İdman sənədləri

İdman Məktəblərinin II Respublika Oyunlarının yekunları haqqında ARAYIŞ-HESABAT
22 yanvar, 2010 11:46

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli 103 nömrəli “2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, eləcə də tabeçiliyindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən idman məktəblərinin işini daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman, Təhsil Nazirlikləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2009-cu il ərzində ölkəmizdə “İdman Məktəblərinin II Respublika Oyunlarının keçirilməsi haqqında” birgə əmr imzalamışdılar. Bu Oyunların proqramına 11 idman növü, o cümlədən atletika, ağır atletika, cüdo, boks, basketbol, voleybol, həndbol, stolüstü tennis, futbol, sərbəst və yunan-roma güləşi daxil edilmişdir.
“İdman Məktəblərinin II Respublika Oyunları” respublikamızda idman növlərinin inkişaf etdirilməsi, idman məktəblərinin işinə baxış, tədris qruplarının yaş dərəcələrinə uyğun komplektləşməsi, idman məktəblərinin əsasnaməsinə uyğun olaraq tədris qruplarının doldurulması, təlim-məşq prosesinin tədris proqramına uyğun aparılması, yeniyetmə idmançıların fiziki, taktiki hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi, idman məktəblərində inkişaf etdirilən idman növlərinin real vəziyyəti və onların gələcək təbliği və təşviqinin zəruriliyi, idman məktəbləri şəbəkəsinin təkmilləşdirilməsi, yeniyetmələrin idman ustalıqlarının yüksəldilməsi, yeniyetmələrin idman ustalıqlarının yüksəldilməsinə xidmət edəcək yarışların keçirilmə sisteminin formalaşdırılması, idman növləri üzrə yığma komandalara namizədlərin hazırlanması, idman məktəblərinin tabeçiliyində olduqları təşkilatlar tərəfindən yarışlara ezam olunma sisteminin təkmilləşdirilməsi, yeniyetmə idmançıların tibbi müayinəsinin aparılmasının bu günkü vəziyyəti, tikilib istifadəyə verilmiş Olimpiya İdman Komplekslərindən və idman bazalarından səmərəli istifadə edilməsi, idman məktəblərinin aparat işçilərinin və məşqçi-müəllim heyətinin əldə etdikləri idman nailiyyətlərinə uyğun mükafatlandırılması məqsədlərini qarşıya bir vəzifə kimi qoymuşdur.
Şübhəsiz ki, İdman Məktəblərinin II Respublika Oyunlarının təşkili və keçirilməsi ehtiyyat qüvvənin hazırlanmasına, idman məktəblərində təlim-tədris işinin günün tələblərinə uyğun qurulmasına, idman növlərinin inkişaf etdirilməsinə bilavasitə təkan vermişdir.
Oyunların keçirilməsi zamanı sərbəst və yunan-roma güləşi, atletika, ağır atletika, cüdo, stolüstü tennis, voleybol, basketbol, boks, həndbol idman növləri üzrə baş məşqçilər tərəfindən yığma komandalara namizədlərə baxış aparılmışdır. Bu proses idmançılarda böyük ruh yüksəkliyi və onların idman ustalıqlarının artırılmasına stimul yaratmış, yığma komanda məşqçiləri üçün isə onlarla gələcək iş üslublarının qurulması istiqamətinə aydınlıq gətirmişdir.
İdman növləri üzrə respublika yarışlarının keçirilmə sistemi təhlil olunaraq müəyyən olunmuşdur ki, həm fərdi, həm də komanda idman növləri üzrə yarışlar 15-16 yaşlılar arasında keçirilirdi. Yarışların bu sistem üzrə keçirilməsi idman məktəblərində yeniyetmə idmançıların ustalıqlarının artırılmasına, idman növləri üzrə yığma komandalara namizədlərin müəyyən olunmasında əngəllər törədirdi. Məsələn, Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən 2006-cı ildən yaş dərəcələri üzrə yığma komandalar aşağıdakı kimi komplektləşdirilir:
Məktəbli oğlanlar 14-15 yaş (13 yaşlılar tibbi arayışa və valideyn icazəsinə əsasən)
Kadetlər 16-17 yaş (15 yaşlılar tibbi arayışa və valideyn icazəsinə əsasən)
Gənclər 18-20 yaş (17 yaşlılar tibbi arayışa və valideyn icazəsinə əsasən)
Böyüklər 20 yaş və yuxarı
Buna baxmayaraq, 2006-cı ilə qədər sərbəst və yunan-roma güləşi üzrə respublika yarışları yalnız 15-16 və yuxarı yaşlılar arasında keçirilirdi. Əgər nəzərə alsaq ki, idman məktəblərinin əsasnaməsinə görə güləş növlərinə uşaqlar 10 yaşından (bəzi şəhər və rayonlarda məşqçilər tərəfindən 8-9 yaşından) cəlb olunurdusa, onlar nəzəri biliklər alıb yalnız 5-6 ildən sonra respublika yarışlarında iştrakla yarış təcrübəsi qazanmağa başlayırdılar. Bu sistem üzrə keçirilən yarışlar müəyyən təzadlarla müşaiyyət olunurdu - idmançıların idman məktəbinin tərk etməsi, nəticə etibarilə perspektivli idmançıların sayının azaldılmasına və idmançıların respublika yarışlarında iştirakını təmin etmək üçün məşqçilər tərəfindən onların yaşının süni şəkildə azaltmasına gətirib çıxarırdı. Yığma komanda üçün namizədlərin qıtlığı gənclər arasında xaricdən dəvət olunmuş idmançıların gəlişinə şərait yaradırdı.
Azərbaycan idmanı tarixində ilk dəfə olaraq beynəlxalq iş təcrübəsinə və idman məktəblərinin tədris proqramlarına istinad edərək 11-12 yaşlı idmançılar arasında yaş dərəcələri üzrə yarışların keçirilmə sistemi tamamlanmışdır.
Belə ki, əvvəlki Oyunlardan fərqli olaraq 2007-2008-ci illərdə yarışlar 13-14 yaşlı yeniyetmələri əhatə edirdisə, 2009-cu ildən artıq Oyunlarda 11-12 yaşlı idmançılar öz qüvvəsini sınayıblar. Bunun nəticəsində yeniyetmə idmançıların qitə miqyaslı yarışlara hazırlıq dövrü 4-5 illik müddətə uzadılır, yığma komandalar üçün seçim aparılır, yeniyetmələrin yarış təcrübəsi ən azı 4-5 dəfə artır. Bu sistem üzrə yarışların keçirilməsi idman məktəblərində idman növləri üzrə məşğələlərə cəlb olunanların və respublika yarışlarında iştirak edənlərin sayının 4-5 dəfə artmasına səbəb olmuşdur. Bu yaş dərəcəsində yarışların yalnız zona və final mərhələlərində 3580 yeniyetmə iştirak etmişdir.
Qeyd edək ki, 2009-cu ilin sərbəst və yunan-roma güləşi üzrə respublika yarışlarının təhlili göstərdi ki, yeniyetmə və gənclər arasında hər çəki dərəcəsində iştirakçıların sayı xeyli artmışdır. Güləş növlərində kütləviliyinin artması yeniyetmələr arasında rəğabətin yüksəldilməsinə səbəb olmuşdur və Azərbaycan Güləş Federasiyası bu inkişafı görərək ilk dəfə olaraq 14-16 yaşlı güləşçilərdən ibarət yığma komanda yaratmış və məşqçi heyəti təyin etmişdir.
