İdman tədbirləri

Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir
16 avqust, 2012 17:00

Avqustun 16-da Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Yenidənqurma işləri stadionun divarlarında da aparılmış, zədələnmiş hissələr bərpa olunmuşdur. Mövcud 29 min 870 oturacağı olan tribunanın bir hissəsi sökülmüş və yerində yeni tribuna inşa edilmişdir. Nəticədə oturacaqların sayı 31 min 200-ə çatdırılmışdır. Stadionun ön giriş hissəsində bilet satışı binası inşa edilmişdir. Burada eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılmışdır. Stadionun ön fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılmışdır. Giriş hissədəki bağda da yenidənqurma işləri aparılmışdır.
Bildirildi ki, stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulmuşdur. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilmiş, drenaj və xüsusi isitmə sistemləri quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, meydançanın ətrafındakı qaçış zolağı da yenidən qurulmuş, xüsusi örtüklə üzlənmişdir. Stadionun işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülmüş, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Prezident İlham Əliyev yeni inşa edilmiş tribunada görülən işlərlə tanış oldu. Bildirildi ki, tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılmışdır. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulmuşdur. Burada quraşdırılmış işıqlandırma dirəklərinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilmişdir.
Qeyd edildi ki, stadionda tribunaların üstünün bağlanması üçün xüsusi fəza konstruksiyası quraşdırılmış və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülmüşdür. Burada, həmçinin qonaqlara yüksək səviyyədə xidmət göstərmək üçün 205 nəfərlik restoran yaradılmışdır. Tribunada hər biri 10 nəfərlik 16 "baxış otağı" da inşa edilmişdir.
Prezident İlham Əliyev stadionda görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

printerçap versiyası

Baxılıb: 1395

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1282

Partnyorlar