhrətli "Cirque du Soleil" sirki xüsusi olaraq bu mundial üçün hazırladığı proqramla çıxış etdi.
Akrobatlar, rəqqaslar və bu şouda iştirak edən yerli könüllülər öz çıxışlarında Azərbaycanın qədim ənənələrinə uyğun olaraq onun idman, futbol və həmçinin mədəni komponentlərini nümayiş etdirdilər. Bu şou xüsusi olaraq onun üçün bəstələnmiş və məhz "Cirque du Soleil" tamaşalarına xarakterik olan musiqinin müşayiəti altında keçdi.
Sonra dünya şöhrətli müğənni Cenifer Lopezin möhtəşəm ifası azarkeşlərin bayram əhval-ruhiyyəsini daha da artırdı.
Daha sonra Azərbaycanın və Kolumbiyanın 17 yaşadək qadınlardan ibarət milli komandaları yaşıl meydana daxil oldular.
Azərbaycan Prezidenti İlham Əliyev və FİFA-nın prezidenti Yozef Blatter komandaların oyunçularını, hakimləri təbrik edərək onlara uğurlar arzuladılar.
Kolumbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra komandaların oyunu başladı.
Beləliklə, Azərbaycan daha bir dünya səviyyəli idman yarışına ev sahibliyi edir. Beynəlxalq yarışları keçirməkdə böyük təcrübəsi olan ölkəmizin tarixində ilk dəfə 17 yaşadək qadınlar arasında dünya çempionatı baş tutur. Bu dünya çempionatı üçüncü dəfədir ki, keçirilir. Azərbaycan bu çempionata FİFA İcraiyyə Komitəsinin 2010-cu il 19 mart tarixli qərarına əsasən ev sahibliyi edir. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiridir və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatıdır. Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycanın milli komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Azərbaycan ilk dəfə FİFA U-17 qadınlararası dünya çempionatına öz milli yığması ilə qatılır. Millimiz "A" qrupunda Kolumbiya, Kanada və Nigeriya yığmaları ilə yarışacaqdır.
Azərbaycanın ev sahibliyi etdiyi dünya çempionatının oyunları paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində də keçiriləcəkdir. Çempionat üçün altı stadion ayrılmışdır. Bunlardan beşi Bakıda, biri isə Lənkəranda yerləşir.
Qeyd edək ki, FİFA U-17 qadınlararası dünya çempionatı ilk dəfə 2008-ci ildə Yeni Zelandiyada keçirilmişdir. Bu çempionatın qalibi Koreya Xalq Demokratik Respublikasının yığması olmuşdur. İkinci dəfə isə çempionat 2010-cu ildə Trinidad və Tobaqoda təşkil edilmiş və kuboku Koreya Respublikasının futbolçuları qazanmışlar.

printerçap versiyası

Baxılıb: 1659

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1247

Partnyorlar