İdman məktəblərinin qarşısında duran əsas vəzifələrdən biri də bədən tərbiyəsi və idman vasitəsi ilə yeniyetmə və gənclərin sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsidir. Bu məsələlərin idman məktəblərində mövcud vəziyyətini öyrənmək üçün İdman Məktəblərinin II Respublika Oyunlarının əsasnaməsinə uyğun olaraq yarış iştirakçılarının sağlamlığı və qan analizi haqqında arayışlar toplanmışdır. Qan analizinə görə hemoqlobinin, eritrositlərin, leykositlərin miqdarı və eritrositlərin çökmə surəti müəyyənləşdirilmişdir. Təəssüf ki, bir sıra idman məktəblərinin direktor və məşqçi-müəllimləri bu mühüm məsələyə qeyri-ciddi yanaşaraq saxta nəticələr göstərilmiş qan analizləri haqqında arayışlar təqdim etmişdirlər. Belə ki, Bakı şəhəri Tibbi-Bədən Tərbiyəsi Dispanserinin həkimi Zöhrə Eyvazova və baş laborant Arzu Nəbiyeva tərəfindən Şəmkir rayonunda keçirilən cüdo üzrə zona yarışlarında iştirakçıların qan analizinin təkrar laborator müayinəsi müəyyən etmişdir ki, yarış ərəfəsində təqdim olunmuş həmin idmançıların hemoqlobin göstəriciləri real göstəricilərdən xeyli fərqlənmişdir. Təqdim olunan sənədlərin dürüstlüyünü yerlərdə yoxlamaq üçün şöbə əməkdaşları respublikanın şəhər və rayonlarına ezam olunmuşdur. Belə ki, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər filialının cüdo üzrə idmançılarının qan analizlərinin arayışlarının tərtibatı şübhə doğurmuş və yerlərdə baxış zamanı müəyyən olunmuşdur ki, həmin idmançıların arayşları Gəncə şəhər Tibbi-Bədən Tərbiyəsi Dispanseri tərəfindən deyil, Abbas Səhhət adına xəstəxananın həkim-kardioloqu tərəfindən tərtib olunmuş və imzalanmışdır. Yarışların təşkilatçıları tərəfindən sonradan “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər filialının rəhbərlərindən düzgün laborator analizləri tələb olunmuş və yalnız təkrarən düzgün laborator analizləri təqdim olunduqdan sonra idmançılar yarışa buraxılmışdır. Yarış iştirakçıların sağlamlıq və qan analizlərinin təhlili yerlərdə tibbi müayinə işinin qeyri-qənaətbəxş olduğunu göstərmişdir. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Bədən Tərbiyəsi və İdman Dispanserlərinin maddi-texniki bazasının aşağı səviyyədə olduğu üçün laborator müayinələrin aparılması mümkün olmamışdır.
Məşqçi-müəllimlər və idman məktəblərinin direktorları arasında sağlamlıq və qan analizlərinin vacibliyi haqqında izahat işi aparılmışdır. Ümumiyyətlə, Oyunların əsasnaməsində qabarıq şəkildə qeyd olunmasına baxmayaraq, müvafiq sənədlərin Nazirliyə təqdim olunması yerli Gənclər və İdman İdarələri və idman məktəblərinin rəhbərləri tərəfindən bu işə nəzarət olduqca zəif həyata keçirilmişdir.
Yeniyetmə idmançıların uçotunun aparılması məqsədilə ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi tərəfindən Oyunların hər bir iştirakçısına idmançı haqqında məlumatlar (idmançının şəkili, soyadı, adı, atasının adı, idman növü, doğulduğu tarix, təmsil etdiyi idman cəmiyyəti, vəsiqənin verilmə tarixi) əks olunmuş və nömrələnmiş vəsiqə verilmişdir. Vəsiqədə göstərilən məlumatlar həmçinin Nazirliyin elektron bazasına da daxil edilir. Xüsusi proqram üzrə hazırlanmış elektron bazada həmçinin idmançının təmsil etdiyi idman təşkilatı, şəxsi məşqçisi, aldığı zədələr, dopinq nəzarəti, tibbi müayinəsi, yarışlarda əldə etdiyi nəticələr öz əksini tapmışdır. Bu proqrama əsasən sonrakı illərdə məşqçi-müəllimlər əldə etdiyi idman göstəricilərinə uyğun ixtisas kateqoriyasının verilməsi məsələsində, idmançının təmsil etdiyi ilk təşkilatın müəyyənləşdirilməsində və digər məsələlərin tənzimlənməsində səmərəli istifadə olunacaqdır.
İdman məktəblərinin işində özünü qabarıq göstərən problemlərdən biri də idmançıların təvəllüdünün saxtalaşdırılmasıdır. Yaş dərəcələrinin saxtalaşdırılması gənc idmançıların psixoloji durumuna mənfi təsir göstərən əsas amillərdən biridir. Həmin vəsiqə idmançının sonrakı illərdə idman növü üzrə keçiriləcək yarışlarda iştirakı üçün idmançı şəxsiyyətini təsdiq edən vahid sənəd kimi qəbul olunacaq. Bu isə öz növbəsində idmançıların təvəllüdünün saxtalaşdırılmasının, onların digər idman təşkilatları tərəfindən süni şəkildə cəlb olunmasının qarşısının alınması üçün görülən əməli tədbirlərdən biridir. Ötən dövr ərzində 3580 idmançıya vəsiqə təqdim olunmuşdur. Bu iş növbəti illərdə də davam etdiriləcəkdir.
