İdman tədbirləri

İlham Əliyev Qəbələ Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir
21 noyabr, 2011 10:07

Prezident İlham Əliyev Qəbələ Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinin diqqətinə çatdırdı ki, şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılmışdır. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılmışdır. Yüksək səviyyədə aparılmış tikinti işləri bu ilin oktyabrında başa çatdırılmışdır. İkimərtəbəli kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılmışdır. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur.

Prezident İlham Əliyev voleybol zalında məşq prosesini izlədikdən sonra idman qurğularının eskiz layihələri ilə tanış oldu.

Qeyd edildi ki, kompleksdə mini kafe də fəaliyyət göstərəcəkdir. Burada idmançıların asudə vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, əsas binanın tikinti sahəsi 9 min kvadratmetrdir. Kompleksin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostendlər quraşdırılmışdır.

Dövlət başçısı idman zalı ilə tanış oldu. İdmanın mini futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 720 oturacaq quraşdırılmışdır. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılmışdır. Zallar müasir avadanlıq ilə təchiz olunmuşdur.

Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxdı. Hovuzda xüsusi nəmalma qurğusu quraşdırılmışdır. Buradakı yarışları 80 nəfər izləyə biləcəkdir.

Açıq havada yaradılan idman qurğuları ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, buradakı süni örtüklü açıq stadion 1540 tamaşaçı tutumuna malikdir. Bundan başqa, burada mini futbol, tennis kortu, basketbol və voleybol meydançaları vardır.

Prezident İlham Əliyev stadionda gənc futbolçuların məşq prosesini izlədi. Azərbaycan Prezidenti gənc futbolçularla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirdi, onlara uğurlar arzuladı.

Bildirildi ki, kompleksdə hər cür şəraiti olan üç kottec də inşa olunmuşdur. Burada həm idmançılar, həm də qonaqlar istirahət edə biləcəklər.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, Qəbələ Olimpiya İdman Kompleksinin ərazisində 10 min kvadratmetrlik sahədə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Fərdi qazanxanası, transformator yarımstansiyası, su anbarı, artezian quyuları olan idman qurğusunda mühafizə və yanğınsöndürmə sistemləri quraşdırılmışdır. Bu müasir olimpiya kompleksi rayonda idmanın geniş yayılmasına və daha da inkişafına hərtərəfli təkan verəcəkdir.

Qəbələ Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

 

printerçap versiyası

Baxılıb: 1397

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1282

Partnyorlar