İdman tədbirləri

Bakıda boks üzrə XVI dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
25 sentyabr, 2011 12:25

Prezident İlham Əliyev mərasimdə iştirak edib
Sentyabrın 25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycan Respublikasının dövlət bayrağı, Beynəlxalq Boks Assosiasiyasının və çempionatın bayraqları, eləcə də iştirakçı ölkələrin adları yazılan xüsusi lövhələr Heydər Əliyev adına İdman-Konsert Kompleksinin zalına gətirildi.
Paytaxt Bakı daha bir mötəbər idman tədbirinə ev sahibliyi edir. Sentyabrın 26-dan oktyabrın 8-dək davam edəcək boks üzrə dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparacaqdır. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir. Bakı çempionatında, həmçinin Azərbaycanın paytaxtına gəlmiş dünyanın ən güclü boksçuları 2012-ci il London Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar. Dünya birinciliyində dörddəbir finala çıxan boksçular Olimpiya lisenziyaları əldə edəcəklər. Azərbaycan Respublikası gənclər və idman naziri Azad RƏHİMOV mərasimdə çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar, əziz idmançılar!
Sizin hamınızı bu möhtəşəm Heydər Əliyev adına sarayda salamlayır və boks üzrə XVI dünya çempionatının təntənəli açılışı münasibətilə təbrik edirəm. Bu gün Azərbaycanın idman tarixində ən əlamətdar günlərdən biridir. Fərəhli haldır ki, beynəlxalq yarışların respublikamızda keçirilməsi son illər ənənə halını almışdır. Bu unudulmaz idman tədbirləri həm də mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Xalqlar arasında sülh, əməkdaşlıq rəmzi olan idman bəşəriyyəti yüksək ideallar ətrafında daha sıx birləşdirməyə qadirdir. Sözsüz ki, ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən diqqət və qayğı idmanın bütün növləri kimi, boksun da inkişafında özünü göstərir.
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin başladığı məqsədyönlü idman siyasəti bu gün dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə olimpiya hərəkatı ildən-ilə geniş vüsət alır. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında idmançılarımızın parlaq qələbələri buna əyani sübutdur. Dövlətimizin başçısının idman sahəsinə göstərdiyi böyük qayğı idmançılarımızın da yarışlara daha inamla, əzmlə qatılmasına böyük təkan verir.
Hazırda Azərbaycanda idmanın boks növünə diqqət və maraq artmışdır. Federasiyanın səmərəli fəaliyyəti, yaradıcılıq axtarışları nəticəsində boks özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bildiyiniz kimi, respublikamız mötəbər tədbirləri keçirmək təcrübəsinə malikdir.
Bu gün boks üzrə XVI dünya çempionatına Bakı ev sahibliyi edir. Bu çempionatda yüzdən artıq ölkənin idmançılarının medallar və London Olimpiya Oyunlarının lisenziyası uğrunda mübarizə aparması yarışın maraqlı, gərgin keçəcəyini təsdiq edir. İnanırıq ki, boks üzrə XVI dünya çempionatının bütün iştirakçıları öz ölkələrinin idman şöhrətini daha da yüksəklərə qaldıracaqlar. Qoy güclülər qalib gəlsin! Diqqətinizə görə sağ olun. 

X X X

Sonra Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo VU çıxış edərək dedi:
- Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev!
Hörmətli Azərbaycan Boks Federasiyasının prezidenti cənab Heydərov!
Hörmətli qonaqlar, boksçular, məşqçilər, rəsmilər, boks üzrə XVI dünya çempionatının qonaqları!
Bakı olduqca mühüm bir şəhərdir. Bakıda – Azərbaycanın paytaxtında bir çox beynəlxalq idman turnirləri keçirilmişdir. Bunların sırasında biz gənclər arasında dünya çempionatını xüsusi xatırlatmaq istəyirik. Bu gün isə Bakıda boks üzrə dünya çempionatı keçirilir. Əslində bu, bizim idman sahəsində apardığımız işin çox mühüm bir hissəsidir. Çünki bu, ixtisaslaşmış idman turniri olacaq. Bu, 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına açılan bir yoldur.
2006-cı ildən etibarən bizim Beynəlxalq Boks Assosiasiyası (AİBA) çərçivəsində bir çox islahatlar həyata keçirilmiş, təşkilati dəyişikliklər aparılmışdır. Bizim üçün ən yüksək tutduğumuz amallar – təmiz iş, dəqiqlik, şəffaflıq kimi amallardır. Bütün bunlar keçirdiyimiz idman yarışlarının əsasını təşkil edir. Bu işi biz yeganə bir məqsədlə apardıq ki, dünyanın bütün yerlərindən olan boksçuların mənafeyi qorunsun və ədalətli idman oynanılsın.
Fürsətdən istifadə edib, Beynəlxalq Boks Assosiasiyası adından Azərbaycan Prezidenti cənab Əliyevə boksun, həmçinin idmanın bir çox növlərinin inkişafına verdiyi dəyərli dəstəyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun, cənab Prezident!
Hörmətli cənab Prezident, Sizi əmin edirəm ki, boks üzrə bu dünya çempionatı AİBA-nın qaydalarına, yüksək tutduğu amallara uyğun keçiriləcəkdir. AİBA əlindən gələni edəcək ki, bizim formalaşan prinsiplərimiz əsasında yüksək səviyyədə keçiriləcək bu idman turniri lazımi səviyyədə baş tutsun. Mən tam əminəm ki, keçirilən bu beynəlxalq turnirin səviyyəsindən boks həvəskarları da razı qalacaq, onlar bundan çox məmnun olacaqlar. Bütün tamaşaçılara tam zəmanət verə bilərəm ki, rinqdə ən dəyərli, ən yaxşı nəticələri ilə seçilən boksçu qələbə çalacaqdır. Bütün boksçulara uğurlar, xoşbəxtlik arzulayıram. Sonda icazə verin sizə deyim: “Sağ ol, Azərbaycan! Sağ ol, Bakı!”