İdman Məktəblərinin II Respublika Oyunlarının əsasnaməsində yarış və yarışdan sonrakı dövrdə idmançılar haqqında məlumatların dolğunluğunun yoxlanılması işi qeyd olunmuşdur. Bu məqsədlə şöbə əməkdaşları Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Masallı, Cəlilabad, Salyan, Şirvan, Kürdəmir, Göyçay, Yevlax, Şəmkir, Qax, Zaqatala, Biləsuvar və digər şəhər və rayonlarda idmançıların idman məktəblərinə mənsubiyyəti, onların məktəbdaxili sənədlərdə öz əksinin tapması, məktəbdaxili və zona yarışlarında iştirakı üçün məktəbin yığma komandasının təşkili, yarışlarda iştirak etməmiş komandaların səbəbləri araşdırılmışdır. Bu işlər tabeçiliyindən asılı olmayaraq qeyd olunan şəhər və rayonların bütün idman məktəblərində həyata keçirilmişdir. İdman məktəblərinin fəaliyyətinə baxış zamanı obyektiv və subyektiv səbəblərdən neqativ hallar müəyyən olunmuşdur. Məsələn, idman növləri üzrə yarışlarda iştirak edən idmançıların həmin məktəbdə mütəmadi məşğul olmalarına baxmayaraq, məktəbin müvafiq sənədlərində bu idmançıların adları göstərilməmişdir. Digər hal - idman məktəbləri tərəfindən yarışlarda iştirak etmək üçün digər idman təşkilatlarından idmançılar idman məktəbinin komandasını gücləndirmək üçün cəlb olunmuşdur. İdman Məktəblərinin II Respublika Oyunlarının təhlili göstərdi ki, 3-idman №-li forma statistik hesabatlarda təqdim olunmuş göstəricilərə əsasən tabeçiliyindən asılı olmayaraq voleybol idman növünün 61 idman məktəbində inkişaf etdirildiyi halda onlardan 25-i, basketbol 24 idman məktəbində inkişaf etdirildiyi halda onlardan 6-sı, yunan-roma güləşi 42 idman məktəbində inkişaf etdirildiyi halda onlardan 5-i, sərbəst güləş 79 idman məktəbində inkişaf etdirildiyi halda onlardan 15-i, boks 40 idman məktəbində inkişaf etdirildiyi halda onlardan 2-si , cüdo 37 idman məktəbində inkişaf etdirildiyi halda onlardan 3-ü, stolüstü tennis 28 idman məktəbində inkişaf etdirildiyi halda onlardan 8-zi, atletika 24 idman məktəbində inkişaf etdirildiyi halda onlardan 9-zu yarışlarda iştirak etməyib (cədvəl №-1).
Bu hallar voleybol idman növündə Kürdəmir UGİM, Göygöl UGİM, boks idman növündə Biləsuvar UGİM, sərbəst güləş idman növündə Gəncə şəhər 2 saylı UGİM, “Təhsil” RİM Lənkəran şəhər filialı, Salyan UGİM, Yevlax UGİM, yunan-roma güləşi üzrə Göyçay UGİM, Goranboy UGİM, ağır atletika- Cəlilabad “Məhsul”-UGİM, futbol-Salyan UGİM, Bakı şəhəri 13 saylı İOEUGİM və s.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tikilib istifadəyə verilmiş Olimpiya İdman Komplekslərində bədən tərbiyəsi və idman işini daha da canlandırılması haqqında tövsiyyəsini rəhbər tutaraq, Oyunların proqramına daxil olan idman növləri üzrə zona və final yarışlarının keçirilməsində müasir tələblərə cavab verən bu idman qurğularından səmərəli istifadə olunmuşdur.
Məsələn, zona yarışlarında: Gəncə, Şəmkir, Kürdəmir, Biləsuvar, Quba, Masallı, Qazax Olimpiya İdman Kompleksləri.
Final yarışlarında: Biləsuvar, Quba, Gəncə, Salyan, Qusar Olimpiya İdman Kompleksləri. Yarışların keçirilməsi üçün və Komplekslərin saxlanılması üçün müvafiq məbləğdə Gənclər və İdman Nazirliyi tərəfindən icarə haqqı ödənilmişdir.
Yarışlarda qalib və mükafatçılar isə aşağıda göstərildiyi kimi müəyyənləşmişdir:
26-30 aprel 2009-cu il tarixlərdə Qusar Olimpiya İdman Kompleksində Oyunlarının proqramına daxil olan basketbol üzrə 1997-1998-ci təvəllüdlü idmançılar arasında final yarışları keçirilmişdir. Yarışların final mərhələsinə 6 komanda vəsiqə qazanmışdır. Yarışlarda I yerə Bakının 17 saylı UGİM (Sabunçu rayonu) layiq görülmüşdür. Fəxri kürsünün II və III yerləri müvafiq olaraq “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər filialının komandası və paytaxtın 19 saylı UGİM (Qaradağ rayonu) tutmuşdur.
01-02 may 2009-cu il tarixdə Gəncə şəhərində sərbəst güləş üzrə 1997-1998-ci il təvəllüdlü idmançılar arasında final yarışları keçirilmişdir. Sərbəst güləş idman növü üzrə ümumi komanda hesabında I-III yerlərə aşağıdakı komandalar layiq görülmüşdülər:
I yer - 6 saylı Uşaq-Gənclər Güləş İdman Məktəbi
II yer – Masallı rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq- Gənclər İdman Məktəbi
III yer- Cəlilabad rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq- Gənclər İdman Məktəbi.
04-05 may 2009-cu il tarixdə Gəncə şəhərində yunan-roma güləşi üzrə 1997-1998-ci il təvəllüdlü idmançılar arasında final yarışları keçirilmişdir. Yarışlara qatılmış komandalar arasında ümumi komanda hesabında I-III yerlərə aşağıda göstərilənlər layiq görülmüşdülər:
I yer -“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər filialı
II yer – Zəngilan rayon Təhsil şöbəsi nəzdində fəaliyyət göstərən Uşaq- Gənclər İdman Məktəbi
III yer- Mingəçevir şəhər Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbi
16-18 may 2009-cu il tarixdə Lənkəran şəhərində 1996-1997-ci il təvəllüdlü idmançılar arasında ağır atletika üzrə yarışlar keçirilmişdir. Yarışlarda iştirak etmiş 18 komanda arasında ümumi komanda hesabında I-III yerlərə aşağıda göstərilən komandalar layiq görülmüşdülər:
I yer –Lənkəran şəhər Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq- Gənclər İdman Məktəbi
II yer – “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər filialı
III yer- “Təhsil” RİM-nin 1 saylı RİOEUGİM
26-31 may 2009-cu il tarixdə Mingəçevir şəhərində 1997-1998-ci il təvəllüdlü idmançılar arasında futbol üzrə yarışların final mərhələsi keçirilmişdir. Yarışlarda 6 zona mərhəsindən şeçilmiş komandalar mübarizəni davam etdirmişdir. Keçirilmiş yarışların nəticəsi kimi I - III yerlərə Mingəçevir şəhər Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq - Gənclər İdman Məktəbi, Bakı şəhəri 13 saylı İOEUGİM və Masallı rayon Təhsil şöbəsi nəzdində fəaliyyət göstərən UGİM çıxmışdılar.
16-20 avqust 2009-cu il tarixdə Gəncə şəhərində 1997-1998-ci il təvəllüdlü oğlanlar arasında voleybol üzrə yarışlar keçirilmişdir. Yarışlarda finala vəsiqə qazanmış komandalar iştirak etmişdir. Gərgin idman mübarəsi şəraitində keçən yarışların qalib və mükafatçıları aşagıdakı kimi müəyyənləşmişdir:
I yer - Masallı rayon Təhsil şöbəsi nəzdində fəaliyyət göstərən UGİM,
II yer - “Təhsil” Respublika İdman Mərkəzinin Şirvan şəhər filialı,
III yer- Ağsu rayon Təhsil şöbəsi nəzdində fəaliyyət göstərən UGİM.
26-30 sentyabr 2009-cu il tarixdə Quba Olimpiya İdman Kompleksində 1997-1998-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə yarışlar keçirilmişdir. I yerə müvafiq olaraq Bakı şəhəri 12 saylı İOEUGİM-nin komandası, II yerə “Təhsil” RİM-nin 2 saylı RİOEUGİM komandası, III yerə Bakı şəhəri 13 saylı İOEUGİM-nin komandası çıxmışdır.
02-03 oktyabr 2009-cu il tarixdə Mingəçevir şəhərində 1996-1997-ci il təvəllüdlü oğlanlar və qızlar arasında atletika idman növü üzrə yarışlar keçirilmişdir. Yarışlarda I yerə Bakı şəhəri 5 saylı İOEUGAM, II yerə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi nəzdində fəaliyyət göstərən İOEUGİM, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər filialının komandaları çıxmışdır.
28 sentyabr - 03 oktyabr 2009-cu il tarixlərdə Biləsuvar Olimpiya İdman Kompleksində 1997-1998-ci il təvəllüdlü oğlanlar və qızlar arasında stolüstü tennis idman növü üzrə yarışlar keçirlmişdir. İlk üçlüyə aşağıdakı komandalar daxil olmağa müvəffəq olmuşdular:
Bakı şəhəri 19 saylı UGİM
Bakı şəhəri 7 saylı İOEUGTM
“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər filialı
“İdman Məktəblərinin II Respublika Oyunları” ölkəmizdə bədən tərbiyəsi və idmana, xüsusən də uşaq idmanına böyük marağa səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Oyunların proqramına daxil olan cüdo üzrə yarışlara 530 nəfərdən artıq idmançının qatılacağı gözlənildiyindən Oyunların baş hakimlər kollegiyası tədbirin daha səmərəli və keyfiyyətli keçirilməsi məqsədi ilə yarışların zona və final mərhələlərinə bölünməsi qərarını vermişdir. Final mərhələsinə vəsiqə qazanmış idman məktəbləri arasında I yerə Bakı şəhəri 13 saylı İOEUGİM, II yerə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər filialı, III yerə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi nəzdində fəaliyyət göstərən İOEUGİM.
25-29 noyabr 2009-cu il tarixlərdə Salyan Olimpiya İdman Kompleksində 1996-1997-ci il təvəllüdlü oğlanlar arasında boks idman növü üzrə yarışlar keçirlmişdir. I -III yerlərə Lənkəran şəhər Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən UGİM, Neftçala rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən UGİM və “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər filialının komandaları çıxmışdır.
İdman Məktəblərinin II Respublika Oyunlarının proqramına daxil olan idman növləri üzrə yarışlar kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
İdman Məktəblərinin II Respublika Oyunlarının idman növləri üzə I-III yerləri tutmuş idman məktəblərinin yetirmələrinin qazandığı medallar və idman növləri üzrə komanda hesabında I-III yerləri tutmuş idman məktəbləri haqqında məlumat əlavə olunur (cədvəll №-2 və №-3)
Bir sıra rayon idman məktəblərinin yetirmələrinin final yarışlarında daha yüksək nəticələr göstərib şəhər idmançılarına qalib gələrək qalib və mükafatçılar sırasına çıxa bilməsi fərəhləndirici haldır. Bu da öz növbəsində gələcəkdə idman növləri üzrə yığma komandaların heyətində rayon idmançılarının üstünlük təşkil edəcəyinə dəlalət edir.
İdman Məktəblərinin II Respublika Oyunlarının yekunlarını təhlil edərək İdman şöbəsi aşağıdakı təklifləri irəli sürür:
1.İdman Məktəblərinin II Respublika Oyunlarının idman növləri üzrə Baş Hakimlər Kollegiyasının hesabatları təsdiq olunsun.
2. Baş Hakimlər Kollegiyasının hesabatlarına və Oyunların əsasnaməsinə uyğun olaraq mükafatçıların təltif olunması “5 mart-Bədən Tərbiyəsi və İdman günü”ndə həyata keçirilsin.
3.İdman Məktəblərinin II Respublika Oyunlarında ilk dəfə tətbiq olunan idmançılara vəsiqələrin verilməsi aşağı yaş dərəcələri üzrə keçiriləcək bütün respublika yarışlarında tətbiq olunsun.
4.Arayışda qeyd olunmuş idman məktəblərinin ayrı-ayrı idman növləri üzrə yarışlarda iştirak etməməsi səbəblərini müəyyən etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qarşısında vəsadət qaldırılsın.
5.Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Bədən Tərbiyəsi və İdman Dispanserlərinin işinin yaxşılaşdırılması məqsədilə onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər aparılsın.
6. İdman Məktəblərinin II Respublika Oyunlarının yeniyetmə idmançıların hazırlığında, yarışların keçirilmə sisteminin təkmilləşdirilməsində mühüm rol oynadığını nəzərə alaraq bu Oyunların hər il keçirilməsi qərara alınsın.
7. Şəhər və rayon Gənclər və İdman (Baş) İdarələri respublika yarışlarında iştirak üçün təqdim olunmuş sənədlərin dolğunluğunu təmin etmək üçün müvafiq tapşırıqlar verilsin.
 

printerçap versiyası

Baxılıb: 3619

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1283

Partnyorlar