X X X

Daha sonra Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin HEYDƏROV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli qonaqlar, əziz boksçular, xanımlar və cənablar!
İcazə verin boks üzrə 2011-ci il dünya çempionatı münasibətilə Bakı şəhərinə təşrif buyurmuş bütün qonaqları səmimi qəlbdən salamlayaraq hər birinizə “Xoş gəlmisiniz!” deyim.
İdmanın insanın fiziki və mənəvi tərbiyəsində oynadığı müstəsna rolu nəzərə alan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sosial-iqtisadi həyatın bütün sahələri kimi, idmanın inkişafını da daim diqqətdə saxlamış, gənclərin sağlamlığına, fiziki hazırlığına xüsusi qayğı ilə yanaşmışdır. Ulu öndərin bu mütərəqqi münasibətini böyük əzmkarlıqla davam etdirən Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin idmanın inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz beynəlxalq idman mərkəzlərindən birinə çevrilmişdir.
Azərbaycanda gənclərin sevimli idman növlərindən biri də Olimpiya idman növü olan boksdur. Azərbaycan boksunun zəngin tarixi ənənələri, beynəlxalq səviyyədə ciddi uğurları vardır. Məhz bu ənənələrə yiyələnən, uğurlardan ruhlanan boksçularımız beynəlxalq yarışlarda və turnirlərdə müvəffəqiyyətlə çıxış edir, Vətənimizin idman şərəfini uca tuturlar. Dövlət qayğısı sayəsində boksçularımız üçün müasir standartlara cavab verən təlim-məşq qurğularının tikilib istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli beynəlxalq yarışların və turnirlərin keçirilməsi, boksçularımızın dünya arenasında qazandıqları qələbələr idmanın bu növünün də ölkəmizdə uğurlu inkişafından xəbər verir. Azərbaycan boksunun inkişafı naminə göstərdiyi xüsusi diqqət və qayğıya görə bütün boksçular adından möhtərəm Prezident cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.
Bu günlərdə Bakı AİBA-nın bayrağı altında ən möhtəşəm yarışlardan birinə ev sahibliyi edəcəkdir. Bu yarışlarda dünyanın 113 ölkəsindən 570 boksçu iştirak edəcəkdir. Boks üzrə dünya çempionatı ən ali idman yarışlarından biri hesab olunur və təbii ki, bu yarışda uğur qazanmaq hər bir boksçunun arzusudur. Yarışın London-2012 Olimpiya Oyunlarına lisenziya xarakterli olması isə yarışa marağı daha da artırır.
Fürsətdən istifadə edərək belə bir əhəmiyyətli yarışın təşkilatçılığını bizə etibar etdiyinə görə Beynəlxalq Boks Assosiasiyasının rəhbərliyinə, şəxsən doktor Çinq-Kuo Vuya dərin təşəkkürümü bildirirəm. Həmçinin bu gün burada iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinə Bakıya təşrif buyurduqları və yarışlara qatıldıqları üçün minnətdarlığımı bildirirəm. Bir daha bütün qonaqları Odlar yurdu Azərbaycanda salamlayır, məşqçilərə və boksçulara qələbə sevinci, azarkeşlərə isə unudulmaz yarış günləri arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
İndi isə boks üzrə XVI dünya çempionatını açıq elan edirəm!

X X X

Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra çempionatın hakimləri and içdilər.
Boks üzrə XVI dünya çempionatının təntənəli açılış mərasimi bədii hissə ilə başa çatdı.

AzərTAc
 

printerçap versiyası

Baxılıb: 1311

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar